Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Həkim xəstəxanaya gəlmədi, məcbur olub, evinə aparıb UZİ elətdirdik”

24 yaşlı qadının ölümünə görə həkimlər ittiham olunur

Tərtərin Əskipara kənd sakini Sahilə Əsədova Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra həyatını itirib.

Yaxınları gənc qadının həkim səhvinin qurbanı olduğunu bildirirlər.

“Deyirdilər ki, vəziyyəti yaxşıdır, bir müddət sonra ölüm xəbərini verdilər”

24 yaşlı Sahilə Əsədovanın ölümünə görə həkim-cərrah Teymur Əlləzov cinayət məsuliyyətinə cəlb olunub.

64 yaşlı cərrah səhlənkarlıqda ittiham olunur.

Sahilə Əsədovanın yaxınları deyir ki, hələ əməliyyatdan əvvəl də həkim laqeydliyilə üzləşiblər.

Həyat yoldaşı Cavid Əsədovun sözlərinə görə, gecə saat 1 radələrində Sahilənin ağrısı başlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin mama-ginekoloqu Şəfəq Əliyeva ilə əlaqə saxlayıblar. Həkim xəstəxanaya gəlmələrini istəyib:

Dərhal xəstəxanaya apardıq. Şəfəq həkim dedi ki, UZİ-dən keçməlidir. UZİ həkimini çağırdılar, gəlmədi. Dedi ki, xəstəni onun evinə aparaq. Evdə müayinə eləyəcək. Gecə yarı Türkmən kəndinə gedib, iki saat onun evini axtarmışıq. Evi tapıb, evdə UZİ elətdirəndən sonra yenə xəstəxanaya qayıtdıq”.

Mama-ginekoloq Şəfəq Əliyeva ultrasəs müayinəsinin (USM) nəticəsinə baxıb, Sahilə Əsədovanın qeysəriyyə əməliyyatına salınmasına qərar verib.

Səhər saat 6 radələrində oğlan uşağı dünyaya gəlib:

Şəfəq həkim dedi ki, əməliyyat uğurlu keçib. Məni Sahilə ilə telefonla danışdırdılar. O da dedi ki, hər şey yaxşıdır. Saat 10-11 olardı, Şəfəq həkim dedi ki, Sahilənin vəziyyəti yaxşı deyil, ürəyində, böyrəklərində problem var. Bir müddət sonra onu təcili yardımla Bərdə Rayon Diaqnostika Mərkəzinə apardılar. Orada bir gün qaldı. Deyirdilər ki, vəziyyəti yaxşılaşır. Bir müddət sonra baş həkim Vüsal müəllimlə Yamən həkim onun öldüyünü xəbər verdilər”.

Cavid Əsədov deyir ki, həyat yoldaşının əməliyyatında cərrah Teymur Əlləzovun da iştirak etdiyini sonradan bilib.

Onun sözlərinə görə, Sahilənin yas mərasiminə bir neçə həkim gəlib. Şəfəq həkim ona maddi yardım kimi, 7 min manat pul verib.

Həyat yoldaşının səhlənkarlıq ucbatından ölməsi barədə şikayətindən sonra həmkənlisi Rəfael Hüseynov ona Teymur Əlləzovun 30 min manat pul təklif edib:

Maraqlandım ki, Teymur həkim niyə mənə bu qədər pul vermək istəyir? Sonradan bildim ki, o da əməliyyatda iştirak edib və Sahilənin ölümündə onun da rolu olub. Onun günahı olduğunu Şəfəq həkim də demişdi”.

“Əməliyyata girməsəydim, qəsdən adam öldürmə olardı”

Teymur Əlləzov isə özünü təqsirli bilmir. O deyir ki, əməliyyatı qaydalara uyğun keçirib, səhlənkarlığa yol verməyib. Onu əməliyyata həmin gecə növbədə olan mama-ginekoloq Şəfəq Əliyeva çağırıb:

Şəfəq həkim mənə sənədləri təqdim eləyəndə xəstənin ağrıları tutmuşdu, baş suyu açılmışdı. Bu halda analizin cavabı nə olursa olsun, xəstə əməliyyat olunmalıdır. Geriyə yol yoxdur. Onda əməliyyata girməsəydim, bu artıq qəsdən adam öldürmə olardı. Onun təzyiqi ölənə kimi 160-170-dən aşağı enmədi. Bu da böyrək patologiyasının bir nömrəli göstəricisidir. Cərrahiyyə əməliyyatı ideal formada keçirilib, əməliyyat zamanı xəstədə patoloji qanaxma olmayıb. Ölümə səbəb orqanizmdə gedən dəyişikliklərdir. Protokol qaydaları mama-ginekoloq tərəfindən pozulub…”.

Yaxınları deyir ki, Sahilə Əsədova hamiləlik dövründə Tərtərdə Ləman həkimin nəzarətində olub. Həkim ona bir sıra müalicələr yazıb. Son aylarda isə Bərdəyə – Şəfəq Əliyevanın yanına gəliblər. Onun göndərişləriylə analizlər verib, USM-dən keçib, nəticələri də ona təqdim ediblər.

“Qan analizlərinin cavabı gec çıxır, ona görə gözləməyib əməliyyata saldıq”

Araşdırmalar zamanı məlum olub ki, Sahilə Əsədova əməliyyata salınanda həkimlərin əlində yeni analizlərin cavabı olmayıb.

Sidik analizinin cavabı tez çıxır. Qan analizinin cavabı isə gec çıxır. Ona görə məcbur olub, xəstəni əməliyyata götürdük. Ümumiyətlə, 10 gün əvvəl götürülmüş qan analizlərinin cavabı əməliyyat üçün keçərli olur. Xəstə təcili əməliyyat olunmalıydı, ona görə yeni analizlərin cavabını gözləmək əməliyyata qaldıq”, – Şəfəq Əliyeva belə əsaslandırıb.

Teymur Əlləzov deyir ki, Sahilə Əsədova hələ Tərtərdə həkim müayinəsində olanda onda hipertaniya, kəskin formada anemiya olduğu müəyyənləşib:

Ambulator kartadan görünür ki, orada güclü müalicə yazılıb, lakin xəstə həmin müalicəni almamışdır. 15 gündən sonra təkrar müayinədə tromositlərin kəskin enməsi, qanın faizinin aşağı düşməsi və dayanıqlı hipertaniya əlamətlərinin olması bir daha xəstənin yazılmış müalicəni almamasını göstərir. Sonradan Şəfəq həkimin yanına gəliblər. O, müayinəni çox səthi aparıb. Xəstəni stasionar müalicəyə cəlb eləmək, ciddi nəzarətə götürmək əvəzinə nəzarətsiz buraxılıb”.

Həkim: “Xəstənin həkimləri məni xəstəxanaya aparır, ona görə…”

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Leyla İsgəndərova hadisə günü xəstəxanaya çağırışa gəlmədiyini, USM aparatını evində istifadə etdiyini təsdiqləyir. O, etiraf edib ki, gecə saat 5 radələrində Sahilə Əsədovanı yaxınları onun evinə gətiriblər.

Leyla İsgəndərova xəstəxanaya getməməsinin səbəbini izah edərkən deyib ki, həmin vaxt həyat yoldaşı başqa ölkədə idi. Bu səbəbdən gedə bilməyib:

Yaşadığım Türkmən kəndi ilə xəstəxananın arası maşınla 6 dəqiqəlik yoxdur. Bəzi hallarda xəstənin yaxınları gəlib, məni xəstəxanaya aparır. Sahilə Əsədovanın ailə üzvlərinə mənim nömrəmi vermişdilər. Əlaqə saxlayıb, özləri evə gətirdilər. Zəngdən 15 dəqiqə sonra gəldilər. Evimi iki saat axtarmaları haqda deyilənlər doğru deyil. Müayinədə istifadə elədiyim aparat sertifikatlaşdırılmış, standartlara cavab verən, daşınan USM aparatıdır. İki ildir ki, həmin aparatla işləyirəm”.

14 ildir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında işlədiyini deyən Leyla İsgəndərova onu da etiraf edib ki, evdə xəstəni USM müayinəsindən keçirməklə bağlı icazəsi yoxdur.

Mama-ginekoloq Şəfəq Əliyeva mərhumun ailəsinə 7 min manat pul verməsi barədə qarşı tərəfin dediklərinə də cavab verib.

O bildirib ki, zərərçəkmiş tərəf özü maddi yardım üçün ona müraciət edib:

Dedilər ki, heç qənd almağa imkan yoxdur. Biz də ona görə həkimlər olaraq toplaşıb, maddi yardım elədik”.

“Əslində, mama-ginekoloq əməliyyat eləməliydi…”

Ekspertiza rəy verib ki, 24 yaşlı ananın ölümünə görə cərrah məsuliyyət daşıyır, çünki əməliyyatdan sonra xəstənin durumuna o cavabdehdir.

Bununla belə, ekspert vurğulayıb ki, əslində, hamilə qadın xəstəxanaya daxil olursa, onu mama-ginekoloq əməliyyat etməlidir. Xəstənin durumu dəyişərsə, səhhəti pisləşərsə, reanimatoloq, mama-ginekoloq və cərrah köməkləşib, bununla məşğul olmalıdır:

“Qeysəriyyə əməliyyatını ginekoloq icra etməlidir. Əgər növbədə olan ginekoloq əməliyyat edə bilmirsə, həmin ginekoloqun növbədə olması düzgün deyil. Qeysəriyyə əməliyyatında cərrah, ancaq asisent kimi iştirak edə bilər”.

Sahilə Əsədova ilə bağlı durumda əməliyyatın belə alınması ginekoloqun günahıdır. Amma cərrah əgər öz üzərinə məsuliyyəti götürüb əməliyyat edirsə, məsuliyyəti cərrah daşıyır. Sahilə Əsədovanın əməliyyatı düzgün icra edilib. Ölümün səbəbi əməliyyatdan sonrakı dövrdə baxımsızlıq olub. Əməliyyatdan sonra qanaxma olub, onu dayandırmayıblar”, – deyə ekspert rəyində vurğulanır.

Teymur Əlləzova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 2 il cəza verilib.

Eyni zamanda, onun üzərinə zərərçəkmiş ailəyə 5 min manat təzminat ödəmək öhdəliyi qoyulub. Amma cərrah bu hökmlə razılaşmır.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …