Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Ermənistan ekoloji terrorundan əl çəkmir – DEPUTATIN ŞƏRHİ

“Ermənistan 44 günlük müharibəyə qədər də, bu gün də özünü regionda terrorçu dövlət kimi aparır. Rəsmi İrəvanın həyata keçirdiyi və özünün də ən böyük silahı hesab etdiyi ekoloji terrordan əziyyət çəkən ölkələrin sayı da artıb. Bu ölkə qonşularına hansı fəlakətlər yaşatmayıb? İlk olaraq Metsamor Atom Elektrik Stansiyasının törədə biləcəyi fəlakəti təsəvvür edək. Bu AES ötən əsrin 70-ci illərində SSRİ tərəfindən inşa edilib və demək olar ki, ömrünü başa vurub. Buna baxmayaraq ermənilər son anına qədər bu qurğunu tam gücü ilə işlətmək niyyətindədirlər.

Hətta bu AES-də istehsal olunan elektrik enerjisini Ermənistan qonşu ölkələrə də satır. Bu qədər təzyiq altında işləyən stansiyada bir gün qəzanın baş verəcəyini də gözləmək olar. Çernobıl AES-dən heç də geri qalmayan Metsamor stansiyasında qəza baş verərsə Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran, Qara, Aralıq, Xəzər dənizi hövzələrindəki ölkələr fəlakət zonasına düşər. Məsələ burasındadır ki, Ermənistan AES-dəki problemləri aradan qaldıracaq gücdə də deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, növbəti ekoloji terror Ermənistanın yeraltı mədənlərdən çıxarılan filizlərin istehsalında yol verdiyi texnoloji qüsurlar zamanı yaşanır: “Misal üçün, Kacaran mis-molibden kombinatından Oxçuçaya axıdılan zərərli tullantılan səbəbindən Azərbaycan ərazilərinə qədər uzanan çayda canlı orqanizm demək olar ki, qalmayıb, məhv olub. Azərbaycan tərəfi məsələni beynəlxalq təşkilatlara qədər dəfələrlə çatdırsa da ekoterror bu gün də davam edir. Ermənistanın yaratdığı bu qədər ekoloji fəlakət azmış kimi Arazdəyəndə inşa edilən metallurgiya zavodu da qonşu ölkələrə bir az daha çox ekoloji problemlər yaşadacaq.

Bununla bağlı Azərbaycan müxtəlif kürsülərdən Ermənistanın bu qanunsuz əməllərinin dayandırılması barədə çağırışlar edilsə də proses hələ də davam edir. Ölkəmizin etirazı səbəbsiz yerə qəbul edilmir. Nəticə də acınacaqlıdır. Arazdəyən metallurgiya zavodunun tullantılarının da Araz çayına axıdılacağı istisna edilmir. Çünki, zavodun inşa ediləcəyi yerin seçilməsində bu faktor rol oynayıb”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …