Samir Adıgözəlli: “Yezidiləri ilk qaçqın edən ermənilərin özü olub”
Ermənistan mətbuatında həmin ölkədə yaşayan yezidi kürdlərin nümayəndəsinin açıqlaması yayılıb. Səid Alaverdyan kimi təqdim edilən həmin şəxsin Ermənistanda yaşayan gənc yezidilərin lideri olduğu bildirilir.
Bu gənc dünyanın aparıcı dövlətlərinə səslənərək, Şimali İraqda öz millətindən olanların probleminə əncam çəkməyə çağırır. Onun sözlərinə görə, hazırda yaşanan konflikt səbəbindən bölgədə daha çox əziyyət çəkən yezidilərdir. Gənc bildirir ki, təhlükə get-gedə artır və məsələdə yeganə çıxış yolu yezidilərə muxtariyyətin verilməsidir. Rəsmi statistikaya istinad edən gənc bildirib ki, BMT-nin hesabatına görə, dünyada olan yezidilərin yarım milyonu hazırda qaçqın həyatı yaşayır. Onlardan 25-30 mini dünyasını dəyişib, 5 mini isə əsirlikdədir.
Özünü yezidi gənclərin lideri kimi təqdim edən gəncin bu açıqlamasından hansı məna və niyyətləri müəyyən etmək olar?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu, Ermənistanın dövlət siyasətinə uyğun aparılan təbliğatdır:
“Ancaq çox bayağıdır. Hesab edirəm ki, bununla Ermənistan həm öz ölkəsinin demokratikliyini nümayiş etdirmək istəyir, eyni zamnda ölkədə monoetnikliyin mövcud olması təbliğatını beynəlxalq, həssas mövzulara toxunmaqla dağıtmaq istəyir. Bilirsiniz ki, Ermənistan rəhbərliyinin apardığı siyasət nəticəsində ölkədə yaşayan bütün etnik azlıqlar, o cümlədən yezidi kürdlər həmin ölkəni tərk edib. Faktiki olaraq Ermənistan monoetnik bir ölkədir. Ermənistanda öyrədilmiş bir gənc İraqda yaşayan insanların acınacaqlı vəziyyətinə biganə qalmayaraq, ölkənin demokratikliyini nümayiş etdirmək istəyirsə, bu olduqca gülünc görünür. Çünki həmin gəncin yaşadığı ölkə başqa bir dövlətin ərazisini qəsb edib. Yüz minlərlə şəxs qaçqın-köçkün düşüb. On minlərlə adam həlak olub. Ona sual vermək lazımdır: insanlığa qarşı törədilən bu cinayətlər bəyəm onu narahat etmir? Burdan durub İraqın dərdini çəkmək Ermənistanda yaşayan gəncə yaraşmır. Çünki yezidiləri ilk qaçqın edən ermənilərin özü olub. Araşdırın görün, 1988-ci ildən sonra Ermənistanda nə qədər yezidi var? Əminəm ki, barmaqla sayılacaq qədərdir, bəlkə də heç yoxdur. Məndə olan məlumata görə, onların böyük əksəriyyəti azərbaycanlılarla bərabər Ermənistandan deportasiya olunub”.