İrəvanda Fransanın səfirliyinin 30 illiyinə həsr olunmuş tədbirdə səfir Olivye Dekotini çıxış edərək bildirib ki, Fransa Ermənistanın müstəqilliyini tanıyan “ilk dövlətlərdən biri” olub və İrəvanda səfirlik açan ilk ölkələr sırasında dayanır.
Boyukmillet.com xəbər verir ki, səfirin bu bəyanatı Ermənistanda xüsusi diplomatik jest kimi təqdim olunsa da, fransız rəsmilərinin “minnət vurması” bölgədəki siyasi reallıq fonunda bir daha diqqət çəkdi.
Fransadan Qarabağa gedən erməni döyüşçülər – illərlə danılmaz fakt
Qarabağ müharibələrinin hər iki mərhələsində Fransada yaşayan radikal erməni diasporunun üzvlərinin Ermənistan vasitəsilə Qarabağa gedərək Azərbaycan əsgərinə qarşı döyüşməsi artıq arxiv faktıdır.
1990-cı illərdən başlayaraq Marsel, Lion, Paris ətrafı və digər şəhərlərdə fəaliyyət göstərən erməni təşkilatları “könüllülər” toplayır, onları Ermənistana göndərir, bir qismi isə birbaşa Qarabağdakı separatçı dəstələrə qoşulurdu.
Xüsusən 2020-ci ildə bu proses yenidən aktivləşmişdi. 2-ci Qarabağ müharibəsində də Fransadan gəlmiş şəxslərin adı hallanırdı. Bu faktlar Parisin bölgədə “neytrallıq iddiasını” sual altına qoyan mühüm nüanslardan biri kimi qalır.
Fransada türklərə qarşı törədilən terror aktları – unudulan həqiqətlər
Fransa uzun illər ərzində erməni terror təşkilatlarının fəaliyyət göstərdiyi əsas mərkəzlərdən biri olub. Hətta Parisin özündə türk diplomatlarına qarşı ən ağır hücumlar həyata keçirilib.
1983-cü il Orli Hava Limanı terroru – Paris hava limanında Türkiyə Hava Yollarına aid kassanın qarşısında ASALA tərəfindən təşkil olunan partlayış nəticəsində 8 nəfər həlak olmuş, onlarla insan – o cümlədən türk sərnişinləri – yaralanmışdı. Bu hadisə Ermənistan yönümlü terrorçuların Avropanın mərkəzində törətdiyi ən ağır kütləvi qətliam olaraq tarixə düşdü.
Türk diplomatlarının qətlə yetirilməsi – 1970–1980-ci illərdə Fransada Türkiyənin bir neçə diplomatı ASALA tərəfindən qətlə yetirilib. Paris və Lion şəhərlərində baş verən silahlı hücumlar Fransanı uzun müddət erməni terror qruplarının dayaq nöqtəsinə çevirib.
Türk vətəndaşlarına qarşı hücumlar – ASALA üzvləri Fransada türklərin getdiyi mədəniyyət ocaqlarını, ticarət obyektlərini də dəfələrlə hədəfə almış, müxtəlif bomba aksiyaları həyata keçirmişdi.
Fransanın səfirinin “sizi ilk tanıyan biz olmuşuq” sözləri İrəvanda alqışlansa da, tarix və faktlar göstərir ki, Paris illər boyu Ermənistanla yalnız diplomatik xətt üzrə deyil, həm də radikal dairələr, döyüşçü axınları və terror fəaliyyəti ilə bağlı çoxsaylı mübahisəli miras daşıyır.
Bu baxımdan Fransa öz bəyanatlarında nə qədər “dostluq” mesajı versə də, regionda yadda qalan izləri minnətdarlıqdan çox, terror təşkilatlarını himayə edən bir ölkə obrazı ilə xatırlanır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
