Bazar ertəsi , 6 May 2024
Drone Cameras

İlahiyyat İnstitutunun pedaqoji kollektivi Qubada gənclərlə görüş keçirib

İlahiyyat İnstitutunun kollektivi Qubada gənclərlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Quba rayonunda, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları, yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovaya, Quba rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova və rayonun din xadimləri, təhsil müəssisələrinin müəllimləri və abituriyentlər iştirak ediblər.

İlk öncə Azərbaycan İlahiyyat İnstitutunun ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin əvvəlində rayon icra hakimiyyətinin başçısının müavini Səidə Abasova çıxış edərək tədbirdə iştirak etdiklərinə görə qonaqlara dərin minnətdarlığını bildirib və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. prorektor İnstitutun istifadəyə verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb. Daha sonra ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verən M.Mürsəlov vurğulayıb ki, təhsilin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Təhsilin maddi-texniki bazasının inkişaf etdirildiyini, bu sahənin ən müasir və qabaqcıl texnologiyalarla təmin olunduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclərin mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşmaları, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyümələri bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, İnstitutun fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə ətraflı məlumat verib.

Daha sonra, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov çıxış edərək Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu qeyd edib. Bu nümunəviliyin qorunub-saxlanılması məqsədilə ölkədə həyata keçirilən siyasi-ictimai addımlardan bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölkədə təşkil olunan beynəlxalq tədbirlərlə yanaşı Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətindən ətraflı şəkildə danışıb.

Check Also

Azərbaycanda təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş şəxslərin yaş həddi artırıla bilər

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş …