Bazar , 22 Dekabr 2024
Drone Cameras

Ermənistanın “beynəlxalq konfrans” oyunu etirazla qarşılanıb

“Azərbaycan XİN konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa çağırır”

Ermənistan dövləti işğal etdiyi Azərbaycan torpaqlarında hər dəfə təxribatlar yaratmaq, qeyri-qanuni olaraq tədbirlər keçirməklə gündəmə gəlir. Ermənistanın bu kimi əməlləri hər zaman Azərbaycan dövləti tərəfindən etirazla qarşılanır. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın növbəti bu kimi əməlinə görə beynəlxalq aləmə çağırış edib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu il 14-17 sentyabr tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır: “Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi, guya, gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən, bu kimi tədbirlərin əsas iştirakçılarını, əsasən, Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir”.
O bildirib ki, Azərbaycan XİN konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi İrəvanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırır. “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq”. 
H. Hacıyev bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq. 
Qeyd edək ki, Ermənistanın işğal etdiyi torpaqlarımızda belə bir konfransın keçirilməsini planlaşdırması Azərbaycan gəncliyi tərəfindən də qınanıb. 

“Əməkdaşlıq etdiyimiz Avropa ölkələrinin gənclər təşkilatlarını belə səfərlərdən çəkindirməyə çalışacağıq”

Demokratik Azərbaycan Naminə Gənclər Birliyinin (DANİB) sədri Elməddin Behbud qəzetimizə bildirdi ki, Ermənistan BMT-nin də Azərbaycan ərazisi olduğunu birmənalı şəkildə qəbul etdiyi torpaqları işğal altında saxlamasının, qanunsuz fəaliyyətlərinin ömrünü uzatmaq üçün davamlı şəkildə beynəlxalq ictimaiyyətin aldadılması üçün addımlar atır: “Bunlardan biri də Qarabağ ərazisində hansısa dırnaqarası beynəlxalq tədbirlər təşkil edib oyuncaq marionet qurumu dünyaya təqdim etməkdir. Təşkil etmək istədikləri toplantının mövzusu çox gülüşdoğurucudur. Çünki Ermənistanın beynəlxalq münasibətlər sistemindəki olmayan yerini inkişaf etdirmək, ölkəni dünyaya təqdim etmək üçün ilk olaraq rəsmi İrəvanın müstəqil siyasi kursa keçid etməsi lazımdır. Bu isə Ermənistandakı mövcud vəziyyətdə mümkün deyil. Ölkənin sərhədlərindən tutmuş iqtisadi potensialına qədər bütün sahələr öz nəzarətində deyil. Bütün dünya Ermənistanı olduğu kimi – Rusiyanın bölgədəki forpostu, vassalı kimi tanıyır. Özlərinə bir normal, müstəqil dövlət yarada bilməyən faşizmin müasir ardıcıllarının özgə torpaqları hesabına bölgədə ikinci dövlət qurmaq həvəsi, əmin olun ki, gözlərində qalacaq. Əvvəllər də belə təşəbbüslər olub, hazırda da var və güman ki, Ermənistanla olan bütün dövlət sərhədlərimizə Azərbaycan sərhədçiləri nəzarət imkanını bərpa edənə qədər belə təxribatar davam edəcək. 14-17 sentyabr tarixlərində Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsinə çalışması da bu qəbildəndir. Düşünürəm ki, özünə, təmsil etdiyi dövlətə və beynəlxalq hüququn prinsiplərinə hörmət edən heç bir gənclər təşkilatı işğal edilmiş, silah və narkotika qaçaqmalçılığının ən cəlbedici ünvanına çevrilmiş ərazidə keçirilən konfransa, tədbirə qatılmayacaq, çirkin siyasi məqsədlər üçün istifadə olunmalarına, alətə çevrilmələrinə razı olmayacaqlar”. 
DANİB sədrinin fikrincə, bu tip təxribat əməllərini gerçəkləşdirmək üçün, əsasən, aldadılmış, maddi vasitələrlə şirnikləşdirilmiş xarici vətəndaşlardan və xarici ölkələrdəki erməni diasporunun nümayəndələrindən istifadə edilir: “Bunlar isə uğursuz və effekt verməyən cəhdlərdir. Digər cəhətdən isə Azərbaycanın suverenliyinin, qanunlarının, sərhədlərinin kobud şəkildə pozulması halları həmin xarici ölkə vətəndaşları üçün ciddi məsuliyyət yaradır. Azərbaycanın bu məsələdə nə dərəcədə qərarlı olması yaxın təcrübədən Ermənistana yaxşı bəllidir. Biz imkanlarımız çərçivəsində əməkdaşlıq etdiyimiz Avropa ölkələrinin gənclər təşkilatlarını Ermənistanın sözügedən təxribatçılıq fəaliyyəti haqqında məlumatlandıraraq onları belə səfərlərdən çəkindirməyə çalışacağıq”.

“Ermənistanın belə tədbir planlaşdırması təxribat xarakteri daşıyır”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, politoloq Salman Umudov dedi ki, ermənilər hər zaman öz yalanları ilə dünyanı aldadırlar: “Təəssüf ki, dünya ölkələri hələ də Ermənistanın işğalçı simasını görmür. Məhz buna görə də müxtəlif sahələrin insanları Ermənistanın Azərbaycana məxsus torpaqlarında keçirdiyi qeyri-qanuni tədbirlərdə aldadılaraq iştirak edirlər. Beynəlxalq hüquq baxımından bu tədbirin keçirilməsinin heç bir əsası yoxdur. Buna görə də Ermənistan dövləti cinayət məsuliyyəti daşıyır. Ayrıca bu tədbirə dəvət olunanlar bilərəkdən və bilməyərəkdən Azərbaycanın sərhədlərini pozmuş sayılırlar”. 
Salman Umudov bildirdi ki, Ermənistanın belə tədbir planlaşdırması təxribat xarakteri daşıyır: “Ermənilər bir neçə dəfə belə tədbir keçirmək istəyiblər. Amma hər zaman uğursuzluğa düçar olublar. Ümid edirik ki, Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin çağırışları ilə bu tədbirin qarşısı alınacaq”. 

“Xarici dostlarımızdan bu məsələyə həssas yanaşaraq bizə dəstək olmalarını rica edəcəm”
YPİDA beynəlxalq təşkilatı idarə heyətinin üzvü Nihad Allahyarlı düşünür ki, belə tədbirin planlanması qondarma rejimin tanınmasına hesablanmış addımdır: “Bunu informasiyanın ən mobil daşıyıcıları olan gənclər vasitəsilə etmək istəyirlər. Amma qarşı tərəf anlamır ki, biz Azərbaycan gəncliyi olaraq işğal altında olan torpaqlarımızda ikinci bir erməni dövlətinin qurulmasına imkan verməyəcəyik. Bildiyim qədərilə Azərbaycan XİN bu təxribatın əngəllənməsində aktiv iş aparır və beynəlxalq təşkilatları bu məsələdə həssas olmağa çağırır. 
Təbii ki, mən həmişə istər beynəlxalq gənclik forum və layihələrində, istərsə də müxtəlif toplantılarda mövzunun nə olmasından asılı olmayaraq həmişə Qarabağ problemini qabardır və işğalçı erməni siyasəti haqqında xarici partnyor və həmkarlarımı maarifləndirirəm. Təbii ki, bu prosesdə də belə olacaq və illərlə qazandığımız dünyanın fərqli ölkələrindən olan xarici dostlarımızdan bu məsələyə həssas yanaşaraq bizə dəstək olmalarını rica edəcəm”.
Nihad Allahyarlı dedi ki, beynəlxalq təşkilatlara müraciət edib Ermənistan tərəfinin təşkil etdiyi bu təxribat meyillərinə dəstək verməməyə çağıracam: “2016-cı ilin oktyabr ayında İspaniyanın Barselona şəhərində YPİDA Beynəlxalq Təşkilatının idarə heyəti seçkilərində namizədliyimin irəli sürülməsi və aprel ayında Ankarada baş tutan toplantıda dəstəklənməsi nəticəsində Avropanın 5 ölkəsində gənclər mərkəzləri olan və ölkə gəncliyi ilə geniş iş aparan bir təşkilatın idarə heyətində yeganə azərbaycanlı kimi təmsil olunmaq şansı qazandım. Elə həmin iclasda da, təklifim əsasında YPİDA “Xocalıya Ədalət” kampaniyasına partnyor olmaq qərarı aldı və bütün Avropa ofislərində bu kampaniyanın hər il qeyd edilməsini gündəliyinə daxil etdi. 
İndiki bu prosesdə də idarə heyətində təmsil olunduğum bu təşkilatı Avropada olan 250-dən çox yerli partnyor təşkilatlarına məktubla müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağıracağam”.

“Gürcü gənclərin bu cür tədbiri bəyanatlarla qınamaqlarına çalışmalıyıq”
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov dedi ki, bu, erməni diasporunun “bəynəlxalq konfrans” oyunudur: “Beynəlxalq konfrans o konfransdır, hansı ki, beynəlxalq dostluq tərəfindən tanınan müstəqil ölkədə keçirilir. Bu planlaşdırılan tədbirə “beynəlxalq konfrans” sözü əsla uyğun gəlmir. Erməni diasporunun niyyəti Qarabağı işğal olunmuş ərazi kimi yox, oranı bir güclü subyekt kimi göstərməkdir. Niyyətləri gözəl olsaydı, bu cür tədbiri başqa ölkədə keçirməyə çalışardılar”.
Əli Bədirov bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatı alqışlayır: “Və o mesaj bizlərə də çatır. Bu vəziyyətdə bizə düşən isə Gürcüstanda sayılan, sevilən perspektivli gürcü gənclərin o tədbirdə iştirak etmələrinə qarşı çıxmaqdır. Hətta onların da bu cür tədbiri bəyanatlarla qınamaqlarına çalışmalıyıq”.
Fuad Hüseynzadə

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir