Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Gürcüstanın Azərbaycana dönüklüyünün pərdəarxası

Elçin Mirzəbəyli: “Rəsmi Tiflis bu addımları könüllü atmır”

Gürcüstan Azərbaycana qarşı xəyanətkar mövqe sərgiləməkdə davam edir. Son günlərdə rəsmi Tiflisin ölkəmizi ciddi şəkildə narahat edən bir sıra addımlar atması narahatlıq yaratmaya bilmir. Marneuli rayonunun azərbaycanlı icra başçısı Temuz Abazovun saxlanılması və ardınca Gürcüstan Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanova qarşı cinayət işinin açılması Azərbaycana qarşı qonşu ölkənin əsl niyyətini ortaya qoyur.

Gürcüstanın bir dövlət kimi ayaqda qalmasında əsas rol oynayan Azərbaycanın bu ölkə ilə bağlı siyasətinə yenidən baxması yönündə səslənən fikirlər durmadan artır. Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Tiflisin ikibaşlı mövqeyinə dur deməyin zamanının çatdığı qeyd olunur.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də buna dair mövqe sərgiləyib. O, “Yeni Müsavat” Media Qrupuna daxil olan minval.az saytında son hadisələrlə bağlı yazısını onun öz facebook səhifəsində paylaşıb. Belə düşüncələr var ki, Saakaşvili hakimiyyətdə olardısa, gürcü iqtidarı Azərbaycana qarşı bu cür mövqedə olmayacaqdı.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Gürcüstanda ən müxtəlif maraqlar kəsişir: “Bu ölkənin hökuməti də, onun yürütdüyü siyasət də çoxvektorlu yanaşma tələb edir. Məsələyə yalnız rəsmi Tiflisin ölkəmizə qarşı münasibəti kontekstindən yanaşmaq doğru olmazdı. Çünki Gürcüstanın hakim komandasının özü belə yekdil deyil, ayrı-ayrı və bir çox hallarda qütbləşən maraqları təmsil edir. Bu maraqlar arasındakı ziddiyyətlər dərinləşəndə Gürcüstanın daxili siyasətində də çatlar əmələ gəlir. Adətən gürcü siyasətçiləri bu çatları çoxsaylı manevrlər hesabına ”yamamağa” çalışırlar. Gürcüstan istər Azərbaycan, istərsə də bu ölkənin ərazisindən keçən enerji və nəqliyyat layihələrində iştirak edən ölkələr və transmilli şirkətlər üçün mühüm strateji əhəmiyyət kəsb edir. Gürcülər bunu yaxşı başa düşür və vaxtaşırı Azərbaycanın enerji resursları və təşəbbüsləri hesabına yiyələndikləri strateji statusdan yararlanmağa çalışırlar. Lakin bu statusun Gürcüstan üçün üstünlükləri olduğu kimi, rəsmi Tiflisin manevr inkanlarını məhdudlaşdıran tərəfləri də var. Məsələn, Gürcüstan Ermənistanla bağlı münasibətlərində Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədir. Rəsmi Tiflis şübhəsiz ki, bunu könüllü etmir. Əgər Azərbaycanın israrlı mövqeyi olmasaydı, Gürcüstan Ermənistanla daha sıx əlaqələr qurar, hətta münasibətləri strateji müttəfiqlik müstəvisinə qaldıra bilərdi. Unutmaq lazım deyil ki, 2017-ci ilin noyabrından Gürcüstanla Rusiya arasında Abxaziya və Cənubi Osetiyaya gedən nəqliyyat dəhlizlərinin açılması ilə bağlı danışıqlar intensivləşib. Bu danışıqlar hələ 2011-ci ildən, Mixail Saakaşvilinin prezidentliyi dönəmindən başlayıb. Bu isə sübuta yetirir ki, Ermənistanı blokadadan xilas edəcək nəqliyyat dəhlizinin açılmasında təkcə Rusiya və bu ölkənin nüfuz müvəkkilləri maraqlı olmayıb. Həmçinin bu müstəvidə danışıqların İsveçrənin iştirakı ilə aparıldığı və tranzitə İsveçrənin SGS monitorinq şirkətinin nəzarət edəcəyi perspektivini də nəzərə almaq lazımdır. Xatırladım ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması və kommunikasiyaların bərpasını, eləcə də yenilərinin yaradılmasını nəzərdə tutan Sürix protokollarının icrası prosesində də SGS monitorinq şirkətinin iştirakı nəzərdə tutulurdu.

Bu isə o deməkdir ki, Ermənistanın işğala son qoymadan blokadadan xilas olması ilə bağlı proses vahid bir prosesdir və burada Rusiya ilə yanaşı Qərbin də maraqları var. Görünür, Gürcüstan da bu müstəvidə hər iki qütbün maraqlarını təmin etməyə, həmçinin Rusiya, Ermənistan və İran vasitəsilə özünə alternativ mənbələr tapmağa çalışır. Xatırlayırsınızsa, 2016-cı ilin yanvarında İranın təbii qaz ixracı üzrə milli şirkətinin direktoru Əli Rza Kameli İran qazının Ermənistan ərazisindən keçməklə Gürcüstana ixrac edilməsi ilə bağlı ilkin razılığın əldə olunduğunu bəyan etmişdi. Bu sırada Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə apardığı danışıqları və baş verənlərə Azərbaycanın münasibətini də unutmaq lazım deyil. Gürcüstan hökuməti çalışır ki, öz ərazisindən ən müxtəlif qütblərin maraqlarını ifadə edən çoxsaylı enerji və nəqliyyat dəhlizlərinin keçməsinə nail olsun. Bundan sonra isə Azərbaycana və təbii ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyəyə öz şərtlərini diktə etsin. Azərbaycan və Türkiyənin səyləri nəticəsində rəsmi Tiflisin bu davranışlarının qarşısı alınanda isə biz qəzəbli münasibətin şahidi olmağa başlayırıq”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq onu da qeyd etdi ki, Gürcüstanla bağlı siyasətimizdə doğrular da, yanlışlar da var: “Ən böyük yanlışlıq diaspor quruculuğu müstəvisində baş verib. Eyni zamanda bu ölkənin iqtisadiyyatına yatırımlarla bağlı da strateji boşluqlara yol vermişik. Batumda, Tiflisdə və digər bu kimi ərazilərdə turizm sektoruna, istehsal müəssisələrinə qoyulan yatırımların daha çox azərbaycanlıların yaşadığı ərazilərə qoyulması təşviq olunmalıydı. Gürcüstanda, öz tarixi vətənlərində yaşayan soydaşlarımızın köç etməməsi, Azərbaycana üz tutmamaları üçün strateji addımlar atılmalıydı. Şübhəsiz ki, bu istiqamətdə müəyyən addımlar atılıb, amma yetərli olmayıb. Digər tərəfdən, Gürcüstandakı Azərbaycan diasporunun təşkilatlanması istiqamətində ciddi boşluqların yaranmasına imkan verilib. Bəzi qonşu dövlətlərin dini və digər zəminlərdə diaspora daxilində ziddiyyətlər yaratmasına göz yumulub. Yaxud bununla bağlı ciddi təhlillər aparılmayıb. Kampaniya xarakterli addımlar atılıb, dələduzlarla, əhali arasında heç bir nüfuzu olmayan şəxslərlə əməkdaşlıq edilib. Bütün bunlara görə kimsəni ittiham etmək niyyətində deyiləm. Bu mənim birbaşa əldə etdiyim informasiyalar nəticəsində gəldiyim qənaətdir. Hesab edirəm ki, bütün bu boşluqların aradan qaldırılması üçün ciddi imkanlar var və bu istiqamətdə müsbət irəliləyişlərin baş verəcəyinə ümid bəsləyirəm. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ilk səfərini Gürcüstana etməsini və burada çoxsaylı görüşlər keçirməsini də alqışlayıram. Bu, doğru seçim və doğru yanaşmadır. Gürcüstanla bağlı siyasətimizi dəyişməyə isə ehtiyac yoxdur. Azərbaycanın bu ölkə ilə bağlı strategiyası doğrudur. Sadəcə, bu strategiyanın olduğu kimi, heç bir korporativ marağa yol verilmədən dəqiq şəkildə icra edilməsinə ehtiyac var. Həmçinin hesab edirəm ki, Gürcüstanla əməkdaşlığın bütün istiqamətləri ciddi şəkildə təhlil olunmalı, haqqında açıq danışa bilmədiyim çoxsaylı proqramlar hazırlanmalı və həyata keçirilməlidir”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Gürcüstanın mövcud siyasətindən təəccüblənmir: “Son dönəmlər Gürcüstan da Ukrayna kimi oyuncaq dövlətə çevrilib. Adamların daxili siyasəti kimi xarici siyasəti də bərbaddır. Azərbaycanın əlində Borçalı reallığı var. Təəssüf ki, bu reallıqdan ya istifadə etmirik, ya istifadə etməkdən çəkinirik. Gürcüstan artıq 2000-ci illərin lap əvvəllərindəki kimi Azərbaycandan asılı deyil. Ona görə də bizi rahatca xərcləyə bilirlər. Amma biz hələ də gürcülərə təzyiq edə bilərik. Bunun üçün gərək Borçalı türklərini səfərbər edib, gücə çevirib, Gürcüstan siyasətinə təsir etmək mexanizminə çevirməliyik. Ondan sonra görün gürcülər ağıllanıb necə ayaqlarımıza gələcəklər. Şevarnadze, Saakaşvili, İvanaşvili ilə indiki dişsiz Gürcüstan hakimiyyətini müqayisə etmək olmaz. Amma onların vaxtında belə Borçalı türkləri ən hüquqsuz millət idi. İndi də belədir. Ermənistan Çevaxetiya ermənilərini həmişə rıçaq kimi Tiflisə qarşı istifadə edir. Amma nədənsə Azərbaycan heç vaxt Borçalı türklərini müdafiə etməyib. Bu nöqsanımızı aradan qaldırmalıyıq. Əks halda, bir azdan Gürcüstan daha çox Azərbaycana qarşı quduracaq”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir