Ermənistanın müharibə cinayətləri ilə bağlı Avropa Parlamenti və AŞPA-ya müraciət edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Avropa Parlamentinə və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun adından avropalı parlamentarlara ünvanlanan müraciətdə bildirilib ki, bu günlərdə Niderland azərbaycanlıları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edir. Ermənistanın həmin müddət ərzində törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.
Niderland azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçirdiyi bəyan edilib.
Benilüks Azərbaycanlılrı Konqresinin sədri Avropa Parlamentini və AŞPA-nı bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda müharibə cinayətlərinə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.