Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Eldar Həsənov Hikmət Cavadova hansı təlimatları verib? — SİRLƏR AÇILIR

Ukraynada Azərbaycan diasporu adına çalışdığını iddia edən, reallıqda isə yalnız dövlətdən maliyyə dəstəyi almaq üçün dəridən-qabıqdan çıxan, bir çox hallarda isə məqsədli şəkildə dövlət maraqlarının əleyhinə addımlar atan Hikmət Cavadov Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfir Eldar Həsənovun həbsindən dərhal sonra gerçək üzünü növbəti dəfə göstərdi.


Artıq sirr deyil ki, Eldar Həsənov səfir işlədiyi zamanda himayə etdiyi ayrı-ayrı şəxslər və KİV-lər vasitəsilə Azərbaycanın Avropa ölkələrindəki diplomatlarını nüfuzdan salmağa, onlar haqqında qərəzli və böhtan xarakterli məlumatlar yaydırmağa çalışıb. 


Bununla yanaşı, keçmiş səfirin dövlət vəsaitini mənimsəməkdən tutmuş dövlət maraqları əleyhinə addımlar atmağa qədər fəaliyyəti var, hazırda istintaq altında olan Eldar Həsənovun bütün əməlləri bir-bir ortaya çıxır. Onun həbsi həm də mövcud şəbəkəsinin de-şifrə olmasına səbəb oldu. Belə ki, Eldar Həsənovun maliyyələşdirdiyi və dövlət maraqları əleyhinə işlətdiyi şəbəkənin üzvləri dərhal öz “bosslarının” müdafiəsinə qalxdılar. Hikmət Cavadov bu müdafiə kampaniyasının başında gələn şəxsdir.


Hikmət Cavadovun Eldar Həsənovun həbsdən azad edilməsi üçün Azərbaycan Prezidentinə müraciət etməsi, bu istiqamətdə kampaniya başlatması və onunla dostluğundan qürur duyduğunu açıqlaması da bunu təsdiqləyir.


Araşdırmalarımız Hikmət Cavadovun Eldar Həsənovun diplomatlarımızın gözdən salınması işini həyata keçirən şəbəkənin fəal üzvlərindən olduğunu da ortaya çıxarır. Fakt kimi Ukraynadakı keçmiş səfirimiz Azər Xudiyevə qarşı qarayaxma kampaniyasını göstərmək olar. 

Prezident İlham Əliyevin Sərəncamı ilə Azər Xudiyev Azərbaycanın Ukraynadakı səfiri təyin ediləndən az sonra Hikmət Cavadov və Azərbaycanda fəaliyyət göstərən bir sıra KİV-lərdə Azər Xudiyevə qarşı böhtan, gözdənsalma və qarayaxma kampaniyaları başladıldı. Bu dövrdə Azərbaycanın Ukraynadakı Səfirliyinin gördüyü dövlət əhəmiyyətli işlərə kölgə salındı, dövlətin siyasəti sabotaj edildi. 

Misal üçün, Xocalı soyqırımının tanınması məsələsinin Ukraynaın Ali Radasında müzakirəyə çıxarılacağı və Azərbaycanın xeyrinə qərar veriləcəyi ərəfədə Hikmət Cavadov bu dövlət əhəmiyyətli işi öz fəaliyyətinin nəticəsi kimi təqdim edərək, ictimailəşdirdi və sonda Azərbaycanın növbəti diplomatik qələbəsinin qarşısını aldı. 


Şübhəsiz ki, burada əsas məqsəd səfir Azər Xudiyevin uğur qazanmasına mane olmaq idi. Halbuki, reallaşsaydı, bu, səfirin yox, Azərbaycan dövlətinin uğuru olacaqdı. 


Göründüyü kimi, bu şəbəkə öz maraqları üçün Xocalı soyqırımının tanınmasının belə qarşısını alan oyunlara baş vurub.


Azər Xudiyevə və onun üzərindən Azərbaycan dövlətinə qarşı atılan bir çox addımların müəlifi olan Hikmət Cavadov üzdə görünsə də, əslində bu çirkin oyunların arxasında məhz Eldar Həsənovun dayandığı şübhə yaratmır. 


Hətta, Azər Xudiyev səfir kimi geri çağırılan günü Hikmət Cavadov və onun dəstəsi Eldar Həsənovun adamlarına məxsus restoranda “toy-bayram” edərək, diplomatımızın ünvanına təhqiredici hərəkətlər edirdilər.


Məlumatlara görə, Azərbaycanın ayrı-ayrı diplomatlarının, o cümlədən Azər Xudiyevin nüfuzdan salınması məqsədilə aparılan çirkin kampaniyalar haqda Prezidentin sabiq köməkçisi Əli Həsənovun da xəbəri olub. Həmin ərəfədə Hikmət Cavadovun çirkin əməlləri barədə Əli Həsənova dəfələrlə məlumat verilsə də, bu cür xoşagəlməz hallara son qoyulmayıb, əksinə daha da gücləndirilib.


Bütün bunlar bir daha onu təsdiqləyir ki, Eldar Həsənovun bədnam şəbəkəsində Əli Həsənov və digər məmurlar da yer alıblar. Sonradan onlar öz çirkin əməllərinə görə məsuliyyətdən yayınmağı bacarıblar. Ancaq buna rəğmən indi Eldar Həsənova qarşı açılan cinayət işinin istintaqında bütün bu kimi məsələrə aydınlıq gətiriləcəyini hər kəs çox arzulayır…


Zaur Hacılı
Demokrat.az

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …