Cümə axşamı , 20 Fevral 2025
Drone Cameras

HRW İranda azərbaycanlı fəallara təqiblərə son qoyulmasına çağırırq

“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatının məlumatına görə, İran hakimiyyəti ötən ilin oktyabrından etibarən azı 20 azərbaycanlı fəala “heç bir real sübut olmadan” ağır həbs cəzaları verib.

HRW qeyd edir ki, Tehran Apellyasiya Məhkəməsinin 36 nömrəli şöbəsi Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavatinin çıxardığı hökmü qüvvədə saxlayaraq, 10 azərbaycanlı fəala qarşı sərt həbs cəzalarını qüvvədə saxlayıb.

Ötən ilin fevral ayında saxlanılan 10 fəal “dövlət əleyhinə təbliğat”, “milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədilə toplaşma və əlbir olmaq” və “casusluq” ittiham edilərək ümumilikdə 80 ildən artıq həbs cəzasına məhkum ediliblər.

“İran hakimiyyəti müxalifləri susdurmaq üçün sistematik olaraq vətəndaş cəmiyyəti və etnik azlıqları qəddar ittihamlar və ağır həbs cəzaları ilə hədəfə alır. Bu repressiya vətəndaş cəmiyyətini əzmək və entik azlıqların təməl hüquqlarını tələb etməsinin qarşısını almaq cəhdidir”, HRW-nin İran üzrə tədqiqatçısı Nahid Naqşbəndi deyib.

Faəllardan Ayaz Seyfxah 14 il, Araz Əman və Bağır Hacızadə 13 il, Kərəm Mərdanə Müstəlibəyli 11 il, Tahir Nəqəvi və Mürtəza Pərvin 6 il, Salar Tahir Əfşar, Fatimə Atəş Xiyavi və Səid Minayi 5 il, Həsən İbrahimi isə 3 il həbs cəzasına məhkum edilib.

 HRW həbs edilən fəalların işləri ilə bağlı məlumatlı olan beş mənbədən müsahibə aldığını, iki məhkəmə işinin sənədlərini nəzərdən keçirdiyini qeyd edib. Mənbələrdən biri HRW-yə bildirib ki, hakimiyyət irəli sürdüyü ittihamları təsdiqləyə biləcək heç bir sübut təqdim etməyib.

Hakimiyyət nümayəndələri fəalların həbsi üçün onların keçmiş fəaliyyətlərinə, o cümlədən Urmiyə gölü ilə bağlı ekoloji narahatlıqlar və İrandakı etnik qrupların vətəndaş hüquqlarının müdafiəsi kimi məsələlərlə dair fəaliyyətlərinə və yazılarına istinad ediblər.

HRW yazır ki, həbs edilənlərdən vəkil və hüquq müdafiəçisi Tahir Nəqəvinin işində hakimiyyət nümayəndələri onun vəkil kimi fəaliyyətini də sənədləşdiriblər. Nəqəvinin müştəriləri arasında 2022-ci ildə İrandakı etirazlar zamanı öldürülən və ya yaralanan etirazçıların ailə üzvləri də olub.

Tehranın Evin həbsxanasında saxlanılan Nəqəvinin səhhətinin kritik səviyyədə pisləşdiyi, zəruri tibbi yardım almasına imkan verilmədiyi, habelə pis rəftara məruz qaldığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Nəqəvinin vəziyyəti ilə bağlı ötən ilin noyabrında digər BMT ekspertləri birgə İran rəsmilərinə müraciət etsə də, onların müraciəti cavabsız qalıb.

BMT məruzəçisi fevralın 5-də ictimailəşdirdiyi məktubunda Nəqəvinin insan hüquqları fəaliyyəti ilə əlaqəli görünən həbsi, habelə həbsxanada səhhətinin pisləşməsi və adekvat tibbi yardım edilməməsi xəbərlərindən narahatlıq ifadə edib.

SEE ALSO:

BMT məruzəçisi: İran hökuməti məhbus vəkil Tahir Nəqvinin vəziyyəti ilə bağlı müraciətimizə cavab vermədi

“Human Rights Watch” İranda məhbuslara tibbi yardımı məhdudlaşdırması ilə bağlı halları daha əvvəl də sənədləşdirdiyini xatırladıb.

“Həbsxana məmurları bu cür məhdudiyyətlərdən müxalifləri susdurmaq üçün vasitə kimi istifadə edib, lakin heç bir məsuliyyətlə üzləşməybilər. İran hakimiyyəti davamlı olaraq tibbi laqeydlik hallarını araşdırmaqda və ya cavabdehləri məsuliyyətə cəlb etməyib”, HRW vurğulayır.

HRW digər bir iş üzrə 13 fəalın son müdafiə üçün Təbriz İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıldığını yazır. Bu fəallar 2023-cü ilin sentyabr və noyabr ayları arasında həbs edilib və günlərlə təkadamlıq hücrələrdə saxlanılıb, burada onlara etiraf etmək üçün psixoloji təzyiq göstərilib.

Bu fəallar Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Yürüş Mehrəlibəyli, Hamid Yeganəpur, Seyid Məhəmmədrza Müvəhhid, Əmirhüseyn Ağayi, Əli Babayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hüseyn Azadi, Nasir Rəzmcu və İbrahim Əvəzzadədir.

Onlar “müxalifət qrupuna üzvlük” və “ölkə əleyhinə qəsd”də ittiham edilirlər. Yürüş Mehrəlibəyli isə “dövlət əleyhinə müxalif qrup formalaşdırmaqda” günahlandırılır.

SEE ALSO:

İnsan haqları vəkili Məhəmmədrza Fəqihi 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya göndərilib

HRW bildirir ki, bu ittihamlar onların ölkədə vətəndaş hüquqlarını və etnik azlıqların hüquqlarını müdafiə etməsi ilə bağlıdır, lakin onlar dindirilərkən ittihamlar “Demokratlar” qrupunun yaradılmasında iştirak və 2022-ci il etiraz aksiyalarında yerlərdə başçılıq etmək kimi əsassız iddialara əsaslanıb.

İnsan hüquqları təşkilatı həmçinin 2024-cü il oktyabrın 1-də azərbaycanlı vəkil və insan hüquqları müdafiəçisi Məhəmmədrza Fəqihinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə də diqqət çəkib.

Məhəmmədrza Fəqihi də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin hakimlik etdiyi məhkəməkədə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə təqsirli bilinmişdi.

HRW-nin İran üzrə tədqiqatçısı Nahid Naqşbəndi deyib ki, İran hakimiyyəti etnik və dini azlıqların hüquqlarını müdafiə edən hər kəsi hədəf alır, onları separatçı kimi qələmə verərək əsassız ittihamlarla günahlandırır.

“Hakimiyyət bu azərbaycanlı məhbuslara qarşı bütün qanunsuz ittihamları ləğv etməli, hazırda həbsdə olanları azad etməli və insanların vətəndaş hüquqlarını və azlıqların hüquqlarını müdafiə etmək hüququnu qorumalıdır”, Naqşbəndi əlavə edib.

Check Also

“Tərtər işi Azərbaycan xalqının qeyrət məsələsidir”

“Tərtər işi” üzrə zərərçəkənlər məhkəmənin gedişindən narazıdırlar. Onlar deyirlər ki, məhkəmə sanki işi ört-basdır etməyə …