Səsinin, sənətinin, şəxsiyyətinin heyranı olduğum insandır o… Sevdiklərini ömür qatarında yola salıb, arxasınca baxmağı özünə qadağan edən, dünyanın zalımlığından yorulanda öz hücrəsində belə dincliyi olmayan, yer üzündəki bir itin də ancaq onu tapmasından gileylənən, sonda yerdəkilərdən bezib “gedəcəyəm, göylər məni çağırdı” deyə hayqıran sənətkardır Flora Kərimova… Kim nə deyirdesin, amma xalqın ona olan sevgisi heç vaxt bir damla belə əskilmədi. Və elə onu yaşadan da bu sevgi oldu.
Böyük sənətkar Flora Kərimovanın Yeniçağ.az saytına müsahibəsini təqdim edirik.
– Şəhərin səs-küyündən qaçmısız bu bağa? Yoxsa artıq insanların riyakarlığı sizi bezdirdi?
– Bax da… Yox ay qızım, bağda təmir etdirirəm. Balalarım gələcək.
– Amma nədənsə, gözlərinizdə bir narahatlıq var.
– Qorxuram, öləm, çatdırmayam. (çox qəribədir ki, bu yerdə azan verilir)… Bilirsiz, insan bir işi edəndə onun bəhrəsini görmək istəyir.
– Amma mən tanıyan Flora xanım heç vaxt heç nədən qorxmayıb, hətta ölümdən belə…
– Mən ölümə həmişə hazır olmuşam. Çünki mən qorxa-qorxa qorxudan çıxmışam.
– Bəs axirət, mələklər, qıl körpüsü…
– Ay qızım, mən elə şeylərə inanmıram. Allahla mənim arama heç kim və heç nə girə bilməz.
– Amma Allaha dua etmədiyinizi də bilərəm.
– Heç vaxt dua etmədim. (xüsusi ahənglə) Bir-iki dəfə də qarğış etdim, o da düşmənlərimi tutmadı. O, özü hər şeyi bilir. Mən öz dualarımla onu çaşdırmaq istəmirəm. Qisməti, xasiyyəti Allah verir. Mələklər heç nə edə bilməz. Mənim Allahla öz sazişim var. Hərdən əllərimi silkələyə-silkələyə Onunla danışıram: deyirəm, birdən ürəyindən mən keçərəm, hələ yox…
– Gedənlər adətən, vəsiyyət edir. Yerdəkiləri kimə tapşıracaqsız?
– Yerdəkiləri tapşırmaq üçün kiməsə güvənmək lazımdır axı… (düşünür) Yerdəkiləri yeri bu günə salanların ümidinə qoyub gedəcəm. Onlar ki sənətə belə işgəncə verdilər, onlar ki sənətkar sözünün mənasını dəyişib, onu yerə çırpdılar, onlar ki insanlıq sözünü tərbiyəsizliyə çevirdilər, qadın aktrisalara baxıb “filanşüdə” dedilər, kişilərimizi də biqeyrət etdilər… mən bu dünyanı onların ümidinə qoyub gedirəm.
– O biri dünyaya inanırsız?
– Yox. Mənim cənnətim də, cəhənnəmim də bu dünyadır. Bilirsiz niyə inanmıram? Çünki Yaradan bizim qismətimizi yazır. Mən bu həyatda bir din davası, bir millət, bir də qismət davası ilə razı deyiləm.
– Həyatda heç qismətinizi əlinizdən buraxdığınız anlar oldumu?
– Yox. Amma hansısa addımlarıma çox təəssüfləndim. Mən demişəm ki, əgər mən bu dünyaya bir də gəlsəydim, həyatımı dəyişməzdim, sadəcə kiçik korrektələr edərdim. Amma sütununa dəyməzdim. Əgər insan öz istedadı, öz qabiliyyəti, öz kimliyi barədə unudursa və həmişə də adi bir insan kimi gözdən düşməyə qorxursa, onda heç vaxt özü barəsində nə yüksək fikirdə olacaq, nə də özünü kimdənsə artıq hesab edəcək. Mənim heç nəyim yoxdur. Mən Yaradanın tapşırığının – yaratdığı obrazın keşiyində duran adamam. Baxın, o, mənim timsalımda çox ağır bir obraz yaratdı və dedi: sən iztirab çəkəcəksən, bəlkə sənə güləcəklər, bir az qabiliyyətin var deyə, səni gözdən salmağa çalışacaqlar, ayağından dartacaqlar və sən özünə başqa bir yol seçə bilərsən… amma mümkün olmayacaq; çünki Mən sənin qismətini belə yazmışam.
– Durduğunuz zirvədən Azərbaycanın musiqi sənəti necə görünür?
– Bərbad. Ay sənə qurban olum, mənə bu sualları niyə verirsiz ki? Bilirsiz axı mən deyəcəm. Kimə baxım sevinim ki?
Məsələ bu gün sənətkar olmaqda deyil. Məsələ xalqa lazımlı sənətkar olmaqdadır.
– Sizi neçə illərdir tanıyıram. Bütün dövrlərdə Flora Kərimovaya qarşı kampaniya, gözdənsalmalar, böhtan atmalar, qara yaxmalar oldu. Amma bütün bunlara baxmayaraq, xalq Flora Kərimovanı sevdi. Sizcə, bu sevginin kökündə nə dururdu?
– Bir dəfə bəstəkar Cavanşir Quliyevlə parkla gedirdik. Hamı mənimlə salamlaşır, öpüşür, şəkil çəkdirirdi. Onda Cavanşir dedi ki, bax, əsl məhəbbət budur. Cavab verdim ki, mən ətrafımda olan hamıdan xəyanət gözləyirəm, bircə millətimdən başqa. O yeganə varlıqdır ki, məni satmadı. Ən çətin gündə millət mənə dayaq oldu. Cavanşir də mənə dedi ki, çünki sən də ən ağır günündə millətin yanında idin. Çünki o anda mən hər saniyəmə cavabdeh idim. Axı qalxmaq asandır, amma o zirvəni qorumaq çətin… Mən, mənim xalqıma pislik edəni də heç vaxt bağışlamaram.
– Bəs İlhamə Quliyevaya nə vaxtsa rəhmət kəlməsi oxuyacaqsız?
– Heç vaxt. Dedim axı: xalqıma pislik edənləri heç vaxt bağışlamaram. O, mənim cavanlarımın tərbiyəsini korladı. Həyatın qanunu budu qızım, nə qədər çox qazanmaq istəyirsənsə, bir o qədər də çox itirirsən.
– Kimin üçün dediniz ki, həyat məni ağladanda gülmüşəm, sən ağlatsan gülmək olmur, nədəndir?
– Həyatda bir dəfə ağlamışam: o da qızımın qarşısında… Mən bütün həyatımı övladlarımı düşünərək yaşadım. Və Allah eləməsin, mən İlhamə Quliyeva kimi yaşasaydm, mənim qızım hansı halda olardı? Həmişə bir şeyi fikirləşmişəm: qızım var, qapımı döyəcəklər, oğlum var qapı döyəcəm. Mən öz həyat yoldaşımı qapıda qarşılamaqdan heç vaxt yorulmadım. Biz 17 il bir yerdə yaşadıq. Və onun ölümündən sonra istər mənəvi, istərsə də maddi cəhətdən çox ağır günlər yaşadım. Bir onu düşünürdüm ki, birdən mən də ölərəm, övladlarım yetim qalar.
– Belə bir deyim var: anam bu həyatda mənə hər şeyi öyrətdi, bir onsuz yaşamaqdan başqa…
– Bu ifadə sırf mənə aiddir. O, nəvəsini görməyi o qədər çox istəyirdi ki… Amma bu, ona qismət olmadı. Mən anam dünyasını dəyişəndən sonra ana oldum. O an məni bir fikir narahat edirdi: daha heç kimə ana deməyəcəm? Çünki mən anamsız necə yaşayacağımı bilmirdim. Onda mən – gözəl, yaraşıqlı Flora Kərimova idim, – amma heç kim bilmirdi ki, mənim hündürdaban ayaqqabımın altında iyirmiqəpiklik boyda dəlik var. Hamı “sapoşki” geyinəndə mən Flora Kərimova nimdaş tuflilərlə gəzirdim. Ayaqqabımın içinə karton döşəyirdim ki, anam ayaqlarımın islandığını görməsin. Çünki biz onun 60 manatı ilə dolanırdıq. Bir gecə mən onun hıçqırığına durdum. Anam xəcalətindən ağlayırdı. O ərəfədə mən istənilən milyonçunun sevgilisi ola bilərdim, hətta bunu mənə təklif edənlər də vardı. Bir dəfə rəhmətlik bəstəkar Nəriman Məmmədov mənə dedi ki, sən niyə beləsən? Niyə sənin dərdindən dəli olan bu qədər kişi varkən, hamıya etiraz edirsən? Mən isə dedim: qorxuram qismətim yanımdan ötə, görməyim. Ona görə deyirəm ki, mənim xasiyyətim cəlladımdır. Amma hərdən bir şeyə təəccüblənirəm: necə oldu ki, mən sınmadım. Allah mənə həmişə güc verdi.
– Çox istərdim ki, Zümrüd sizin taleyinizi yaşamasın. Heç olmasa Flora Kərimova qızının övladını görsün.
– Bu, ən böyük arzumdur. Kaş siz biləsiz ki, mən onun şəxsi həyatına görə nə qədər narahatam. Ondan sonra ölsəm də gözüm arxada qalmaz.
– Ölüm haqdır. Heç biranlıq da olsa son mənzilinizi “Fəxri Xiyaban”da düşündünüzmü?
– (gülür) Sən gör heç məni Yasamal qəbiristanlığına qoyurlar? O ki qalmışdı “Fəxri Xiyaban” ola… Yaxşı yadıma saldın, sənə bir şey danışım. Fatmayi yolunda bir qəbiristanlıq var. Həmişə ordan keçəndə Yaquta deyirəm ki, “ ay Yaqa, gərək bir dəfə gəlim bura, özümə yer götürüm. Yaqut da deyir ki, darıxma, uzaq başı səni atamın yanında basdıracam.
– Heç yuxularınızda Şuşanı görürsüz?
– Bir dəfə gördüm. Bizim evimiz Şuşa “türməsindən” düşən yoldan sağ tərəfdə yerləşir. Gördüm ki, o daşlıq yolla gedirəm: gənc, gözəl, xoşbəxtəm… Və mən türmə tərəfə qalxdıqca başqalaşıram: yaşa doluram və ətrafdakı kol-kos da mənim əl qolumu qançır edir. Mən o gün yuxuda öz ömür yolumu gördüm. Bilirsiz,
həyat mənə səadətin ancaq quyruğunu göstərdi. Mən hər dəfə özümü təsdiq etmək üçün mübarizə aparanda o xoşbəxtlik əlimdən sivrilib çıxdı. Mən bu həyatda heç xoşbəxt olmadım.
Yeniçağ.az