Şənbə , 18 May 2024
Drone Cameras

II Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Boyukmillet.com  xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan mərasimdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, BANM-in rektoru Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, müəllimlər, qalib şagirdlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə II Bakı Elm Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daima həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq məqsədilə keçirilən müsabiqə və olimpiadaları yüksək qiymətləndirib.

Nazirliyin Aparat rəhbəri olimpiada qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva II Bakı Elm Olimpiadasını yüksək təhsilli, savadlı, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib.

İdarə müdiri olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib və qaliblərə müvəffəqiyyətlər arzulayıb.

Daha sonra müsabiqə üzrə I, II və III yerin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub. Həmçinin I yerə layiq görülən Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyi və 129 nömrəli tam orta məktəbin komandaları, II yeri tutan Kimya-biologiya təmayüllü Respublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları, III yeri tutan Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları kubok və diplomla təltif ediliblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, II Bakı Elm Olimpiadasının I mərhələsində 320 ümumi təhsil müəssisəsindən 960 şagird iştirak edib. 24 komanda finala vəsiqə qazanıb. Hər komandanın tərkibində üç şagird təmsil olunub.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …