Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hikmət Hacıyev: “Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi davam etdirə biləcəklər”

“Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, qərbi azərbaycanlılar 20-ci əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar: “1991-ci ildə qərbi azərbaycanlıların Ermənistandan qovulması prosesi tam başa çatdırılıb. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, mənimsənilib. Yalnız İrəvanda Göy Məscidi saxlayıblar, onu da fars məscidi kimi qələmə verirlər.

2020-ci ildə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. 2022-ci ildə onlar təşkilatlanaraq Qərbi Azərbaycan İcması yaratdılar. Dekabrın 24-də Prezident İlham Əliyev icma ilə görüşdə faktiki olaraq Qərbi Azərbaycan mövzusunu millətimizin yeni strateji hədəfi kimi müəyyən etdi”.

İcma bu yaxınlarda qayıdış konsepsiyasını hazılayıb: “Onlar sülh yolu öz dədə-baba torpaqlarına geri dönmək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanın öhdəliyi kimi Azərbaycan-Ermənistan sülh müqaviləsində təsbit olunmalıdır.

Ermənistanın qərbi azərbaycanlıların dinc qayıdışını özünün ərazi bütövlüyünə təhlükə kimi görməsi bir daha onun qeyri-konstruktivliyini və etnik nifrət siyasəti yürütdüyünü göstərir.

Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər. Bir şey aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və ya kağız üstündə tanıyaraq öz dağıdıcı əməllərini davam etdirərsə, o zaman Azərbaycan da rəsmi şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün hansısa “status” tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …