Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Hökümə Seidzadə yazır: Dante və Beatriçe: nakam sevgi

“Burda əsla dözmədi; lakin ülvi məhəbbət
Bütün ehtirasımı, iradəmi, vüqarı
Təkərtək hərləyirdi; o məhəbbət – o qüvvət
Əzəldən dövr etdirir günəşi, ulduzları”.

İlk baxışdan yaranan sevgiyə inanırsınız? Bu sualı şair, mütəfəkkir, ilahiyyatçı və siyasi xadim Dante Aliqyeri açıq-aşkar cavablandırıb.

Dante həyatının muzasıyla ilk dəfə doqquz yaşında qarşılaşır. Qırmızı paltarda ecazkar Biçeni görən şair ona heyran olur. Beatriçe… Bu adı sevgilisinə Dante özü verib. Beatriçe şairin muzasına çevrilib onun həyatının yeganə sevgisi oldu. Aliqyeri o qədər bərk vurulmuşdu ki, öz ilk sonetini Beatriçeyə həsr etmişdi. Şairin növbəti əsərləri isə Beatriçenin ilahiləşdirilməsinə həsr olunub. Dante onu xəyali bir məxluq, mələk hesab edirdi. Onların ikinci görüşü doqquz il sonra, on səkkiz yaşında təsadüfən Florensiyada çay kənarında baş tutur. Dante şeiri yazdığı anda ağ libasda, iki qadının müşayəti ilə uzaqdan gələn Beatriçeni görür. Beatriçenin gülümsəyib salamlaşmağına baxmayaraq hisslərinin bolluğundan donub qalan Dante qızla söhbətə başlaya bilmir.

Bəlkə də bu, Aliqyerinin həyatında ən böyük səhvi idi. Bu sevginin əvvəlcədən uğur qazanmağa imkanı yox idi. Dantenin yaxşı təshil almağına və incəsənət xadimləri ilə tanış olmağına baxmayaraq, onun ailəsinin sosial statusu Beatriçenin ailəsinin sosial statusundan aşağı idi. Beatriçe kübar Portinari bankirlər nəslindən idi. Onun atası Florensiyanın varlı şəxslərindən idi və heç vaxt qızının daha az tanınan nəsildən olan Dante ilə birliyinə imkan verməzdi. Onlar demək olar ki, görüşmürdülər, ona görə Dante onun haqqında tanışları vasitəsi ilə məlumat alırdı. Bu da Dantenin Beatriçeyə olan həvəsi ilə bağlı şayiələrə səbəb oldu. Öz hisslərini büruzə verməmək üçün o digər xanımlara diqqət göstərməyə başlayır, bu da Beatriçe tərəfindən anlaşılmazlığa gətirib çıxarır.

UĞURSUZ NİGAH

Vaxt keçir, və iyirmi iki yaşında Beatriçe digər bankirlər ailəsindən olan Simon de Bardiyə ərə gedir. İki ildən sonra isə gənc qız doğuş zamanı vəfat edir. Bu xəbəri öyrənən Dante dərin depressiyaya düşür və bundan sonra necə yaşayacağını bilmədiyi barədə yazır. Cəmiyyətdə uzun müddət olmadıqdan sonra təsəllini şair fəlsəfədə tapır. Və bu fəlsəfəni o, “Yeni Həyat” adlandırır. Bütün yaradıcılığı boyu o, əsərlərində sevgilisini tərənnüm edir.

Müəyyən müddətdən sonra yazıçı aristokrat nəslindən olan Cemma Donati ilə evlənir. Bu evlilik gənclərin ailələrinin apardığı danışıqlar və şərtlər əsasında baş tutur. Dante heç vaxt öz həyat yoldaşını Beatriçe kimi ilahiləşdirmirdi. Və demək olar ki, heç vaxt ona nə əsər, nə də şeir həsr etməmişdi. Sonralar yazıçı siyasi ziddiyyətlər nəticəsində Florensiyadan qovuldu. Şəhərdə onun həyat yoldaşı və üç övladı qaldı.

Şair tanınmış və əhəmiyyətli ədəbi əsərlərini həyatında iki dəfə gördüyü xanıma- Beatriçeyə həsr edib. Biz Dantenin Beatriçeyə qarşı olan möhkəm sevgisini bilsək də, Beatriçenin hisslərini, bu sevginin qarşılıqlı olub olmadığını heç zaman bilməyəcəyik. Çünki bu günə kimi gəlib çatan nə məktublar, nə də sübutlar var.

Beatriçe Florensiyada çoxlarına Dante Aliqyeri və Beatriçe Portinari kilsəsi kimi məlum olan Müqəddəs Marqarita kilsəsində dəfn olunub. Qəbrin yanına səbət qoyulub. Qarşılıqlı sevgi axtarışında olan və dərd çəkən insanlar məktublarını yazıb bu səbətə atırlar ki, Beatriçenin ruhu onlara kömək olsun.

Dante Aliqyeri uzun illər ərzində Beatriçe üçün yazdığı “La Vita Nuova” şeirlərini toplayır, sonra isə “İlahi komediya” əsərini sona çatdırır. Bu əsərdə bütün diqqəti şair Beatriçeyə yönəldib.

“İLAHİ KOMEDİYA”: SEVGİ MÖVZUSU

Yazıçının həyatının böyük hissəsi onun doğma şəhəri Florensiya ilə bağlıdır. O zaman şəhərdə iki partiya mübarizə aparırdı. Gibelinlər hesab edirdilər ki, Florensiya Müqəddəs Roma İmperiyasına birləşdirilməlidir, Qvelflər isə Roma Papasının hakimiyyətinə qarşı çıxış edirdilər. Aliqyeri Qvelflərin tərəfdarı idi. Növbəti siyasi mübarizə zamanı Gibelinlər qələbə çaldılar. Bu da şairin öz şəhərindən qovulmasına səbəb oldu. Həyatının qalanını yazıçı köçəköçlərdə keçirdi və heç vaxt doğma şəhərinə qayıtmadı.

Poemanın bütün süjeti insan həyatının alleqoriyasıdır. Qəhrəman Dante həyat yolunda taqətdən düşür, təkliyə qərq olur, hara gedəcəyini anlamır. Cəhənnəm insanın qaranlığa düşməsini və ümidsizliyi simvolizə edir. Lakin Dante Məhşər ayağına çəkilir və günahlarını yuyur. Cənnətə giriş həqiqətin dərk edilməsi deməkdir. Əsər boyu qəhrəmanı Vergilinin simasında incəsənət, Beatriçenin simasında isə sevgi müşayiət edirlər. Əsərdə qəhrəmanı Cəhənnəmdən və Məhşərdən incəsənət simasında Vergili keçirir. Beləliklə, şair demək istəyir ki, məhz incəsənət insanı çarəsizliyə və Cəhənnəmə düşməkdən qurtara bilər. Sonra isə incəsənət Məhşər ayağına çəkilib paklanmağa, günahlardan azad olmağa və sonda Cənnətə düşməyə yardım edəcək.

Və qəhrəman Cənnətin qapılarından keçdikdən sonra sevgi rəmzi olan Beatriçe ilə görüşür. Və bu andan şair qərara gəlir ki, həyatın bütün mənası və bütün sualların cavabı məhz Sevgidir. Beatriçenin yolgöstərən ulduz ilə müqayisə olunması onun valehedici gözəlliyini ifadə edir. Elə əsərin əvvəlində də Dante Beatriçenin adını eşidən kimi getməyə qərar verir. Əsərdə Vergili təsdiqləyir ki, onu məhz Beatriçe göndərib,və Dantenin sevgilisi ilə görüşməsi üçün o, Vergili ilə bu ağır yoldan keçməlidir.

“İlahi komediya” poemasının əsas mənası odur ki, həyat nə qədər çətin olsa belə, insan heç vaxt təslim olmamalıdır. Çətin vəziyyətdə belə o, xilası incəsənətdə, gözəllikdə və ən əsası, sevgidə tapmalıdır. Çünki məhz bu məhfumlar insanın ruhunu əziyyət dolu bataqlıqdan çıxartmağa yardım edəcək.

Tərcümə etdi: Nəzrin Mahu

Check Also

TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi

Sağlamlıq qaldı bir tərəfdə ikitirəlik başladı. Adam bilmir səhiyyə problemləri ilə bağlı dərdini hara desin.Nəyisə …