Fransanın Ankaradakı səfiri Herve Maqro bu ölkənin Senatına (parlamentin yuxarı palatası) YPG terror qruplaşmasının (PKK terror təşkilatının Suriya qanadı – red.) dəvəti və daha sonra terrorçuların Şərəf medalları ilə “mükafatlandırılması” ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Boyukmillet.com xəbər verir ki, Ankaradakı diplomatik mənbələr bildirir ki, Türkiyə tərəfinin kəskin etirazı və bu cür hərəkətlərin yolverilməzliyi diplomatik missiya rəhbərinin diqqətinə çatdırılıb.
Nazirlik vurğulayıb ki, PKK terrorçularının Suriya qanadı – YPG, eləcə də bu qanlı strukturun Suriyadakı qadın qolu (YPJ), eləcə də qondarma “Suriya Demokratik Qüvvələri” bölgədə separatizm və eskalasiya mənbəyidir.
Ankara Parisi beynəlxalq arenada terrorçuları qanuniləşdirmək cəhdlərindən əl çəkməyə çağırıb. “Türkiyə Fransadan Türkiyə sərhədlərinin və xalqının təhlükəsizliyinin təmin edilməsi, Suriyanın birliyinə və ərazi bütövlüyünə hörmət, o cümlədən Ankara ilə müttəfiqlik ruhu çərçivəsində həmrəylik istiqamətində addımları dəstəkləməsini gözləyir”, – diplomatik mənbələr bildiriblər.
Mənbələrin məlumatına görə, Türkiyənin Parisdəki səfirliyi bu məsələdə Ankaranın qəti mövqeyini Fransa hakimiyyətinə çatdırıb.