Cümə , 22 Noyabr 2024
Drone Cameras

Elməddin Behbud: QHT-ləri ictimai aktuallıq kəsb edən mövzularda layihələrlə çıxış etməyə hazırlaşmağa dəvət edirik

Ötən gün Prezident İlham Əliyev Şuşada, Qarabağda aparılan bərpa işlərinə ictimai nəzarətin olmasının vacibliyini, əks halda özbaşına tikililərin və qanunsuz olaraq torpaqların zəbt ediləcəyini bildirib.

İctimai nəzarəti necə təşkil etmək olar? Bu prosesə QHT-lərin cəlbi üçün QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edə bilərmi?

Bu barədə  açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bildirib ki, Şurada qrant müsabiqələrinin birinin bu istiqamətdə olması gözləniləndir:

“Prezident İlham Əliyevin fikirləri, verdiyi mesajlar hər zaman şuranın fəaliyyəti üçün prioritet təşkil edib. Həqiqətən də dövlət qurumlarının fəaliyyətinin dinamizminin və effektivliyinin artırılması, yeni çağırışlara çevik və səmərəli reaksiya verilməsi, həmçinin şəffaflığın və hesabatlılığın artırılması üçün vətəndaş cəmiyyəti institutlarının, o cümlədən də QHT-lərin ictimai nəzarətin təşkili prosesində iştirakını və fəallığını artırması zəruridir. Bu baxımdan Şuranın 2021-ci il qrant müsabiqələrinin birinin ictimai nəzarətlə bağlı olması gözləniləndir. Cənab Prezidentin bu çağırışı ilə bağlı bir sıra digər addımların da atılması planlaşdırılır. Bununla da bağlı qarşıdakı dövrdə mediaya məlumat veriləcək. QHT-ləri isə indidən ictimai nəzarət istiqaməti üzrə ictimai aktuallıq kəsb edən və effektiv icrası təmin olunacaq mövzularda layihələrlə çıxış etməyə hazırlaşmağa dəvət edirik”.

E.Behbud onu da qeyd edib ki, koronavirus səbəbindən 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır:

“Bildiyimiz kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər ilin sonunda növbəti təqvim ili üzrə ilk qrant müsabiqəsinin mövzularını, eyni zamanda şərt və qaydalarını elan edir. Hazırda COVİD-19-la bağlı vəziyyətin hansı istiqamət üzrə dəyişəcəyi tamlıqla məlum olmadığından 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır. Artıq koronavirusla mübarizə çərçivəsində peyvəndlənmə işlərinə başlanılıb, bu baxımdan güman edirəm ki, görülən tədbirlər təsirli olacaq və Şura yaxın vaxtlarda əsasnaməsinə və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq qrant müsabiqələri elan ediləcək”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …