Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Gürcüstanın Prezidenti və Baş naziri qarşı-qarşıya

Müstəqillik günündə Salome Zurabişvili ilə İrakli Kobaxidze bir-birini tənqid edib

Gürcüstanın Prezidenti və Baş naziri ölkənin müstəqillik günü münasibətilə keçirilən mərasimdə bir-birini tənqid edib.

“Rusiyanın ruhunun üzərimizdə olduğu bir vaxtda Avropa ilə tərəfdaşlıq, yaxınlaşma müstəqilliyimizi, sülhü qoruyub saxlamaq və möhkəmləndirmək üçün əsl yoldur. Bu yolu təxribat edənlər və sarsıdanlar ölkəmizin dinc və təhlükəsiz gələcəyini tapdalayır, zədələyir. Onlar azad və demokratik dünyanın tamhüquqlu üzvü olmaq yolumuza mane olurlar”, – Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın müstəqilliyini elan etməsinin 106-cı ildönümü münasibətilə keçirilən mərasimdə belə deyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib ki, Gürcüstan hökuməti və xalqı həmrəydir və müdrik davranır:

Bu, bütün təhdidlərə və çoxsaylı xəyanətlərə, o cümlədən, Gürcüstan Prezidenti Salome Zurabaşvilinin xəyanətinə baxmayaraq, son iki ildə sülhü qorumağa imkan verib”.

Gürcüstanda bu ay media azadlığını əngəlləyən və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinə xələl gətirən qanun qəbul edilib. Qanunun qəbulu ətrafında isə gərginlik davam edir.

Qanuna görə, KİV və qeyri-hökumət təşkilatları büdcələrinin 20 faizdən çoxunu xaricdən alırlarsa, “xarici gücün maraqlarını həyata keçirən” kimi qeydiyyatdan keçməlidirlər. Müxaliflər oradakı oxşar qaydalara görə bunu “Rusiya qanunu” kimi pisləyirlər.

Qanun parlamentdən keçdiyi ərəfədə paytaxt Tbilisidə böyük etirazlarla qarşılanıb.

Qanunverici orqan qanun layihəsini qəbul etdikdən sonra Prezident Salome Zurabişvili mayın 18-də ona veto qoyub, lakin Baş nazir İrakli Kobaxidzenin “Gürcü Arzusu” partiyası və onun dəstəkçiləri vetonu ləğv etmək üçün parlamentdə kifayət qədər səsə malikdir.

Avropa İttifaqı hesab edir ki, “bu qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir”. Tənqidçilər hesab edirlər ki, bu, Gürcüstanın Qərblə inteqrasiya şansını əngəlləmək üçün Rusiya tərəfindən irəli sürülüb.

ABŞ Dövlət Katibi Entoni Blinken “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən” gürcü rəsmilərinə ABŞ-a səyahət qadağası qoyacaqlarını bildirib.

Check Also

Sabah BMT-də BTQ-nin kolonializmlə mübarizəyə həsr olunmuş konfransı keçiriləcək

Bakı Təşəbbüs Qrupunun sabah, iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti …