Cümə , 14 İyun 2024
Drone Cameras

İlham Əliyev: “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət üçün daha çox potensial var”

“Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik”.

“Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək”, – Azərbaycan lideri vurğulayıb.

Check Also

Naxçıvanda qeyri-yaşayış sahələri hərraca çıxarılacaq

İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili …