“Hərbi xidmət qaydalarına görə, hər hansı kənar su hövzəsində çimmək qadağandır”
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru, hərbi ekspert Cəsur Məmmədov iyulun 30-da Laçın rayonunda 4 hərbçinin ölümünün əsas səbəb kimi nəzarətsizlik və məsuliyyətsizliyi göstərib.
Bu barədə Cəsur Məmmədov Meydan TV-yə danışıb.
Müdafiə Nazirliyi 2 gün əvvəl xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində çimərkən 4 hərbçinin həyatını itirdiyi haqda məlumat yaymışdı.
Nazirlik ilkin ehtimal kimi kapitan Asif Emnalıyevin, gizir Fərid Cəbrayılovun, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuşlar Tural Səmədovun və Emin Şahmarlının kükürd qazlı termal sulardan zəhərləndiyini göstərmişdi.
Hərbi Prokurorluq Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparıldığını bildirmişdi.
Cəsur Məmmədov hesab edir ki, hərbçilərin ölümündə əsas 4 səbəbi ola bilər:
“Birincisi, nəzarətsizlik, ikincisi məsuliyyətsizlik, üçüncüsü ərazini tanımamaq və nəhayət, maarifləndirmə işinin zəif olması. Nəzarətsizlik dedikdə komandir heyətinin – tabeliyində olan şəxsi heyətin hərəkəti, fəaliyyəti və sairə üzərində nəzarət imkanlarının bilərəkdən və ya bilməyərəkdən məhdud olması nəzərdə tutula bilər. Baş vermiş hadisədə komandir heyəti həmin 4 nəfəri (baxmayaraq ki, dünyasını dəyəşənlərdən biri zabit olub) nəzarətsiz buraxıb. Hərbi xidmət qaydalarına görə, hər hansı kənar su hövzəsində çimmək qadağandır. Belə olan təqdirdə, şəxsi heyətin hərbi hissəni özbaşına tərk etməsi və ya icazə ilə tərk etməsi məsələsi aydınlaşdırılmalıdır”.
“Məsuliyyətsizlik dedikdə həm komandir heyətinin, həm də ümumilikdə şəxsi heyətin hərbi xidmətə yanaşmada məsuliyyətsizlik göstərməsi nəzərdə tutulur. Baş vermiş hadisədə hərbi xidmət qaydalarına məsuliyyətsiz yanaşma hiss olunur. Həm komandir heyəti, həm də əsgər heyəti tərəfindən. Hərbi xidmət qaydalarına münasibətdə məsuliyyətsizlik nümayiş etdirmək ciddi qayda pozuntusudur, cəzalandırılma mütləq olmalıdır”, – deyə Məmmədov əlavə edib.
O, ərazini tanımamağı əsas səbəblərdən sayır:
“Ancaq ərazini tanımama orada baş verəcək bədbəxt hadisələrdən sığortalanmamaq deməkdir. İşğaldan azad edilmiş ərazilərdə hərbçiləri gözləyən çoxsaylı təhlükələr var – mina partlayışından tutmuş – son hadisədəki kimi, insan sağlamlığına zərər verən zəhərli sulara qədər hər şeyi sadalamaq olar. Bunu hərbi heyət, xüsusən Müdafiə Nazirliyinin rəhbərliyi yaxşı bilməlidir. Ərazilər diqqətlə yoxlanılmalı, şəxsi heyətin məlumatlandırılması intensiv olmalıdır. Sağlamlığa bu və ya digər səviyyədə ziyan verəcək ərazilər xüsusi olaraq qapadılmalıdır, hasara alınmalıdır, üzərlərinə işarələr qoyulmalıdır”.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru bildirib ki, nazirlik şəxsi heyətin intensiv məlumatlandırılması, maarifləndirmə vacibdir:
“Hərbi təhsil sisteminə yeni kurs – “təhlükəli ərazilərdə hərbi xidmət” adlı xüsusi təlim kursu daxil edilməlidir. Bu kurs həm ali hərbi məktəblərdə, həm də hərbi hissələrin özündə keçirilməlidir. Əks təqdirdə, bədbəxt hadisələrin sayı daha da artacaq”.
“Təəssüflər olsun ki, qeyd edilən istiqamətlərdə ciddi işlərin aparıldığının şahidi olmuruq. Bu və digər səbəblərdən 2024-cü ildə qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluqçuların sayı təxminən 30 nəfərdir və bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə artımı göstərir”, – deyə Cəsur Məmmədov fikrini bitirib.