Nədənsə qarşıma çıxan hər iki adamdan birinin simasında bir qəm, hüzn duyulur. Uşaqdan böyüyə kimi hamı nəyisə fikirləşir, götür-qoy edir. Kimi də dindirsən, deyir “heç nəyə həvəsim yoxdu, motivasiyam yoxdu” və s. Həmyaşıdlarımla təhsildən, karyeradan danışanda, pessimist olmaqları bir yana qalsın, elə daim “Ölmüşəm, basdıranım yox” ifadəsini eşidirəm.
Düşünürəm, texnologiyanın bu qədər sürətlə inkişaf etməsi, ətraf mühitin tez-tez dəyişməsi insanlarda böyük bir ruh düşkünlüyü yaradır. Səbəbi aydındır, çünki bizdə nəinki sürətlə, heç ümumən dəyişməyə nə güc var, nə də ilham.
Bir neçə gün əvvəl quqlda axtarış edərkən hərf səhvi edərək “mo” yazdım. Axtarış pəncərəsində ilk olaraq “motivasiya nədir sualına cavab” cümləsi göründü. Bu bəlkə də axtarış sistemində ən çox müraciət edilən ifadə kimi görünə bilərdi. Amma bəzən yanılmaq da olar, çünki quql hər fərdə uyğun olaraq nəticə üzə çıxartmağı çoxdan öyrənib. Bizi bizdən yaxşı tanıyır. Hər halda motivasiyanın bir çox insan üçün əhəmiyyətli bir anlayış olduğunu düşünərək öz təcrübəmlə bölüşmək qərarına gəldim.
Motivasiya sözü bizim daxilimizdəki istək, arzu və hərəkət bildirən “motiv” sözündən yaranıb. Ümumi izah üçün belə desək, daha yaxşı olar: arzuya, istəyə çatmaq üçün hərəkətə həvəsləndirmə prosesidir. Nədənsə bu günün insanı mənəvi olaraq çox passivləşib, bu da hər birimizi fiziki olaraq da tənbəlləşdirib. Aktiv olmaq üçün motivasiya ilə bağlı videolara baxmaqla təskinlik tapmağa çalışırıq.
2-3 gün sonra bu videoların, sözlərin təsiri keçir, biz başqa bloqçu axtarışına düşürük. Yaxud da əsasən Türkiyə türkcəsində yazılan hansısa kitabın 3-4 səhifəsini oxuyub, atırıq kənara. Mövzuya bir də yenidən ehtiyac olanda qayıdırıq, yəni növbəti dəfə bir neçə səhifəni oxumağa davam edirik.
Əgər sən davamlı pessimist, həvəssiz birisisənsə, deməli güzgüdən özünə daha yaxşı baxmalısan. Yəni özünü daha yaxşı tanımalısan. Bəlkə bu çox sadə səslənir, amma olduqca mürəkkəb prosesdi.
Birinci olaraq “Məni nə xoşbəxt edir?” sualına cavab tapmaq pis olmazdı Kitabmı, yeməkmi, cofemi, rəqsmi? Nə? Elə də asan iş deyil, əgər beynimizdə hazır sxem olsaydı, nə vardı ki? Hətta sosial media hesablarını araşdırmağa da dəyər, paylaşımlar, onların istiqaməti, ruhu, neqativi ya pozitivi çox məsələdən xəbər verir. “Doğrudan məni tamamlayan şeylər bunlardır” sualını özünə yönəltməklə bizi xoşbəxt edən nələrisə bəlkə tapa bilərik.
Tutaq ki siz sosial media hesabına girərək bəyəndiyiniz, sizi xoşbəxt edən belə şeyləri aşkarladınız. Növbəti addımda özünüz üçün bir dəftər ya da vərəq götürüb bir həftə (bir ay ya da nə qədər istəsəniz ) etməli olduğunuz işləri yazmaq yerinə düşərdi Məsələn, ingilis dilindən həftəyə 20 söz öyrənmək, məntiqdən 1 fəsil oxumaq yaxşı olardı.
Amma yazını rəngarəng etməklə, gözəl şriftdən, maraqlı rənglərdən yararlanmaqla həvəsi birə on artırmaq olar. Hər görülən işin mükafatı da olmalıdır. Yerinə yetirilən tapşırıqdan sonra dostlarla görüşüb kofe-latte içmək, bəyəndiyin geyimi, kitabı almaq, kinoya getmək olar. Amma bir şərtlə: qarşına qoyduğun məqsəd mütləq çatmalısan, yazdığın işləri etməlisən, hansısa bəhanə gətirərək yayınmaq olmaz. Əgər pessimizm hansısa psixoloji problemdən ya da fiziki xəstəlikdən qaynaqlanmışa, deməli ona qalib gəlmək bir qurtum su içmək qədər asan iş olacaq. Tədricən bu sizin həyat tərzinə çevriləcək, doğru vərdişlər formalaşacaq.
İndi səni görürəm – hə, səni deyirəm. Gözlərindəki marağı, qəlbindəki həyat eşqini görürəm. Əgər bu yazını sona qədər oxumusansa, deməli, səbrin də var, həvəsin də.
Mənim ilk mükafatım banan idi, bəs sənin mükafatın nə olacaq? İnşallah, bunu zaman göstərəcək.
Cənnət Şamilqızı