“Ermənistanın indiki siyasətinin arxasında onları himayə edən güclər durur. Bu məsələdə Qərb ölkələrinin maraqları var, müxtəlif vasitəçilik rolunu oynamaq istəyirlər. Münaqişənin bitməyi onlara sərf etmir. Onlar bu prosesi davam etdirib, öz çirkin maraqlarını həyata keçirirlər və Ermənistanı öz nüfuz dairələrində saxlayırlar. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Xarici diasporadan, Rusiyadan, Fransadan asılı dövlət olub və belə də davam edir. Azərbaycan isə öz xalqının mənafeyini qoruyan siyasət yürdür və heç bir halda icazə verməz ki, bizim milli maraqlarımızdan kənar proseslər getsin”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Ermənistanın müstəqil siyasət yürüdə bilmədiyini qeyd edən Emin Həsənli bu ölkənin ağır məğlubiyyətdən sonra növbəti zərbə alarsa, dövlətçiliyini itirə biləcəyini deyib:
“Ermənistanın yaşadıqlarından nəticə çıxaracağını hamımız gözləyirdik, amma görünür, bütün bunlar ona dərs olmayıb. Ermənistan 2016-cı ilin aprelində baş verən döyüşlərdən nəticə çıxarmadı, işğal etdiyi torpaqları qaytarmadı. Döyüşlərdəki çarəsizliyindən nəticə çıxarmayan Ermənistan təxribatlarını keçən ilin sentyabrına qədər davam etdirdi. Bu dəfə isə Ermənistan çox biabırçı məğlubiyyət yaşadı. Hərbi sahəsi, iqtisadiyyatı çökdü, bir sözlə, rəzil vəziyyətə düşdü. Düşündük ki, bu dəfə artıq Ermənistan daha doğru addımlar atmağa başlayar, Azərbaycandan üzr istəyər, təzminatı ödəməyə razı olar, azərbaycanlılara qarşı terror törədən cinayətkarları Azərbaycana təhvil verər, ərazi bütövlüyümüzü, müstəqilliyimizi tanıyar. Ermənistan bunları etməyəcəksə, təxribatları davam etdirəcəksə, öz mövcudluğunu sual altına salacaq. Hər bir vətəndaşımızın təhlükəsizliyi bizim üçün vacibdir və bu istiqamətdə istənilən addımı atmağa hazırıq. Ermənistan bu cür addımları davam etdirsə, elə bir zərbə alacaq ki, onun mövcudluğu sual altına düşəcək. Bu ölkənin müharibə aparmağa nə iqtisadi vəziyyəti, nə insan resursu, nə də hərbi texnikası var. Bu ölkədəki əhalinin əhval-ruhiyyəsi də yeni müharibəyə imkan vermir. Ermənistan hərbi-siyasi rəhbərliyi reallığı qiymətləndirə bilmir, buna görə də, xülyaların, xəstə təfəkkürün arxasına düşür. Bu cür davam etsələr, himayədarları onları doğru istiqamətləndirməsə, bu dəfəki zərbənin nəticəsi daha ağır və sərt olacaq”.
Aygül Qarayeva