Dünya 105 il əvvəlki dünya deyil. İndi Yer üzündə müstəqil dövlətlərin sayı 105 il əvvəkindən 3 dəfə çoxdur. İmperiyaların hamısı kiçilib – beşi çox, üçü az.
Rusiya da 105 il əvəəlki Rusiya deyil. Onun sərhədləri də kiçilib. İndi Moskva qonşuluğundakı kiçik ölkələrə bir az qəzəb, bir az nostalji, bir xeyli də iddia ilə yanaşır.
Azərbaycanın 105 il əvvəlki durumuyla indiki arasında fərq böyükdür. İndi o, öz ordusu, iqtisadiyyatı, 10 milyonluq insan potensialı olan ölkədir və Avropa ailəsinin (ATƏT, AŞPA, UEFA və s.) üzvüdür.
105 il öncə ilə indinin müqayisəsi təsadüfi deyil. 105 il öncə Rusiya dünyanın gözü baxa-baxa Azərbaycanı işğal edib, onun müstəqil dövlətçiliyini 70 illiyə dondurub.
Hazırda biz 34 ildir ki, yenidən müstəqil dövlətik, BMT-nin üzvüyük. Bu 34 il müstəqil dövlətçiliyə malik olmadığımız müddətin yarısından çoxdur, amma hələ də Rusiyanın təqibini, təzyiqini hiss edirik.
Bu durumda olan təkcə biz deyilik. Rusiya əsgərinin ayağı dəyən istənilən ölkə (Finladiya və Latviyadan tutmuş ta Tacikistan və Qırğızıstana qədər) başı üstündə “rus baltası” hiss edir.
Çünki Kremldəki ab-hava 105 il əvvəlki kimidir. Bu dövləti idarə edənlər hələ də elə bilirlər ki, qonşuluqlarında yerləşən xalqlar ruslara borcludur, müstəqil yaşaya bilməzlər və necəsə, bir şəkildə Moskvaya tabe olmalıdırlar.
Ukraynanın başına gələn müsibətlər belə bir düşüncənin məhsuludur.
Rusiyanın xarici siyasət idarəsinin və başqa qurumlarının Avropaya inteqrasiya etmək istəyən Moldova və Ermənistana münasibətdə vaxtaşırı təhdidlər sovurması həmin təfəkkürdən qaynaqlanır.
105 il öncə Rusiya öz ətrafındakı kiçik ölkələri silah gücünə, qırğın-qiyamətlə, sonradan puçluğu üzə çıxmış cəlbedici ideya (kommunizm-sosializm) ilə ram edib, Moskvanın tabe etdirib.
Bu, o vaxt olub ki, xalq kütlələri savadsız, cahil, silahsız, dünyadan bixəbər olublar, Çin çəyirtkəsi kimi ölkəyə darışan yadelli silahlılara müqavimət göstərə bilməyiblər.
105 il öncə öz ölkəmiz Azərbaycanda 105 ali savadlı adam olmayıb, bunun yarısı qədər olub. Onların da bir çoxu bolşevizm ideyasını tərənnüm edərək, avam xalqı aldadan, şimal küləyinin soyuğuna verən xainlər və sadəlövhlər olub.
Hazırda isə postsovet ölkələrdə milli özünüdərk prosesi sürətlə gedir, xalqlar müstəqil dövlətdə yaşamağın üstünlüklərinin fərqinə varır, 35-70 il öncə olduğu kimi istismar olunmaq istəmirlər.
Moskvada bunu görürlər, prosesi diqqətlə izləyirlər, amma imperiya ambisiyasından vaz keçmək istəmirlər. Lakin bu dəfə həmin ölkələri tovlamaq üçün əllərində cəzbedici ideologiya yoxdur.
40-50 il əvvəl sovet-rus dövlətini idarə edənlər Kubadan Nikaraquaya, Çilidən Vyetnama qədər onlarla ölkədə sosializm inqilabı həyata keçirərək, bütöv kontinentləri kommunistləşdirmək istəyir, bununla da dünyada “rus ağalığı”na nail olmağı düşünürdülər.
Bu istiqamətdə xeyli məsafə qət edən, bir mərkəzdən (Moskvadan) idarə olunan “sosialist düşərgəsi” formalaşdıran Rusiyanın həmin planı 1989-cu ildən puç olmağa başladı, 1992-ci ildə tamama yetdi. 992-2005-ci illər arasında Rusiyanın gücü öz sərhədlərini qorumağa güclə çatdı. Yoxsa özü də parçalanacaqdı.
O vaxtdan bəri isə Kremlin yeni sakinləri Rusiyanın köhnə “əzəmət”ini bərpa etmək, heç olmasa “region ağası” olmağa çalışır.
Keçmiş SSRİ məkanındakı ölkələrin 12-nin həyatına, inkişafına maneə yaradan əsas problem budur. Burada yalnız Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) istisnadır. Onlar Rusiyadan əməllicə qopublar, Avropa İttifaqına, NATO-ya üzv olublar, anac Avropanın qanadı altındadırlar. Ancaq yenə də narahatdırlar.
Kremlin yaşamaq və inkişaf etmək imkanı vermək istəmədiyi ölkələrin başında isə Rusiya özü gəlir.
Qüdrətli Qərb ölkələri ilə davam edən 115 (ən azı) illik intriqa və düşmənçilikdən yaxa qurtara bilməyən Kreml mövcudluğunun əsas şərtini hələ də Avropa dövlətləri ilə çəkişmədə görür.
Ən pisi odur ki, bu sonu görünməyən intriqa və savaşda Rusiya tək olmaq istəmir, müttəfiqlərə ehtiyac duyur və onları əldə etmək üçün qarşılıqlı faydalı sazişlər əvəzinə, hamısınə zorla, təzyiqlə öz iradəsinə tabe etmək istəyir.
Keçmiş SSRİ ölkələri mütləq ona nəsə verməlidir, nəsə ötürməlidir, hər cür yardım göstərməlidir, təklənməyə qoymamalıdır – Kremldə dominant düşüncə budur. Bunu etməyənlər isə “düşmənin dostu” olaraq avtomatik şəkildə Rusiyanın düşmənləri olurlar.
Rusiya var gücü ilə onları Avropa ilə inteqrasiyadan, itisadi-ticari, mədəni tərəfdaşlıqdan sapındırmağa çalışır və buna tam olmasa da, qismən nail olur. Budur, Gürcüstan Avropa ilə yaxınlaşmaqdan imtina edib.
Özbəkistan və Qazaxıstan son bir ildə Avropa ölkələri yaxınlaşdığı üçün Moskvanın boz sifəti ilə üzləşməkdədir. Ruslar bu qarşılıqlı iltifatdan xoşlanmadıqlarını artıq büruzə verirlər.
Rus politoloqlar “Qarabağ məsələsi”nin həll olunmadığını dilə gətirməyə başlayıblar. Görünən budur ki, onlar Ermənistan və Azərbaycanı yenidən toqquşdurmaq istəyirlər.
Bir sözlə, bu ölkə Avrasiyanın başının bəlasıdır, özünə yığışmayınca onlarla ölkəyə, xalqa gün-dirrik yoxdur.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
