Bazar , 5 Fevral 2023

Güney Azərbaycan ayağa qalxa bilər: Molla rejimi milli hərəkatı sürətləndirir

İran hakimiyyət orqanlarındakı bütün Azərbaycan türkləri vəzifədən uzaqlaşdırılır.Həsən Ruhaninin ikinci dəfə prezident seçiləndən sonra formalaşan yeni hökumətinin tərkibində bu dəfə azərbaycanlıların sıxışdırılması müşahidə olunur.Parlamentin Rəyasət Heyəti Türk Bölgələri Fraksiyasının fəaliyyətinə icazə vermir.Ötən günlərdə İran mətbuatı Təbrizin millət vəkili Şəhabəddin Bimiqdara istinadən “Türk” sözünün yaratdığı həssaslıqlara görə parlamentdə Türk Bölgələri Fraksiyasının buraxıldığı ilə bağlı məlumat yayıldı.

Bu barədə verdiyi açıqlamanı şərh edən Şəhabəddin Bimiqdar fraksiyanın ləğv olunmadığını, lakin fraksiyaya qarşı həssaslıqlar olduğunu deyib. O bildirib ki, parlamentin Rəyasət Heyəti onun fəaliyyətə başlaması üçün sənəd qəbul etmir. Bəzi millət vəkilləri isə həssaslığı aradan qaldırmaq üçün fraksiyanın adını Şimal-Qərb Əyalətləri ilə əvəz etməyi təklif edir.Ş.Bimiqdar əlavə edib ki, bu məsələdə müqavimət göstərməliyik.

Bundan əlavə İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını avqustun 8-də parlamentə təqdim etdikdən sonra ölkə prezidentinə qarşı etirazlar başlayıb. Buna səbəb adları açıqlanan 17 namizəddən 3-ü istisna olmaqla digər namizədlərin fars bölgələrindən seçilməsidir. Həsən Ruhani nazir postlarına o halda fars millətinin nümayəndələrindən istifadə edib ki, İranın əksəriyyəti qeyri-fars millətlər, xüsusilə də Azərbaycan türklərindən ibarətdir. Şübhəsiz ki, parlamentə təqdim olunan siyahı İranda irqçiliyin bütün orqanlara, hətta prezident postuna belə nüfuz etdiyini göstərməkdədir.Urmiyənin millət vəkili Nadir Qazipur Nazirlər Kabinetində heç bir türkün olmamasına etiraz edib. O bildirib ki, prezident Həsən Ruhaninin parlamentə təqdim etdiyi yeni Nazirlər Kabinetinə namizədələrin siyahısı, İranda qövmlərin bərabrhüquqlu olması prinsipinə ziddir: “Konstitusiyanın 19-cu maddəsində qeyd olunduğu kimi, İran əhalisi hansı qövm, qəbilə və irqə mənsub olduğundan asılı olmayaraq bərabər hüquqa malikdilər. Lakin təqdim olunan siyahıda Qərbi və Şərqi Azərbaycan, həmçinin Ərdəbil əyalətlərindən heç bir namizəd yoxdur”.

İranda zaman-zaman türk milli hərəkatını susdurmaq, zəiflətmək üçün müxtəlif addımlar atılıb.Son zamanlar müşahidə edilən anti-türk qərarlar milli hərəkatı gücləndirə bilərmi?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, əslində İran hakimiyyətində bu sayaq qərarlar son zamanlar qəbul edilməyib: “İndikilərin hakimiyyətdə olduqları 37 il ərzində türklərin, Azərbaycan türklərinin xeyrinə elə bir qərarın qəbul edildiyini xatırlamıram.Məsələn, 20 ilə yaxındı Urmiya gölünün quruması ilə bağlı həm ölkədəki, həm də xaricdəki Azərbaycan türkləri müxtəlif səviyyədə həyəcan təbili çalırdı.İndiyədək hansı əməli tədbir görülüb?Heç bir tədbir görlüməyib.Özlərini islahatçı adlandıran hakimiyyətiçi qüvvələr hökumət başına gələndən sonra Azərbaycan türk ziyalıları hakimiyyətə ana dilinin tədrisi və milli-mədəni haqların təmin olunması ilə bağlı dəfələrlə müraciət ediblər.Bu müraciətlərin hansına baxılıb və müsbət cavab verilib?Heç birinə.İran Ana Yasasına əsasən, iqtisadiyyatın inkişafının bərabərliyi bütün bölgələrdə təmin edilməlidir.Bu istiqamətdə də Güney Azərbaycanla bağlı məsələnin cavabı inkardır.Sualların və ona verilən yox cavablarının sayını artırmaq da olar”.

Mərkəz sədri parlamentdəki məlum Türk Bölgələri Fraksiyasını bir oyun adlandırıb: “Mərkəzi hakimiyyət Azərbaycan türklərini bu yolla özünə çəkib, boş vədlər vermək istəyirdi. Tehran hakimiyyətinin fraksiya ilə bağlı addımı Əzrailin verdiyi balaya oxşayır.Onu da arzulayan çətin tapılar.Bir də o fraksiyada təmsil olunanlar nə vaxtdan Azərbaycan milli hərəkatına aid olublar?Heç zaman.Bu hakimiyyətin hərəkata qarşı tuşlanmış oyunu idi və baş tutmadığından özü doğduğu kimi, özü də göbəyini kəsdi”.

Hökumətdə türklərin təmsil olunması məsələsinə gəlincə, Sədrəddin Soltan qeyd edib ki, burada qəribə heç nə yoxdur: “Bu ölkənin ali rəhbəri Seyid Əli Xamneyi türkdür. Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasında onun heç bir xeyri olmadığı kimi, hökumətdə bir azərbaycanlı nazirin təyin edilməsinin də əhəmiyyəti olmayacaq.Nəhayət, İranda və bölgədə hadisələrin inkişafına əsasən, yaxın zamanda aksiyaların olacağı ehtimalını azaldır.Çünki hazırda dünyanın başı bölgədə Suriya və İraq məsələsinə daha çox qarışıb.Tehran isə son aylarda İranda fəaliyyət göstərən İŞİD-çilərə qarşı “mübarizəni gücləndirdiyini” bildirir.Odur ki, mövcud şəraitdə etiraz aksiyalarının keçirilməsi inandırcı deyil”.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir