Cümə axşamı , 4 İyul 2024
Drone Cameras

Erməni ilə ailə qurmağa qanun və din nə deyir…

Əsabəli Mustafayev: “Qanunun tətbiqində dini, irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub”; Samir Ağayev: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir”

Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı diaspora nümayəndəsinin ailəsində baş verənlər Moskvada yaşayan azərbaycanlılar, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

Bəs görəsən, cəmiyyətin bu cür kəskin reaksiya verdiyi faktla bağlı qanunvericilik nə deyir? Qanunlarımız erməni ilə ailə qurmağı qadağan edirmi?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əksinə, qanunvericilikdə nikahın dövlət tərəfindən qeydə alınması ilə bağlı irqi, milli, dini və etnik ayrı-seçkiliyə yol verilməsi qadağandır: “Qanunlarımızda erməni ilə ailə qurmağı qadağan edən hər hansı maddə yoxdur. Hazırda da ölkəmizdə 30 min nəfər erməni gəlin var. Qanun icazə verir. Əksinə, qanunun tətbiqində dini , irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub. Kim kiminlə istəsə ailə qura bilər. Nikahın qeydə alınmasından imtina olunması məsuliyyət yaradır”.

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini və onların millətimizə qarşı törətdikləri soyqırımları nəzərə alaraq, ermənilərlə ailə qurmağı qadağan edən qanunun qəbul olunmasına gəlincə, Ə.Mustafayev bunun mümkün olmadığını bildirdi: “Çox güman  ki, heç zaman buna gedilməyəcək. Bu, açıq-aşkar etnik ayrı-seçkilik deməkdir və beynəlxalq aləmdə çox böyük qınaq yarada bilər. Ona görə də bu məsələni qaldırmaq belə düzgün deyil.  Bu hər insanın öz mənəvi məsələsidir, onun xalqına, tarixinə nə qədər bağlı olması məsələsidir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada vəziyyət bir qədər fərqlidir. Orada yaşayan ermənilər və azərbaycanlılar bu konfliktdən müəyyən qədər uzaqdırlar. Uzun müddətdir Rusiyada yaşayanlar özlərini bu münaqişədən kənarda hiss edirlər. Orada bu cür hadisələr tez-tez baş verir. Görünür, sonuncu hadisədə ailə başçısı diaspor rəhbəri olduğu üçün  məsələ belə ictimai rəng aldı. Bu cür məsələlərin ciddi şəkildə qaldırılması ölkənin nüfuzunu yüksəldən amillərdən deyil”.

Bəs qeyri-din və qeyri-millətdən olan şəxslərlə ailə qurmağı İslam dini qadağan edirmi?

ilahiyyatçı Samir Ağayev ile ilgili görsel sonucu

 “Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran ilahiyyatçı Samir Ağayev bildirdi ki, İslam dini qeyri-müsəlmanlara qız verməyi qadağan edir: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir. Şəxsin xristian və ya yəhudi olmasının, hansı millətdən olmasının fərqi yoxdur. Əsas amil onun müsəlman olub-olmamasıdır. Qurani-Kərimdə də buna işarə edən ayələr var. Həzrəti Məhəmməd peyğəmbərin sünnəsində də bunu qadağan edən kəlamlar var. Müsəlman aləminin tarixi  ənənəsi də göstərir ki, buna heç zaman  yol verilməyib. Qeyri-müsəlmanlardan qız almağa isə dində icazə var”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir