Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

İki soyqırım: Xocalı və Serebrenitsaya ikili yanaşmanın 2 səbəbi

Birini həyata keçirənlər ömürlük məhbəsdə və məzarda, digərini törədənlər isə azadlıqda və vəzifələrdə; ekspert 2 əsas səbəb gətirir…

Beş gün öncə Qaradağlı soyqırımının 26-cı idönümü oldu. Üç gündən də sonra isə 20-ci əsrin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımının 26-cı ildönümü Azərbaycanda geniş şəkildə anılacaq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəşhətli qırğın həyata keçiriblər. Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaqlar, 106 nəfəri qadınlar, 70 nəfər isə qocalar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb, 150 nəfər itkin düşüb. Xocalı soyqırımı müasir tariximizdə keçmiş Yuqoslaviyada Serebrenitsa şəhərində serblərin müsəlman əhaliyə qarşı 1995-ci ildə həyata keçirdiyi soyqırımı ilə demək olar ki, eynidir. Diktator Slobodan Miloşoviçin əmri ilə serblər 8 min müsəlmanı qətlə yetirmişdilər.

srebrenitsa ile ilgili görsel sonucu

Lakin Serebrenitsa soyıqırımını törədənlər çox keçmədən bilavasitə ABŞ-ın təkidləri ilə Beynəlxalq Tribunala cəlb edildilər. Sonra isə Beynəlxalq Haaqa Məhkəməsi onların hər birinə ağır cəzalar verdi. Məsələn, köhnə Yuqoslaviyanın, sonradan Serbiyanın prezidenti olmuş Slobodan Miloşoviç məhkəmə prosesinin son anlarında ağır infarkt keçirərək öldü. Soyqırıma rəhbərlik etmiş hərbi canilər də hamısı tutularaq Beynəlxalq Tribunalda cəzaları isbatlanmaqla mühakimə olunmaq üçün Haaqa Məhkəməsinə çıxarıldılar və ömürlük cəza aldılar, bəziləri isə uzun müddətə həbs cəzası ilə cəzalandırıldı. Soyıqırıma başçılıq edən adamlardan biri-Bosniya Hersoqovinadakı serb azlığının liderlərindən olan Karacic uzun müddət axtarışa verilsə də tapılmadı. Amma yenə də ABŞ kəşfiyyatının əməliyyatları nəticəsində 10 il sonra məlum oldu ki, bu adam saqqalını uzadaraq keşiş qiyafəsində kilsələrin birində gizlənir. Onu da həbs etdilər və ömürlük həbs cəzası kəsildi.

srebrenitsa ile ilgili görsel sonucu

Qeyd etdiyimiz kimi Xocalı soyqırımı, Qaradağlı hadisələri, Qazaxın Baqanis-Ayrım kəndində, Kəlbəcərin Ağdaban və Başlıbel kəndlərində ermənilərin əhaliyə qarşı törətdiyi qırğınlar öz mahiyyəti ilə Serebrenitsa soyqırımı ilə demək olar eynidir. Hətta Xocalıda və qeyd etdiyimiz Azərbaycan kəndlərində ermənilər daha amansız qətliamlar törədiblər, daha böyük bəşəri cinayətlər törədiblər. Xocalı soyqırımına rəhbərlik edənlərdən Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Zori Balayan azərbaycanlılara qarşı ən qəddar üsullarla qırğın həyata keçirdiklərini dəfələrlə etiraf ediblər. Hətta onlar bu hərəkətlərindən qürur duyduqlarını çəkinmədən dilə gətiriblər. Bəs, necə ola bilir ki, dünya Serebrenitsa hadisələrini birmənalı olaraq soyqırım aktı kimi qəbul edir, həmin soyqırımı həyata keçirənlər beynəlxalq hüquq qarşısında ən ağır cəzalara layiq görülür. Lakin Xocalı soyqırımını həyata keçirənlər azadlıqda gəzir, hətta onlar Ermənistanın prezidenti, nazirləri olurlar və dünya həmin şəxslərin bəşəri cinayətlərinə göz yumur?

srebrenitsa ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Xocalı soyqırımında birbaşa iştirak etmiş cinayətkarların hələ də öz cəzalarını almamasında bir sıra səbəblər rol oynayıb: “Bunlardan biri odur ki, biz bu soyqırımı hadisələri barədə məlumatları zamanında dünyaya, müvafiq beynəlxalq qurumlara, dövlətlərə çatdıra bilmədik. Biz bu hadisələri, soyıqırımı törədənlərin məsələsini zamanında beynəlxalq məhkəmələrə, beynəlxalq tribunalara daşıya bilməmişik. Beynəlxalq təşkilatların və dövlətlərin ikili standratlara üstünlük verməsi də azıərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırıma yanaşmada, cinayətkarların cəzalandırılması məsələsində ciddi təsirini göstərir.

xocalı faciesi ile ilgili görsel sonucu

Azərbaycan Respublikasının Prokurorluğu Xocalı soyqırımı ilə bağlı cinayət işi açıb və soyqırıma rəhbərlik etmiş bir sıra şəxslər barəsində beynəlxalq axtarış da elan edib. Lakin təəssüf ki, bu günədək həmin cinayətkarların heç birini yaxalamaq və hüquqi cəzasını vermək mümkün olmayıb.

Dediyimi kimi, vaxtında bu hadisələrin dünya ictimai rəyinə çatdırılmasında səhlənkarlığa yol verilib. Bu hadisələr baş verərkən ölkədə mövcud olan hakimiyyət bir müddət hətta bu məsələni gizlətməyə çalışdı və guya iki-üç adamın öldürüldüyü barədə məlumat verdilər. Bəzən ilkin siyasi dəyərləndirmələr hadisələrin sonrakı dəyərləndirmələrində əsas rol oynayır.

xocalı faciesi ile ilgili görsel sonucu

Sonradan Azərbaycan parlamentində bu hadisələr müzakirə edilib Ayaz Mütəllibovun istefasına gətirsə də yenə də əsas diqqətlər ölkədə daxili siyasi mübarizəyə, hakimiyyət dəyişikliyinə yönəldi və biz yaşanılmış vəhşətin bütün mənzərəsini sübutlarla zamanında beynəlxalq ictimaiyyətə, hərbi tribunallara çıxara bilmədik. Odur ki, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına lal və sükutla yanaşması, ikili standartlarla yanaşması ilə yanaşı, bizim özümüzün də kifayət qədər səhvlərimiz var. Biz zamanında etməli olduqlarımızı etmədik və ya edə bilmədik. Zaman əldən verildikdən sonra atılan addımlar isə arzulanan nəticəni vermir. Versə belə, çox çətinliklərdən sonra buna nail olmaq mümkün olur”.

Politoloq hesab edir ki, Azərbaycan Xocalı soyqırımını törədənlərə cinayət işi açmaqla kifayətlənməməli, həmin cinayətkarlarla bağlı məsələni Beynəlxalq Tribunala çıxarmalı idi. Tribunala təqdim etməyə kifayət qədər hüquqi sənədlər var. (Etibar SEYİDAĞA, “Yeni Müsavat”)

Boyukmillet.com

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir