Modest Kolerov: “Ermənistan NATO təlimlərində iştirak etməklə öz-özünə zərər vurur”
Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakını Moskva susqunluqla qarşıladı. Elə buna görə bir çoxları İrəvanın məhz Moskvanın razılığı ilə təlimlərdə iştirak etdiyini vurğulayır.
Buna baxmayaraq Rusiya mediasından, xüsusilə Ermənistana yaxın mətbuatdan məsələ ətrafında ziddiyyətli səslər gəlməkdədir.
Qatı ermənipərəst mövqeyi ilə tanınan “Regnum” saytının baş redaktoru, politoloq Modest Kolerovun müsahibəsi bu qəbildəndir.
Modest Kolerov “ru.1in.am” saytına verdiyi müsahibədə diqqəti Ermənistanın Gürcüstanda keçrilən hərbi təlimlərdə iştirak etdiyi eyni vaxtda Rusiya ilə birgə ordu yaradılması haqqında sazişin ratifikasiya edilməsinə çəkib: “Görünür, Ermənistan özünün çoxvektorlu siyasəti çərçivəsində NATO-nun hərbi təlimlərində iştirak edəcəyi barədə əvvəlcədən məlumat verib. Lakin onu bildirməliyəm ki, çoxvektorluluq təkcə nəzəriyyə deyil, həm də reallıqdır. Çoxvektorluluq, bərabərlik, tarazlıq deməkdir, bu, bir hərəkətin digəri ilə neytrallaşdırılmasıdır. Belə çıxır ki, Ermənistan NATO təlimlərində iştirak etməklə Rusiya ilə birləşmiş ordunun yaradılması haqqında qərarını neytrallaşdırmış olub”.
Kolerov çoxvektorlu siyasətin Ermənistanın çoxdankı arzusu olduğunu bildirib: “Ermənistan NATO-nun hərbi təlimlərində iştirak etməklə, Rusiya ilə birgə ordu qurulması ilə bağlı verilən qərar arasında tarazlıq yaratdığını göstərmək istəyir. Lakin onu qeyd etmək lazımdır ki, İrəvan bu siyasətlə birləşmiş ordunun yaratdığı təsiri də neytrallaşdırıb. Ermənistanın Türkiyə və Azərbaycanla birlikdə NATO çərçivəsində birgə layihələrdə iştirak etməsi onu göstərir ki, Rusiya ilə birgə qurulacaq ordu ona artıq lazım deyil, vəssalam…”
Modest Kolerov Ermənistanın bu cür çoxvektorlu siyasətlə özünə zərər vurduğunu düşünür: “Ermənistan özünə ziyan vurmaqla məşğuldur. Onun NATO ilə yaxınlaşması birgə ordunun siyasi çəkisini xeyli azaldır. Bundan sonra bu ordudan nə Azərbaycan, nə də Türkiyə qorxacaq. İndi Ermənistan onların ikisi ilə də barışmaq üçün NATO-nu çağırsın”.
Modest Kolerov sonda dünyada demək olar ki, bütün məsələlərdə kəllə-kəlləyə gələn ABŞ və Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı zidd mövqedə durmadıqlarını söyləyərək, erməni həmkarlarına təsəlli verib.