Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcəyi imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək.
Mərkəzdən “Report”a verilən məlumata görə, fevralın 1-dək davam edəcək bu seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14817 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcək.
Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.
Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallq baxımından mühüm məqamları qeyd etmək, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq, eləcə də nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.