2023-cü ildə daxil olmuș vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuș sübutlara əsasən 38 hüquqi və 15 fiziki şəxs barəsində ümumilikdə 83 inzibati xəta haqqında protokol tərtib edilib.
Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2022-ci illə müqayisədə tərtib olunan protokolların sayı 6 dəfə artıb.
“Əsasən istehlakçılar onların aldadılması, hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməməsi ilə bağlı müraciət edib. Həmçinin hesabat dövründə xarici ölkələrdən çatdırılma xidməti həyata keçirən 5 şirkət, təhsil xidməti göstərən 2 şirkət, MTK-larla bağlı 3 şirkət, həmçinin təmir-tikinti xidmətləri göstərən 1, sosial şəbəkə vasitəsilə məişət texnikası satışını həyata keçirən 1 fiziki şəxs tərəfindən yol verilən qanunsuzluqlar barədə istehlakçıların müraciətlərinə baxılıb. Müraciətlərin araşdırılması zamanı 300 manatdan çox aldadılma, həmçinin dələduzluq əlamətləri ilə bağlı ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar prokurorluq orqanlarına təqdim edilib”, – deyə M.Abbasbəyli əlavə edib.