“Azərbaycana qarşı son vaxtlar yenidən başlayan qarayaxma kampaniyasını aparan şəbəkənin erməni lobbisindən qaynaqlanması ilə bağlı ciddi faktlar mövcuddur”.
Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Avropa Azərbaycanlıları Konqresinin Kiyevdə keçirilən toplantı çərçivəsində APA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, hüquqi, demokratik dövlət olan Azərbaycanın sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bir sıra qüvvələri ciddi narahat etməyə başlayıb: “Avropada və bəzi başqa ölkələrdə Azərbaycana qarşı təşkilatlanmış aqressiv, vahid mərkəzdən idarə olunan şəbəkə formalaşıb. Onlar Azərbaycan əleyhinə informasiyalara təkanverici qüvvə kimi çıxış edir. Həmin təşkilatlar erməni lobbisindən bəhrələnir”.
Onun sözlərinə görə, həmin qüvvələr çalışır ki, bütün metodlardan istifadə etməklə bu nüfuza ləkə gətirsin: “Bu, Azərbaycana qarşı, dövlətə qarşı davadır. Prezident İlham Əliyevin möhkəmləndirdiyi Azərbaycanı zədələmək niyyətindədirlər. Ümummilli lider vaxtında Azərbaycanı parçalanmadan xilas edərək vahid dövlət yaratdı, bu gün də prezident İlham Əliyev bunu davam etdirir. Bu da həmin qüvvələri qıcıqlandırır. Boşluqlar axtarılır. Necə ki, regiondakı bəzi ölkələrdə boşluq oldu və bundan istifadə etdilər. Nəticədə həmin ölkələr nə qədər itkilər verdi, biz bunun şahidiyik”.
N. İbrahimov bildirib ki, Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın yayılmasını təmin etmək məqsədilə ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən məqalələrin dərc olunmasının arxasında maddi maraqlar da dayanır: “Bu baxımdan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinin və “Guardian” qəzetinin Azərbaycana, dövlətimizin nüfuzlu qurumlarına atdığı böhtanlar şantajdan başqa bir şey deyil. Xüsusilə qeyd etmək lazımdır ki, bu qarayaxmanı aparan həmin mətbu orqanların maddi maraqlar naminə gələcəkdə öz ölkələri əleyhinə də eyni addım atacaqları artıq şübhə doğurmur”.
Komitə sədri vurğulayıb ki, bir sıra qlobal layihələrin Azərbaycan tərəfindən həyata keçirilməsi ölkə üçün böyük əhəmiyyət daşıdığı qədər, bəzilərini də narahat edir: “Amma bu layihələr dövlətçiliyimizi qoruyacaq böyük elementlərin əldə olunmasına səbəb olacaq”.
N. İbrahimov dünya azərbaycanlılarını yaşadıqları ölkələrdə bu məsələdə daha da fəal olmağa, dövlətçilik ətrafında sıx birləşməyə çağırıb.