Bazar , 24 May 2026
Drone Cameras

DİPLOMATİK QALMAQAL: Rusiya səfirin iqamətgahını BOMBALADI

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi kütləvi hücumu zamanı Albaniyanın Ukraynadakı səfirinin iqamətgahının yerləşdiyi yaşayış kompleksinə ziyan dəyib.

Boyukmillet.com xəbər verir ki, bu səbəbdən Rusiyanın Albaniyadakı səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Albaniyanın xarici işlər naziri  Ferit Hoxha “X” platformasında bildirib ki, Albaniya Rusiyanın Ukraynada mülki obyektlərə qarşı həyata keçirdiyi “növbəti qəddar və fərq qoyulmayan raket və dron hücumunu” qətiyyətlə pisləyir.

O vurğulayıb ki, bu cür hücumlar “insan həyatına və fundamental humanitar dəyərlərə tam etinasızlığın göstəricisidir”.

“Bu dəfə Ukraynadakı Albaniya səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatı ciddi təhlükə altına düşüb. Bu, qəbuledilməzdir! Mülki yaşayış məntəqələrinə hücum və ya diplomatik heyətə təhlükə yaratmaq ciddi eskalasiya və Rusiyanın uzunmüddətli təcavüzünün insanlara vurduğu ağır ziyanın növbəti bariz nümunəsidir”, – deyə Albaniya XİN rəhbəri qeyd edib.

Hoxha əlavə edib ki, uzun müddətdir davam edən təcavüz zamanı Rusiya sistemli şəkildə Ukrayna boyunca enerji infrastrukturunu, məktəbləri, xəstəxanaları və yaşayış evlərini hədəfə alıb. Buna baxmayaraq, Moskva Ukrayna xalqının “cəsarətini, qətiyyətini, dözümlülüyünü və gücünü” sındıra bilməyib.

“Rusiya qalib gəlmir, sadəcə öldürür, dağıdır və genişmiqyaslı dağıntılarla insanlara əzab verir. Biz Rusiyanı bu hücumları dərhal dayandırmağa, Ukraynaya qarşı müharibəyə son qoymağa, beynəlxalq hüquqa tam əməl etməyə və danışıqlara qayıtmağa çağırırıq”, – diplomat bildirib.

Xatırladaq ki, mayın 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı 690 hava hücum vasitəsi – 90 müxtəlif tipli raket və 600 pilotsuz uçuş aparatı ilə genişmiqyaslı kombinə edilmiş hücum həyata keçirib. Hücumun əsas istiqaməti Kiyev olub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri 604 hədəfi, o cümlədən 55 raket və 549 dronu məhv edib və ya zərərsizləşdirib. Buna baxmayaraq, 54 fərqli ərazidə 16 raketin və 51 zərbə PUA-sının hədəfə çatdığı, həmçinin vurulan dronların qalıqlarının 23 müxtəlif nöqtəyə düşdüyü bildirilib.

Məlumata görə, Rusiya hücum zamanı uzaqmənzilli nüvə zərbələri üçün nəzərdə tutulmuş “Oreşnik” strateji raketindən də istifadə edib. Raketin hədəfi Bila Tserkva şəhərinin kənarındakı qarajlar olub. Lakin raketin yalnız kinetik başlıqla təchiz edildiyi üçün ciddi dağıntılar barədə hələlik məlumat verilməyib.

Check Also

Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolundan DANIŞDI

Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq. Bunu Ermənistan …