Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Gələn il istehlak mallarının qiymətində ciddi artım olacaq” – İqtisadçıdan PROQNOZ

Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında inflyasiyanın ötən ilin eyni dövrünə nisbətən 5.7 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının eyni dövrdə 6.7 faiz bahalaşdığını açıqlayıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, mövcud inflyasiyanın beşdə dördü qeyri-monetar amillər, yəni pul və kredit siyasəti ilə əlaqəsi olmayan faktorlardan qaynaqlanır.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, inflyasiyanın təbii və qeyri-təbii təsir metodları var:

“İşləyənlərin sayı artdıqca pul kütləsinin dövriyyəsi də artır. Qeyri-təbii amillərə isə müxtəlif məhsulların qiymətinin bahalaşdırılması aiddir. Son dövrlər Azərbaycanda bir neçə dəfə məhsulların qiymətində və rüsumlarda artım baş verib. Gələn ildən isə minimum əməkhaqqının məbləğinin 300 manata yaxın artırılması gözlənilir. Bu amillərin iqtisadi proseslərə birbaşa təsiri danılmazdır. Bu baxımdan, inflyasiyanın artmasına kompleks şəkildə yanaşmaq lazımdır.

Bütövlükdə ölkədə monetar və makroiqtisadi istiqamətdə baş verən proseslər bir-biriylə əlaqəlidir. Bura gömrükdən tutmuş istənilən sahə üzrə qiymət artımına qədər bütün məsələlər aiddir. Məlumata görə, bu ilin 7 ayı ərzində inflyasiyanın miqdarı 4.6 faiz təşkil edib. Proqnozlara əsasən, növbəti ildə bu göstərici aşağı düşəcək və 4.3 faiz olacaq. Fikrimcə, hazırda inflyasiya artımına səbəb olacaq ciddi amillər yoxdur. Azərbaycan bazar iqtisadiyyatı dövründə yaşayır. Belə bir dövrdə inflyasiyanın tənzimlənməsi olduqca çətin olur. Əslində, bu proses azad buraxılmalıdır ki, iqtisadi proseslər özünü tənzimləsin. Dövlət sadəcə istiqamətverici funksiyanı yerinə yetirməlidir. Əgər Azərbaycanda yeni iş yerləri açılarsa və istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilərsə, inflyasiya normal səviyyədə tənzimlənə bilər. Bununla yanaşı, manatın dəyərdən düşməsinin də qarşısı alına bilər. İqtisadi sistem düzgün idarə olunarsa, məhsulların qiymət artımı baş verməyəcək”.

İl ərzində baş verən qiymət artımının təkcə Azərbaycanda deyil, dünya ölkələrində də baş verdiyini qeyd edən Vüqar Oruc vurğulayıb ki, bu proses təxmini bir və ya iki dəfə yaşanır:

“Bahalaşma dalğası, əsasən, bayram günlərində baş verir. Bu baxımdan, yeni ildə və gələn ilin mart ayında gündəlik istehlak mallarının qiymətində ciddi artım olacaq. Hesab edirəm ki, artıq bununla bağlı tədbirlər görülür. Əməkhaqqının yenidən qaldırılması və yeni iş yerlərinin açılması üçün atılan addımlar müəyyən dərəcədə bahalaşma zamanı vətəndaşlara dəstək ola bilər. Ümumilikdə, iqtisadi problem zolaqları bütün ölkələrdə müşahidə olunur. Pandemiya dövrü və bundan öncəki qlobal maliyyə problemi dünya iqtisadiyyatına zərbə vurub”.

Gülşən Şərif

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …