Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistanın Qərbi azərbaycanlılara vurduğu ziyanın həcmi 1 trilyon dollara çatır- FAKTLAR

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə dekabrın 5-də “ZOOM” proqramı vasitəsilə “5 Dekabr deportasiyanın Anım günü” tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, alimlər, ziyalılar, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digərləri iştirak edib. Anım tədbirini Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açıb. Ardınca iştirakçılar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Deputat Ə.Ələkbərli Qərbi Azərbaycanda soydaşlarımızın deportasiya və soyqırımı tarixi ilə bağlı məruzə ilə çıxış edib, 1988-ci il deportasiyasına gedən yolun mərhələ və xüsusiyyətləri barədə ətraflı məlumat verib. “Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfər təkcə işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyib, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub”, – deyə o bildirib.  

Sonra natiq deyib: “Bu gün – dekabrın 5-i soydaşlarımızın indiki Ermənistandan sonuncu deportasiyasının 33-cü ildönümüdür. 33 il əvvəl ermənilərin Qarabağ iddialarına qarşı Göyçədə, Vedibasarda, Zəngibasarda, Ağbabada mitinqlər keçirən – Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda ayağa qalxan insanların deportasiyasının anım günüdür. Bu tarixi yad etməməyə bizim mənəvi haqqımız yoxdur”. 

Millət vəkili tədbir iştirakçılarına soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı, erməni vəhşiliyinin sübutu olan bəzi rəqəmləri bir daha xatırladıb:

– 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovuldu;

– 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirildi, 400 nəfərdən artıq insan yaralandı;

– bir çoxlarının evləri, əmlakları yandırıldı, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edildi;

– fərdi və ictimai təsərrüfatlarda yüz minlərlə ev və təsərrüfat heyvanı, fərdi, ictimai və inzibati binalar, kənd təsərrüfatı texnikası, məktəblər, kitabxanalar, mədəniyyət evləri ermənilərə qaldı;

– 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silindi;

– saysız-hesabsız tarixi abidələrimiz bu gün üçün ya erməniləşdirilib, ya da məhv edilib.

– Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 33 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyəgəlməzdir. 

Sonra tədbir iştirakçıları çıxış ediblər. Millət vəkili Məlahət İbrahimqızı Prezident İlham Əliyevin 44 günlük müharibədə Azərbaycan xalqına qazandırdığı möhtəşəm Zəfərin tarixi torpaqlarımıza da yol açdığını, o günün uzaqda olmadığını bildirib, İcma üzvlərinə öz tövsiyələrini verib, vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli, İcmanın Qadınlar Şurasının sədri Telli Pənahqızı, professor Avtandil Ağbaba, Bakı Dövlət Universitetinin müəllimi Sona Çərkəz, Azərbaycan Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, İcmanın Sumqayıt şəhəri üzrə fəalı Yavər Quliyev və digərləri 1988-ci il deportasiyası ilə bağlı xatirə və düşüncələrini bölüşüblər. 

Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini, dosent Həqiqət Hacıyeva QAİ-nin tədbirdə iştirak edən xarici ölkə nümayəndələrini təqdim edib, Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin vitse prezidenti Sima Cəfərli, həmin Konqresin mətbuat katibi Gülnarə Əliyeva, İsveçdən yazar Eluca Atalı,  Almaniyadan “Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyi – Mədinə” nin təsisçisi və rəhbəri Cəmaleddin Özdəmir, Misirdən Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə Koordinatoru Sabina Sultan çıxış etdilər, təmsil etdikləri ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gördükləri işlərdən, qarşılaşdıqları problemlərdən danışıblar.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …