Deputat Vahid Əhmədova bağlı cərəyan edən hadisələr məsələnin ciddiliyindən xəbər verir. Bu məsələ ilə bağlı müzakirələrə hətta parlamentin iclasında geniş yer verilməsi, suyu belə üfürə-üfürə içən millət vəkillərinin hücum cinahında yer almaları Vahid Əhmədovun Mehman Hüseynovun “Sancaq”ına möhkəm keçdiyinə dəlalət edir.
Vahid Əhmədov hər zaman səmimiyyətdən daha çox, publikaya işləməyi sevən deputat olub. Mən onu bu kontekstdə Türkiyədəki iş adamı Mübariz Mənsimova, həmkarı Qənirə Paşayevaya bənzədirəm. Onların iştirakı ilə baş verən proseslərdə, hansısa mövzu ətrafında geniş reklam olsa da, heç vaxt ortada ciddi və əməli iş olmur. Məqsəd reklam dividentini götürmək olur ki, bundan da yararlanan yalnız həmin şəxslərin özləri olur. Bənzər perfomanslara onların ifasında çox şahidlik etmişik.
75 yaşlı Vahid Əhmədov müstəqillikdən bu yana olan bütün hakimiyyətlərin dönəmlərində vitrində qalmağı bacarması onun manevrik və elastik siyasətçi bacarığından xəbər verir. Bir jurnalist kimi mən Vahid Əhmədovu bir neçə dəfə əsaslı şəkildə tənqid etmişəm. Hər zaman da, üzərimə olan troll basqısı ilə üzləşmişəm.
Bu gün fürsətçil kimi davranmaq istəmirəm. Bu, mənim xarakterimə yad olan məsələdir. Amma qəribədir ki, bugünkü basqıların fonunda onun hətta radikal müxalifətdən belə olan alovlu müdafiəçiləri gözə dəymir. Vahid Əhmədovun verdiyi 25 dəqiqəlik müsahibəni iki dəfə izlədim. Deputat mövcud siyasi konyuktura ilə qəti uzlaşmayan və özü üçün çox təhlükəli olan fikirlər işlədir. İnsafən deməliyəm ki, Vahid Əhmədovun dediklərinin böyük əksəriyyəti həqiqətdir.
Amma hakimiyyət bunun Vahid Əhmədov kimi adamın dilindən eşidəndə haqlı olaraq qəzəblənir.
Məsələn bu fikirləri mənim kimi, acından ölən bir jurnalist səsləndirsə, ən pis halda barəmdə bir- iki sifarişli yazı yazdıra bilərlər. Vahid Əhmədov isə hakimiyyət üçün tam fərqli məqamda yer alan adamdır. Onunla hakimiyyət arasında ciddi alver bağları olub və var.
Loru dildə izah etsək məsələ belədir: bu adam hakimiyyət süfrəsinin başında əyləşib, onun ən yağlı tikələrindən bəhrələnənlərdəndir. Nəinki özünə, hətta övladlarına belə istənilən şəraiti qurub. Bir faktı nəzərinizə çatdırım ki, Vahid Əhmədovun oğlu Bakı şəhərinin 51 faizini əhatə edən Qaradağ kimi nəhəng rayonunun prokurorudur. Vahid Əhmədovun özünün maddi imkanları çox genişdir.
Yaxın dostu Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə tender əməliyyatlarından çox gözəl bəhrələnə bilib. Necə düşünürsünüz, bu cür adam çıxıb Əli Kərimli kimi danışa bilərmi? Azərbaycan reallığında bunu etmək üçün gərək sənə tanınan bütün imtiyazlardan və edilən güzəştlərdən imtina edəsən.
Vahid Əhmədov isə fərqli düşünür. O, müsahibəsində deyir ki, parlament seçkilərinin birində ona qarşı “Sədərək Yusifi” alternativ qoymuşdular. Özünün nə dərəcədə əhəmiyyətli fiqur olduğunu hiss etdirmək üçün siyasi şantaj “pryom”una da əl atır və “əgər o seçilsəydi, bütün Quba ayağa qalxardı”, kimi təhlükəli fikir işlədir.
Vahid Əhmədov əvvələr də dəfələrlə “Qubada qalxan üsyanı mən yatırdım” kimi fikirləri işlətməklə, hakimiyyətə özü üçün fərqli fəaliyyət müstəqiliyyinin tanınmasını şərtləndirmək kimi mesajlar vermiş olub. Bununla təmsil olunduğu regionun söz sahibi olan adamı kimi qələmə verməyə çalışıb ki, hakimiyyətdən daha əlavə imtiyazlar qopara bilsin. Yəni dolayısı ilə ” həm sizdən bəhrələnirəm, həm də müstəqil fikirli adam kimi öz hörmətimi saxlayıram”, – kimi şərt irəli sürmüş olub. Buna el arasında bəzən “sifətini qorumaq” da deyirlər. Vahid Əhmədovu “yandıran” da məhz bu səhv taktikası oldu.
Təəssüflər olsun ki, bəzən özünə müştəbehlik adamı elə “qaza” gətirir ki, insan hətta Mehman Hüseynov kimi bir cavanın toruna da asanlıqla düşə bilir. Ola bilsin ki, Vahid Əhmədov güc- bəla ilə öz mandatını qoruya biləcək. Amma onun üçün bundan sonrakı çevik manevr imkanları tam bitdi. Mən Vahid Əhmədovun siyasi portreti ilə bağlı geniş yazını 4 il bundan əvvəl yazdığım üçün, bəzi məqamların üzərindən sükütla keçməli oldum. Allah köməyi olsun!
Məhəmmədəli Qəribli