“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı parlaq çıxışı dərin məntiqi əsaslara, ciddi faktlara söykənməklə beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyəti, təşkilatın fəaliyyətindəki çatışmazlıqları əks etdirdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycan dövlətinin uğurlu inkişafı, regionda və dünyada əhəmiyyəti, Ermənistanın işğalçılıq və terror siyasətinin nəticələri, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbləri ilə bağlı çox dolğun məlumat verdi”. Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanı dünyaya müasir, sabit, demokratik ölkə kimi təqdim etdi, ölkəmizin prioritetlərini açıqladı və bildirdi ki, demokratik inkişaf, insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas hədəflərindəndir: “Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqların tam şəkildə təmin edildiyini nəzərə çatdıran Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın dünya birliyi üçün əhəmiyyətini, sülh və tolerantlıq mühitinin möhkəmlənməsinə, sivilizasiyalar arasında dialoqun təmin olunmasına töfhələrini bir daha vurğuladı”.
Sahibə Qafarova deyib ki, Azərbaycanın bu gün qazandığı nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən müstəqil, milli maraqları qorumağa yönəlmiş siyasi kurs dayanır. Azərbaycan hər bir məsələdə özünün milli maraqlarından çıxış edir. Bu, Azərbaycan xalqının və dövlətinin ən böyük xoşbəxtliyidir. Dövlətimizin başçısı da sözügedən çıxışında bu məsələnin əhəmiyyətini qeyd edərək vurğuladı ki, Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar”.
Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidentinin parlaq, diqqətləri üzərinə çəkən tarixi çıxışı fonunda Ermənistandakı hərbi xuntanın başçısı Serj Sarkisyanın sözügedən tədbirdəki çıxışı ikrah hissi doğurmaya bilməz: “Əslində, biz bu günə qədər də dəfələrlə Serj Sarkisyanın ağ yalanlarını, boş, məzmunsuz hədyanlarını, şər – böhtanlarını eşitmişdik. Xüsusilə daxili auditoriya qarşısında çıxışlarında o, mütəmadi olaraq bu cür yalanlara əl atır, əsl erməni xislətini ortaya qoyurdu. Azərbaycan xalqına qarşı həyata keçirilən terror siyasətinin və soyqırımlarının birbaşa təşkilatçılarından və iştirakçılarından biri olan Sarkisyanın, növbəti dəfə BMT Baş Assambleyası kimi mötəbər bir tribunadan saxtakarlıq etməsi ən yumşaq şəkildə ifadə etsək, təəssüf doğurur. Əlbəttə, möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Sarkisyan kimi terrorçunun, despotik və cinayətkar rejim rəhbərinin belə harınlığına səbəb, həm də beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlardır. Əgər bu günə qədər BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymayan, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan diktatorluğuna və onun rəhbərinə qarşı beynəlxalq təzyiqlər, sanksiyalar tətbiq olunsaydı, o zaman bu mənzərəni müşahidə etməzdik. Terrorçu Sarkisyanın yeri BMT tribunası deyil, beynəlxalq məhkəmədir”.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyev sözügedən çıxışnda həm də Sarkisyan və Ermənistanın havadarlarına ciddi mesajlar verdi: “Dövlətimizin başçısı bir daha xəbərdar etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində status-kvo dəyişməlidir. Həmçinin Ermənistan rəhbərliyi və dövləti təxribatlara son qoymalıdır: Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. Ali Baş Komandan azərbaycanın sülh danışıqlarında beynəlxalq hüququn ali norma və prinsiplərinə istinad etdiyini xatırladaraq dedi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq. Hesab edirəm ki, Ermənistan diktatorluğu və onun havadarları, möhtərəm Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır”