Samir Adıgözəlli: “Xocalı soyqırımını azərbaycanlıların genosidi olaraq hələ qəbul etməyən ölkələrin hökumətlərinə, parlamentlərinə soydaşlarımız müraciətlər ünvanlamalıdırlar”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. 29 il bundan əvvəl baş verən soyqırım aktını azərbaycanlıların genosidi kimi rəsmən tanıyan, qəbul edən dövlətlərlə yanaşı, hələ də tanımayan ölkələr də var.
Xocalı soyqırımını azərbaycanlıların genosidi kimi tanımayan ölkələrdə yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor qurumları Xocalı soyqırımının həmin ölkələrin parlamentləri tərəfindən rəsmən tanınmasına nail olmaq üçün hansı işləri görməlidirlər? Bu istiqamətdə onların üzərinə hansı vəzifələr düşür?
Məsələn, artıq bu proses Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən həyata keçirilməkdədir.
Belə ki, Gürcüstanın azərbaycanlı icmasının üzvləri Xocalı faciəsinin soyqırım kimi tanınması çağırışı ilə bağlı müraciət qəbul ediblər. Sənədi azərbaycanlıların təmsil olunduğu 55 təşkilat və ictimai xadim imzalayıb. Faciə barədə ətraflı məlumat təqdim edən müəlliflər Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciəsi adlandırıblar.
Sənəddə qeyd olunub ki, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb: “Gürcüstanın aidiyyəti qurumlarının müraciətimizi nəzərə alacaqlarına böyük ümid bəsləyirik. Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Parlamentdə bu müzakirə ədalət naminə sülh qərarı olacaq. Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların, mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız”.
Artıq sənədin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya, parlament sədri Arçil Talakvadzeyə, Ombudsman Aparatına, Gürcüstanın Xarici İşlər Nazirliyinə və həmçinin, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndiliklərə də göndərildiyi bildirilir.
- “Bir-iki müraciətlə həmin ölkənin Xocalı soyqırımını tanıması ilə bağlı qərar qəbul etməsinə nail olmaq çətindir”
Boyukmillet.com xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətindəki fəaliyyətlər bir həmrəylik məsələsidir. Bu günə qədər bu istiqamətdə xeyli iş görüldüyünü deyən S.Adıgözəlli hesab edir ki, bu, həmrəyliyin, milli birliyin nümunəsi olub: “Bu istiqamətdə həm dövlət xətti ilə işlər görülüb, həm Heydər Əliyev Fondunun bu məsələdə böyük rolu olub. Leyla Əliyevanın illərdir gerçəkləşdirdiyi “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyətini də qeyd etməliyik. Heç şübhəsiz ki, burada ölkəmizdəki ictimai təşkilatlar da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşlarımızın da rolu var.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində uzun illərdir proseslər gedir. Hesab edirəm ki, bundan sonra xaricdəki diaspor qurumları və azərbaycanlı icmalarının nümayəndələri, soydaşlarımız fəaliyyətlərini daha da gücləndirməlidirlər. Xocalı soyqırımını azərbaycanlıların genosidi olaraq hələ qəbul etməyən ölkələrin hökumətlərinə, parlamentlərinə soydaşlarımız müraciətlər ünvanlamalıdırlar. Bir sıra ölkələrdə diasporumuzun və soydaşlarımızın bu istiqamətdəki fəaliyyəti daha aydın görünür, onlar öz aktivlikləri ilə diqqət çəkirlər, amma hələ elə ölkələr var ki, biz istədiyimiz effekti ala bilməmişik. Ümumiyyətlə, bir-iki müraciətlə həmin ölkənin Xocalı soyqırımını tanıması ilə bağlı qərar qəbul etməsinə nail olmaq çətindir, bu müraciətlər davamlı olmalıdır, bəzən onun həyata keçməsi üçün bir neçə il lazım gəlir. Xocalı soyqırımının xarici ölkələrin hökuməti, parlamenti tərəfindən tanınması üçün disapor qurumları daha effektiv üsullar işləyib hazırlamalıdır. Xaricdəki azərbaycanlılar, diaspor təşkilatları Xocalı soyqırımının tanıdılması istiqamətində yalnız fevral ayı yaxınlaşanda iş görməli deyil, bu, il boyu davam edən bir proses olmalı, bu istiqamətdə işlər aparılmalıdır”.
S.Adıgözəlli hesab edir ki, diaspor qurumlarımız bu mövzuda sərgilər, konfranslar, simpoziumlar təşkil etməlidir. Pandemiya dövründə də bu işlərin internet resursları üzərindən görülməsinin mümkün olduğunu deyən müsahibimiz hesab edir ki, soydaşlarımız yaşadıqları ölkələrin ana dillərində elektron portallar yaratmalı və təbliğatı onun üzərindən aparmalıdırlar: “Ümumiyyətlə, Xocalı soyqırımının tanıdılması üçün müxtəlif tanıtım videoçarxlarının, lövhələrin hazırlanması və həmin ölkələrin mərkəzi yerlərində onların quraşdırılması çox vacibdir. Biz illər boyu bu işlərin içində olmuşuq, müxtəlif ölkələrdə Xocalı soyqırımının tanıdılması ilə bağlı bu və digər istiqamətdə işlər görmüşük, Ermənistan səfirliyi qarşısında aksiyadan tutmuş, sərgiyə, konfransa, simpoziuma, Xocalı çadırının qurulmasına qədər bir sıra tədbirlər keçirilib. Xocalının tanıtımı ilə bağlı müxtəlif xarici ölkələrin mərkəzi yerlərində Xocalı ilə bağlı videoçarxların böyük ekranda təqdimatını tələbələrlə birgə həyata keçirmişik. Bu işi Vyanada gördük. Hesab edirəm ki, xaricdəki diaspor qurumları Xocalı ilə bağlı tədbirləri xüsusi şəkildə hazırlamalı, həmin ölkələrin cəmiyyətində Xocalı genosidi barədə məlumatları oturtmalıdırlar. Xocalı soyqırımının tanıdılması üçün çox da dərin faktlara ehtiyac yoxdur, çünki bu, yaxın tarixdə dünyanın gözü qarşısında baş verib. Bu faciə ilə bağlı yerli və beynəlxalq jurnalistlərin çəkdikləri kadrlar, yazdıqları yazılar, faktlar göz qabağındadır.
Biz 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Ermənistanın faşist mahiyyətinin açılması üçün Xocalı soyqırımının tanıdılması işində daha böyük aktivlik göstərməliyik və daha güclü şəkildə işləməliyik. Bu işdə, əlbəttə, diaspor təşkilatlarımızın, qurumlarımızın üzərinə ciddi vəzifələr düşür”.
İradə SARIYEVA