Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ekspert: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır”

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum bütünlükdə beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lük Koffi “Arab News” qəzetində dərc olunan məqaləsində bildirib.

“Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi ilk növbədə onların Yaxın Şərqdəki siyasətinə yönəldiyi halda, Tehran əsrlər boyu həm də Cənubi Qafqazda öz rolunu oynayıb. İran və Azərbaycan arasındakı mövcud gərginlik şişirdilmiş ola bilməz”, – o yazıb.

Müəllif hesab edir ki, bu gərginliyin kökündə 1828-ci ildə iki imperiya – Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsi, onun şərti olaraq Araz çayının iki dövlət arasında sərhəd olması dayanır.

“İranda milyonlarla etnik azərbaycanlı yaşayır və müstəqillik və öz müqəddəratını təyinetmə çağırışları, bəlkə də o qədər də yüksək səslə olmasa da, hər zaman eşidilir. Azərbaycan rəsmi olaraq İrandakı azərbaycanlı azlıqlarla bağlı ictimai şərhlər verməsə də, rəsmi Bakı vəziyyəti yaxşı bilir”, – müəllif yazır.

O, həmçinin qeyd edib ki, Azərbaycan dünyanın əsasən şiələrin yaşadığı nadir bölgələrdən biri olmasına baxmayaraq, heç vaxt İranın nəzarəti və təsiri altına düşməyib.

Azərbaycan-İsrail münasibətlərini şərh edən ekspert bildirib ki, ölkələr bir-biri ilə sıx əlaqələr saxlayır:

“İsraildən kənarda tamamilə yəhudilərin yaşadığı ən böyük yaşayış məntəqəsi Azərbaycandadır. Bakı İsraili neftinin təxminən 40 faizi ilə təmin edir”.

“Son illərdə İran və Azərbaycan arasında münasibətlər zahirən isti, lakin “arxa planda” gərgin olaraq qalır”, – məqalədə vurğulanır.

Yuxarıda sadalanan hadisələrin fonunda ekspert Tehranla İrəvan arasında sıx əlaqənin olduğunu vurğulayıb və əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı İran Ermənistanın hərbi təchizatını artırmaq üçün Rusiyanın onun ərazisindən istifadə etməsinə icazə verib.

“Keçmişdə İran beynəlxalq iqtisadi sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edib. İki ölkə arasında artan hərbi əməkdaşlığı da qeyd etmək olar. İran Ermənistanı pilotsuz uçuş aparatları və tank əleyhinə silahlarla təmin edir. ABŞ Dövlət Departamentinin məlumatına görə, 2008-ci ildə Ermənistan hətta İrana İraqda ABŞ qoşunlarına qarşı istifadə edilən raketlər və avtomatik silahlar verib”, – o yazıb.

Müəllif vurğulayıb ki, İran və Azərbaycan arasında Xəzər dənizində dəniz sərhədlərinin delimitasiyası ilə bağlı mübahisəli məsələlər hələ də qalmaqdadır:

“Keçmişdə bu, hətta qarşıdurmaya da səbəb olub. İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Xəzərdə Azərbaycan sularına daxil olduğu hallar da olub. 2020-ci ildən isə İran Azərbaycanla sərhədi boyunca əvvəllər rast gəlinməyən irimiqyaslı hərbi manevrlər həyata keçirir. Keçən ilin oktyabrında İran hərbçiləri hətta Araz çayı üzərindən hərbi keçidin məşqini keçiriblər. Təəccüblü deyil ki, Azərbaycan bunu təxribatçı addım hesab edib”.

Məqalədə həmçinin “Arab News” qəzetinin “Cənubi Qafqaz və Fars körfəzi: genişliyin kəsişən maraqları və faydaları” adlı araşdırmasına da istinad edilir:

“İran həm Fars körfəzi, həm də Cənubi Qazqaz regionuna müdaxilə etməklə dəfələrlə özünü dinc dayanmayan qonşu kimi göstərib. Körfəz ölkələri və Cənubi Qafqaz ölkələri arasında çoxtərəfli məsləhətləşmələr və bəlkə də koordinasiya regional sabitliyin yaxşılaşdırılmasına və İranın zərərli təsirinin qarşısını almağa kömək edərdi”.

“Dünyanın diqqəti hələ də Tehranın Suriyadakı hərəkətlərinə, İraqın şimalına raket hücumlarına, Fars körfəzində sabitliyi pozan terror hücumlarına və Rusiyanın Ukrayna ilə müharibədə İranın pilotsuz uçuş aparatlarından istifadəsinə yönəlib. Lakin İranın şimal sərhədlərinə də nəzər yetirmək məntiqli olardı”, – müəllif fikrini yekunlaşdırıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …