Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Ermənilər torpaqlarımıza sonradan gəliblər”

Rafik Danakari: “Qarabağdakı kilsələr təkcə biz udilərin deyil, qədim alban xalqınındır” 
“Hamısını yenidən bərpa etməli və bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı tolerantdır, multikulturaldır”
Xəbər verdiyimiz kimi mayın 15-də Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana və Müqəddəs Yelisey adına Cotari alban kilsələrində olublar. Dövlət başçısına və birinci xanıma məbədlərdə görülən işlər barədə ətraflı məlumat verilib. Prezident və ailəsi kilsədə şam yandırıblar. Dövlət başçısı Azərbaycan ərazisində xristianlığın yayılması ilə bağlı mühüm fikirlər səsləndirib və zəruri tapşırıqlar verib.
Alban-udi kilsəsinin və udilərin hər zaman dövlət tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb. Ölkə rəhbərinin bu yanaşması Azərbaycanda multikulturalizmin yüksək səviyyədə olduğundan və bütün dinlərə hörmətlə yanaşıldığından xəbər verir. Xatırladaq ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – xristian, islam və iudaizm kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının, kilsə, sinaqoq və məscidlərin mövcud olduğu regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəsəbə tolerantlığın kiçik modeli sayılır. Alban kilsəsinin dini varisləri olan udilər də Prezidentin ziyarətindən və onlara göstərilən qayğıdan böyük məmnunluq ifadə ediblər. 
Nic qəsəbəsində kilsə ziyarəti zamanı dövlət başçısını və ailə üzvlərini müşayiət edən Alban-udi xristian icmasının sədr müavini Rafik Danakari “Şərq”ə müsahibəsində ölkə rəhbəri ilə görüşdən və mühüm ziyarətdən danışıb, xoş təəssüratlarını paylaşıb. Xristian icmasının nümayəndəsi vurğulayıb ki, bütün udilər cənab Prezidentin və Birinci-vitse prezidentin səfərindən böyük sevinc və qürur hissi duyublar…
 – Rafik müəllim, cənab Prezidentin və ailə üzvlərinin Nic qəsəbəsinə səfərini, xüsusən kilsələrin ziyarətini necə dəyərləndirirsiniz?
 – Hamımız bu gözəl ziyarətin həsrətindəydik və səbirsizliklə gözləyirdik. Müdrik Prezidentimiz çıxışlarında dəfələrlə Nic qəsəbəsindən söz açmış, növbəti dəfə kəndə səfər edəcəyini demişdi. Nəhayət, dövlət başçısını qəsəbədə qonaq etmək şərəfinə nail olduq. Bu, bizim üçün çox sevindirici hadisə idi. Ələlxüsus, ölkə rəhbərinin qəsəbəmizi və kilsəmizi hörmətli Mehriban xanımla, ailə üzvləri ilə bərabər ziyarəti bizi daha da qürurlandırdı. Prezident həmişə bizimlə olduğunu vurğulayır, bizi fərəhləndirir. Bu tarixi səfər də udi xalqının yaddaşına həkk olundu. 
 – Nic qəsəbəsində neçə alban kilsəsi var? Hamısı bərpa olunubmu, yoxsa təmirə ehtiyacı olan məbədlər durur? 
 – Nicdə 3 kilsəmiz var. İkinci kilsə yaxın zamanda bərpa olundu. Birinci kilsəmiz isə Tur Heyerdal Azərbaycana səfər edərkən, 2006-cı ildə Mədəniyyət Nazirliyi və Norveç humanitar təşkilatı tərəfindən təmir edilib, mayın 19-da bizə təhvil verilib. Xoş təsadüfə baxın ki, indiki ziyarət də may ayına düşdü. Üçüncü kilsəmiz isə aşağı məhlədədir, camaat arasında “göy kilsə” deyilən məbəddir. Bu kilsənin bərpaya ehtiyacı var. Artıq layihə mövcuddur. Heydər Əliyev Fondu tərəfindən yaxın aylarda təmir olunacaq. 
 – Görüş zamanı ermənilərin qədim məbədlərimizin başına açdığı oyunlardan bəhs edildi. Ermənilər Nicdəki alban kilsələrini də saxtalaşdırıbmı? – 1836-cı ildə Çar Rusiyası Azərbaycan xalqına məxsus alban kilsələrini ermənilərin Qriqoryan kilsəsinə verdi. 1850-ci ildən sonra Nic kəndinə erməni keşişlər gəldilər və qədim məbədlərimizi erməniləşdirmək üçün çalışdılar. Şükürlər olsun ki, ciddi mənada buna nail ola bilmədilər. Sadəcə xaç əlavə etdilər və kilsəmizdə müqəddəs yer hesab olunan yüksəkliyi – altarları bir qədər yuxarı qaldırdılar. Ermənilər çar Rusiyası zamanı Qarabağ bölgəsindəki alban kilsələrini də saxtalaşdırmaq istəyiblər, lakin bölgənin xristian və müsəlman camaatı buna imkan verməyib. 1992-ci ildə Qarabağ işğal edilməyə başlanandan sonra erməni vəhşiləri sərbəst şəkildə alban kilsələrinin tarixi görünüşünü dəyişiblər. Kilsələrə məxsus qədim daşları sökərək, Ermənistandan gətirdikləri saxta daşları divarlara hörüblər. Erməni xaçını sonradan kilsələrə yapışdırıblar. Nə qədər gizlətməyə çalışsalar da, ermənilərin yamağı o saat gözə çarpır. Bunu ört-basdır etmək mümkünsüzdür. İndi bütün məbədlər əslinə geri döndəriləcək. 
 – Köç prosesi başladıqdan və bərpadan sonra Qarabağdakı alban kilsələrini də ziyarət etməyi düşünürsüzmü?  
 – Əlbəttə, mütləq. Cənab Prezident özü də vurğuladı ki, Qarabağı yenidən dirçəldəcəyik və ora gediş-gəlişimiz bərpa olunacaq. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan bütün alban kilsələri və digər qədim abidələr bərpa olunmalıdır. Çünki bu, bizim tariximizdir, mədəni mirasımızdır, vazkeçilməz irsimizdir. Qarabağdakı kilsələr təkcə biz udilərin deyil, qədim alban xalqınındır. Hamısını yenidən bərpa etməli və bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı tolerantdır, multikulturaldır. Tariximiz də, mədəniyyətimiz də çox qədimdir. Ermənilər isə sonradan torpaqlarımıza gəlib. Nə qədər varıq, ermənilər bizə məxsus heç nəyi ala bilməyəcəklər. 
 – Qədim alban əlifbası ilə bağlı dialoq da maraq oyatdı. Dövlət başçısı əlifbaya böyük önəm verdi və təbliğ olunmasının vacibliyinə diqqət çəkdi. Bu məsələ udilər üçün nə qədər mühümdür? 
 – Qədim Alban dövlətində 52 hərfdən ibarət yazı istifadə olunub. Dini kitablar və başqa ədəbiyyatların hamısı həmin alban qrafikası ilə udi dilində yazılıb. Müasir dövrdə isə latın qrafikası ilə udi dilində kitablar nəşr etməyə başlamışıq. Ölkə rəhbəri çox haqlı olaraq vurğuladı ki, udilər qədim alban əlifbasını da bilməli, bu mirası unutmamalıdır. Təbliğ olunmalıdır ki, uşaqlar da məlumatlı olsunlar və irsimizi gələcək nəslə çatdırmaq mümkün olsun. Düzdür, 52 hərfdən ibarət qədim qrafikanı mütəxəssislər olmadan oxuyub-başa düşmək çox çətindir. Prezidentimiz sağ olsun, tapşırıq verdi ki, alimlər bunun üzərində işləsinlər və qədim alban əlifbasını öyrənsinlər. Sonra da alban əlifbası ilə udi dilində yeni kitablar nəşr olunsun. Hətta məktəblərdə tədris edilsin. Əlbəttə, dövlət dilimiz Azərbaycan dilidir və hamımız bu dili gözəl bilirik. Amma udilər öz aralarında qədim dillərini və əlifbalarını da istifadə etməlidir. 
 – İcma nümayəndəsi olaraq dövlətin diqqət və qayğısından razısınızmı? 
 – Çox razıyıq. Dövlətimiz və rəhbərliyimiz tərəfindən udilərə olan qayğı hər zaman çox böyük olub. Hərtərəfli diqqət və qayğı görmüşük. Heç bir problemimiz olmayıb. Kiçik çatışmazlıqlar isə ən qısa zamanda aradan qaldırılıb. Dövlət başçısı İlham Əliyev dedi ki, “mən həmişə sizinləyəm”. Cənab Prezident Ağdam məscidinin önündə, bütün dünyanın gözü qarşısında söylədi ki, “işğaldan azad olunmuş ərazilərimizdəki bütün alban kilsələri, məbədlər bərpa olunacaq və onların sahibləri udi qardaşlarımızdır”. Bizə bundan artıq nə qiymət verilə bilər? Cənab Prezidentimizin “udi qardaşlarım” deyə xitab etməsi bizi çox fərəhləndirir. Hər zaman Azərbaycan dövlətinin və cənab Prezidentin yanındayıq. 

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …