Fransanın bir qrup siyasətçisi iyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə nəticələnən hadisədən hiddətlənərək ölkə prezidenti Emanuel Makrona müraciət ünvanlayıblar.
“Report”un xəbərinə görə,müraciətdə deyilir:
“Cənab respublika prezidenti,
Azərbycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun 25 ildən bəri Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur.
Dünən də Ermənistandan gələn ölüm 2 yaşlı qızcığaz Zəhranın və onun nənəsinin həyatına son qoymuşdur. Bu hadisə aralarında yüzlərlə dəhşətli Xocalı soyqırımının və doğma torpaqlarının işğalı ilə nəticələnmiş əsil etnik təmizləmənin qurbanları olan, öz yurd-yuvaslndan qovulmuş bir milyon azərbaycanlı qaçqın və didərgini bir daha yada salır.
Xüsusilə, yaşadığımız dünyanın narahatlığını nəzərə alaraq ən qısa vaxtda bu münaqişənin ədalətli və dayanıqlı sülh ilə nəticələnməsi üçün yenidən danışıqlara başlanmalıdır, çünki Azərbaycanın təmkinli davranışı olmasa, bu Qafqaz münaqişəsi bütün regionu alova bürüyə bilər.
Bildiyiniz kimi, münaqişənin həllinin fundamental əsasları Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və eləcə də BMT-nin Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində müəyyənləşdirilmişdir və bu sənədlər işğalçı erməni qoşunlarının heç bir şərt qoymadan dərhal və bütünlüklə Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr həyata keçirilmir.
Durum aydındır, beynəlxalq ictimaiyyətin sərəncamında həm səsvermə ilə qəbul edilmiş qətnamələr, həm də münaqişənin həlli yollarını aramaq missiyasını daşıyan Minsk Qrupu var. Azərbaycan torpaqlarının 20%-nin işğalına və bu son 25 ildə davam edən «status-kvo»ya son qoymağın zamanı gəlmişdir. Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox mühüm bir məsələdir.
Mütləq və təcili şəkildə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir.
Fransa 1997-ci ildən etibarən Rusiya və Amerika Birləşmiş Ştataları ilə birgə Minsk Qrupunun həmsədridir. Onun tərəfdaşları strateji və ya taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün imkanların səfərbər olunmasında maraqlı görünmürlər.
Vasitəçilərin ləngimələrinə son qoymağın zamanıdır və münaqişənin yenidən başlanması yolverilməzdir. Məhz buna görə də, Cənab Respublika Prezidenti, Minsk Qrupunun həmsədri və Birləşmiş Millətlər Təşkilatı Təhşülkəsizlik Şurasının üzvü kimi, sizin daşıdığınız vəzifələrin öhdəliyinə uyğun olaraq dərhal hərəkətə keçməyinizi xahiş edirik.
Ölkəmizin Qafqazda hərəkət etmək imkanı var. Bizim Ermənistan və Azərbaycanla balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələrimiz var və bu əlaqələr imkan verir ki, müharibə edən tərəflər bizi eşitsinlər. Bunun üçün bizə, sadəcə, güclü siyasi istək lazımdır.
Fransanın bynəlxalq arenaya qayıdışının işarəti ilə başlayan yeni beşilliyin əvvəlində beynəlxalq hüquqa və insan həyatına hörmət edilməsini təmin etmək məqsədi ilə Fransanın Qafqazda təşəbbüs göstərməsi yerinə düşməzdimi?
Cənab Prezident,
Sizin reaksiya vermək və Qafqazda sülhün bərqərar olunması üçün hər cür ədalətli təşəbbüslər göstərmək istəyinizə inanaraq, ən yüksək ehtiramımızı qəbul etməyinizi rica edirik”.
Raşida DATİ
Keçmş Nazir, Avropa deputatı
Jan-Mari BOKEL
Keçmiş Nazir, Yuxarı Rin bölgəsindən senator
Jan-Pyer DOR
Luare bölgəsindən deputat
Jerom Lamber
Şarant bölgəsindən deputat
Jan-Luk REYTZER
Yuxarı Rin bölgəsindən deputat
Andre VİLYE
Yon bölgəsindən deputat
Andre REYXART
Aşağı Rin bölgəsindən senator, Avropa İşləri Komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə Sədr müavini
Natali Qule
Orn bölgəsindən senator, Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Sədr müavini
Jerom BİNyON
Som bölgəsindən Senator
Erik DOLİJ
Luare bölgəsindən Senator
Silvi QOY-ŞAVAN
En bölgəsindən Senator
Alən UPER
Kot-d`Or bölgəsindən Senator
Kristian NAMİ
Möz bölgəsindən Senator
Alən VASSEL
Uaz bölgəsindən Senator
Jan-Fransua MANSEL
« Azərbaycanln Dostları » Birliyinin Prezidenti, sabiq deputat
İv ALBARELLO
Kley-Suyyini (Claye-Souilly) meri, sabiq deputat,
İv FULON
Arkaşonon şəhərinin meri, sabiq deputat
Jan-Mari TETAR
Sabiq deputat, Udan şəhərinin meri
Jorj FENEŞ
Sabiq deputat.