“G7” və NATO ölkələrinin liderləri İndoneziyanın Bali adasında keçirilən “G20” Sammiti çərçivəsində birgə bəyanat yayıblar.
Boyukmillet.com xəbər verir ki, birgə bəyanatda qeyd olunub:
“Prezident Bayden, Kanadanın Baş naziri Trüdo, Avropa Komissiyasının sədri Von der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Mişel, Fransa Prezidenti Makron, Almaniya kansleri Şolts, İtaliyanın Baş naziri Meloni, Yaponiyanın Baş naziri Kisida, Niderlandın Baş naziri Rütte, İspaniyanın Baş naziri Sançes və Böyük Britaniyanın Baş naziri Sunak Balidə keçirilən “G20” sammiti çərçivəsində görüşüb.
Onlar Rusiyanın çərşənbə axşamı Ukrayna şəhərlərinə və mülki infrastruktura qarşı başlatdığı barbar raket zərbələrini pisləyiblər.
Onlar Polşanın şərqində Ukrayna ilə sərhədə yaxın ərazidə baş vermiş partlayışı müzakirə ediblər. Onlar Polşada davam edən istintaqa tam dəstək və kömək təklif ediblər. Onlar təhqiqat davam etdikcə müvafiq növbəti addımları müəyyən etmək üçün əlaqə saxlamağa razılaşıblar.
Liderlər Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya və Ukrayna xalqına sarsılmaz dəstəklərini, həmçinin “G20”nin müharibənin daha böyük fəsadlarının öhdəsindən gəlmək üçün bir araya gəldiyi bir vaxtda belə, Rusiyanı Ukrayna icmalarına etdiyi həyasız hücumlara görə cavabdeh tutmağa davam etməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Onların hamısı Polşa və Ukraynada həlak olanların ailələrinə başsağlığı verib”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.
İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.