“Azərbaycan hökuməti müraciət edərsə, fəaliyyət dairəmizi genişləndirərək layihələrimizə mina əleyhinə işləri də daxil edə bilərik”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi qeyd edib ki, bu gün Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə dəyəri 2 milyon dollar məbləğində olan qrant sazişi imzalanıb:
“Bu layihənin əsas məqsədi məcburi köçkünlərin həyat şəraitinin və onların peşə bacarıqlarının inkişaf etdirilməsinə yardım göstərməkdən ibarətdir. Biz Dünya Bankı olaraq çox şadıq ki, 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək vermişik. İlk layihəmiz 1999-cu ildən başlayıb və böyük məmnuniyyət hissi ilə bu işimizi davam etdiririk”.
O xatırladıb ki, Dünya Bankı hələ 90-cı illərdə Azərbaycanda ANAMA-ya dəstək göstərən təşkilatlardan olub:
“Hazırda bizim əsas diqqətimiz məcburi köçkünlər və onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib”.
S. Maykl vurğulayıb ki, Dünya Bankının istənilən fəaliyyəti hökumətlərin müraciətləri əsasın həyata keçirilir:
“Təbii ki, bu cür müraciət olarsa, biz fəaliyyət dairəmizi genişləndirirərək layihələrimizə mina əleyhinə işləri də daxil edə bilərik”.