Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənilərin xalqımıza qarşı cinayətləri Kolumbiya mətbuatında

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Canlı tarix” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir.

1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada 16 mindən artıq insanın xüsusi amansızlıqla öldürüldüyü məlumat verilir, Quba ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu deyilir və Qafqazın o vaxtkı fövqəladə komissarı, erməni əsilli Stepan Şaumyanın qırğınlarda Bakı sovetinin 6 min nəfər və Daşnaksutyunun 4 min nəfər silahlı əsgərinin iştirakına dair etirafları xatırladılır.

Ümumilikdə 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış, qəddarcasına həyata keçirilmiş siyasət olduğu, həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi, xüsusən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun 30 ilə yaxın müddətdə Ermənistanın tərəfindən hərbi işğalda saxlandığı, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yüz minlərlə soydaşımızın etnik təmizlənməyə məruz qoyulduğu bildirilir.

Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı söylənilir.

Sonda Ermənistanın Azərbaycan xalqına qarşı bu günədək törətdiyi soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan siyasəti pislənilir, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanır və məruz qaldığı bütün amansız cinayətlərə baxmayaraq, Azərbaycanın sülh və barışıq tərəfdaşı olmaqda davam etdiyi qeyd olunur.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …