Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Futbolda videotəkrar: şəffaflıq üçün tarixi zərurət(mi?!) – MƏQALƏ

Son günlər dünya futbolunda daha çox diqqət mərkəzinə düşən məsələlərdən biri Konfederasiyalar Kubokunda videotəkrarların test olaraq tətbiqidir. Texnoloji yeniliklərin futbola sirayətini nəzərə alaraq, mövzu ilə bağlı fikirlərimi bölüşmək qərarına gəldim.

Konfederasiyalar Kuboku zamanı azarkeşlər futbolu yeni baxış bucağından görə bildilər. Bu rakurs videotəkrarların tətbiqi ilə bağlıdır. Hələ 30 il əvvəl mətbuat, futbol mütəxəssisləri və digərləri videotəkrarlarla bağlı danışsalar da, funksionerlər bu yeniliyə münasibətdə bir qədər məsafəli davranırdılar.

Bunun bir neçə səbəbi vardı. İlk növbədə, funksionerlər futboldakı dinamik intriqa və emosiyaların itiriləcəyindən çəkinirdilər. Eyni zamanda, o dövrdə texniki tərəqqinin indiki kimi yüksək səviyyəyə çatmamasını, həmçinin texnoloğiyaların futbolda tətbiqinin istənilməməsini qeyd etmək olar.

Lakin budur, İFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) VAR-ın (videotəkrarlar) pilot layihə kimi tətbiqi barədə qərar qəbul etdi.

Əvvəlcə bu sistemin necə çalışmasına baxaq…

A. Komandaların videotəkrar tələb etməyə ixtiyarı yoxdur. Yalnız qarşılaşmanın baş hakimi mübahisəli epizodu aydınlaşdırmaq məqsədilə oyunu dayandırmaq və videoasistentlərdən videoyazıya baxmağı xahiş etmək hüququna malikdir. Həmçinin videoasistentlərin oyunun müqəddəratına təsir edə biləcək hər hansı epizodla bağlı (penalti, meydandan kənarlaşdırma, oyunçuların dəyişik salınması və nəhayət, qol) oyunu dayandırmaq təklifini irəli sürmək səlahiyyəti var.

Yekun qərarı oyunun baş hakimi verir. O, qərarında əmindirsə və köməkçilərinə inanırsa, videotəkrar sistemi tətbiq olunmur.

B. Konfederasiyalar Kubokunda şahidi olduğumuz daha bir məqam var: Hadisədən bir neçə saniyə sonra referi oyunu dayandırır və videotəkrar sisteminin işə qoşulması qərarını verirdi. Bu o deməkdir ki, ayrıca otaqda ekran qarşısında əyləşən videoasistentlər həmin pauzanın yaranmasını istəyiblər. Bu halda baş hakim jestləri ekran və ya kvadratı andıran işarə verməlidir ki, oyunu izləyənlər yaranmış fasilənin səbəbini anlasınlar. Əksər hallarda bu cür fasilələr ofsaydın olub-olmaması, topun ələ dəyib-dəyməməsi və qayda pozuntusunun olub-olmaması ilə bağlı məqamların aydınlaşdırılması üçün yaranır.

C. Referinin meydanın kənarında quraşdırılmış monitora baxmaq hüququ var. Yeri gəlmişkən, Konfederasiyalar Kuboku zamanı biz hakimin epizodu bir daha dəyərləndirmək məqsədilə meydanın kənarındakı monitora baxmasının bir neçə dəfə şahidi olduq.

VAR pilot layihəsinin testi zamanı videoasistent funksiyasını yalnız hazırda fəaliyyətini davam etdirən, eləcə də sabiq hakimlər yerinə yetirə bilər. Videotəkrarlarla bağlı ayrıca mütəxəssislər olmadığı üçün videoasistentlər mütləq qaydada təkrar hazırlıq prosesinə cəlb olunurlar.

Videoyazını çox geriyə çəkməyə icazə verilmir. Hakimlər yalnız sonuncu epizodu izləmək hüququna malikdirlər.

Bugünlərdə oxudum ki, layihənin testi ABŞ, Avstraliya, Braziliya, Almaniya, Portuqaliya və Hollandiyada davam etdiriləcək. İtaliya A Seriyası da bütün avadanlıqların operativ şəkildə quraşdırılması və 2017/2018-ci il mövsümünün startından etibarən videotəkrar pilot layihəsinin tətbiqi barədə qərar verib.

İngiltərə Premyer Liqasında videotəkrarlara 2018-ci ilin yayından etibarən baxılacaq. Təbii ki, 2018-ci ildə keçiriləcək dünya çempionatı da bu baxımdan istisna olmayacaq.

Bundesliqada artıq maraqlı statistika dərc olunub. Ötən mövsümün ilk yarısında hakimlər 59 ciddi səhvə yol veriblər ki, videotəkrarlar tətbiq olunacağı halda, bu yanlış qərarların 45-ni düzəltmək olardı.

Bizim Hakimlər Komitəsinə də səhvlərin statistikasını və videotəkrar sistemini öyrənməyi tövsiyə edirəm. Testlərin nəticəsi növbəti il təhlil olunmalıdır. Yekun qərar 2019-cu ildə qəbul olunacaq. Hakimlərimiz hazır olmalıdır. 

Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə Premyer Liqamızda VAR sistemi test olaraq tətbiq edilməsin?!

Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var.

Açığı, bu sistemə mən də skeptik münasibət bəsləyirdim. Lakin Konfederasiyalar Kubokundan sonra testin davam etdirilməsinə rasional yanaşıram. Konfederasiyalar Kuboku onu göstərdi ki, videotəkrar sisteminin tətbiqi ilə də futbol öz dramatikliyini və emosionallığını qoruyub saxladı və əlbəttə, bu sistem sayəsində daha da şəffaf olacaq.

Videotəkrarlar proqramının rəhbəri Devid Ellereyin bir sitatını xatırlatmaq istərdim: “Əsas məqsədimiz budur ki, futbolda daha Anrinin əllə qoluna və “Tanrının əli”nə rast gəlməyək”. Bu sıraya “Qarabağ”ın Milan “İnter”inə vurduğu qolu da əlavə edərdim…

Elxan Məmmədov

AFFA-nın baş katibi

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir