Cümə , 17 May 2024
Drone Cameras

İran azərbaycanlıların dirçəlişindən qorxur – Sabir Rüstəmxanlı

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəkir. Mövcud reallıqlar ölkəmizə qarşı yönələn təsirlərə qarşı daxildən və xaricdən adekvat reaksiyanın verilməsi zərurətini ortaya çıxarıb. Cənubi Qafqazı öz məngənəsində sıxışdıran geosiyasi proseslərdə uğura çıxmaq üçün bütün “cəbhələr” üzrə müxtəlif üsul və vasitələrdən istifadə edilməsi istisna olunmur. Müsahibimiz Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır:   

– Azərbaycanın dörd kəndi geri qaytarıldı. Bu proses, həm də sərhədlərin delimitasiyasının başlanğıcı kimi dəyərləndirilir. Necə hesab edirsiniz, prosesin davamı olacaqmı?

– Qazax rayonunun Azərbaycana bitişik kəndlərinin Ermənistan tərəfindən geri qaytarılması son dörd ildə Azərbaycanln apardığı diplomatik siyasətin, hərbi, antiterror  əməliyyatlarının təbii sonluğudur. Bu, başqa cür ola da bilməzdi. Ermənistan da yaxşı bilirdi ki, bu kəndləri qaytarmasa, Azərbaycan Ordusu Qarabağda, Xankəndi ətrafında apardığı əməliyyatlarını burada da təkrarlayıb,  öz qanuni ərazilərini geri qaytara bilər və dünya da buna qarşı bir söz deyə bilməz. Təbii ki, Ermənistan həmin 4 kəndi bizə olan sevgisindən qaytarmır. Ermənistan son proseslərin buna doğru getdiyini başa düşdü. Anladılar ki, köhnə sovet dövründə çəkilmiş xəritələrdə, hansı ki, orada Azərbaycanın xeyli torpaqları Ermənistana verilib, bu gün Azərbaycanın həmin əraziləri geri istəməyə haqqı var. Əslində, bütün Ermənistan tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu nəzərə almasaq belə, təkcə 1920-1921-ci illərdə torpaqlarımız parça-parça Ermənistana verilib. Həmin ərazilər öz sahiblərinə geri qaytarılmalıdır. Məsələ daha geniş torpaqların qaytarılmasını əhatə etməmiş Ermənistan istəyir ki, Almatı razılaşmasına əsaslanıb, köhnə SSRİ xəritələri əsasında Azərbaycan torpaqlarını qaytarsın və delimitasiya, demarkasiya prosesi başlansın. Nəticə etibarilə, artıq Ermənistanın baş naziri, həm də prezidenti Azərbaycanla sülh müqaviləsinin bağlanması, dinc qonşuluq münasibətlərinin bərpa olunması kimi fikirlər səsləndirirlər. Bu onu göstərir ki, nəhayət, Ermənistan vəziyyətin özləri üçün nə qədər gərgin və dramatik ola biləcəyini başa düşür. Paşinyan, “Bu tarixi “böyük Ermənistan” xülyalarından əl çəkmək lazımdır”, – deyə ilk dəfə  həqiqəti söylədi. Sözünün məntiqi və dolayı yolla bildirdi ki, bu torpaqlar Ermənistanın olmayıb.Torpaqları zəbt edib 5-10 gün onu işğalda saxlamaq hələ o yerlərin sahibi olmaq deyil. Necə ki, 30 il Qarabağı işğalda saxladı, amma torpaqlar onun olmadı. Ona görə də Paşinyan “tarixi torpaqlar”ı deyil, real “Ermənistan respublikasını qorumaq” şüarını ortaya atdı. Bu, doğrudan da ermənilər üçün ciddi bir mesajdır. “Əgər bu torpaqlarda daha böyük iddialarla davam etsən, Ermənistan da əlindən çıxa bilər”. Paşinyan, nəhayət, bunu dərk etdi. Ona görə də hesab edirəm, 4 kəndin qaytarılması hadisəsinə təbii olaraq sevinməliyik. Bu real fakt dünya tərəfindən də normal qəbul olunur. Eyni zamanda, Azərbaycan hər hansı bir şəraitdə müharibənin təkrarlanmasını istəmir. Bu, müharibə ehtimallarını da azaldır.

– İrəvanda Ermənistan–Rusiya qarşıdurması, Gürcüstanda etiraz aksiyaları fonunda bölgədəki vəziyyət necədir? Bu durum Azərbaycana necə təsir edə bilər? Nələri müşahidə edirsiniz?

– Bölgəmizdə vəziyyət gərgin olaraq qalır. Gürcüstanda müəyyən proseslər gedir. Vaxtilə bu dövlət  Avropanın oyunlarına qurban gedib ərazilərini itirsə də, Avropaya ciddi meyil göstərir. Orada baş verənlər vəziyyətin heç də asan olmadığını göstərir. Balaca ölkə olan Ermənistan isə Hindistandan tutmuş, Amerika, Fransa kimi ölkələrdən silahlı kömək dilənir və bu ona yaxşı heç nə vəd etmir. Müqayisə aparanda Cənubi Qafqazda ən yaxşı vəziyyətdə olan ölkə Azərbaycandır.

Bizim bəzi dairələrdə Gürcüstanla, Ermənistanın Avropaya inteqrasiyası, yaxınlaşması baxımından bu dövlətlərin, guya, bizdən irəlidə olduğunu deyirlər.  Nəzərə almalıyıq ki, həmin dövlətlər Avropaya öz daxili-iqtisadi, siyasi, mədəni resursları ilə, demokratik dəyərlərə təbii inkişaf yolu ilə yaxınlaşmayıblar. Avropa bu dövlətlərə öz maraqlarını təmin etmək, xristian təəssübkeşliyi ilə yaxınlaşıb. Azərbaycana münasibətdə isə ona məxsus bir çox ali dəyərləri gözdən salmağa çalışırlar. Azərbaycan Avropa Birliyi, ABŞ, eləcə də Fransa qarşısında özünün mövqeyini qəti və ardıcıl şəkildə ifadə edir. Kollektiv Qərbin hər hansı bir şəkildə göstərdiyi təzyiq və təsirlər bizi öz hədəflərimizdən yayındırmayacaq.

– İranın Ermənistanda Qərb dövlətlərinin yerləşməsinə dair susqunluğu bəllidir. İran niyə bu məsələ ilə bağlı səsini çıxarmır?

– İranın siyasəti göz qabağındadır. İran fars rejimi içində olan xalqların, o cümlədən azərbaycanlıların-türklərin dirçəlişindən qorxur. Ona görə də mümkün qədər yaxınlığında olan xristian Ermənistanı dəstəkləyir. 

Bir tərəfdən deyir ki, siz bizim təkcə müsəlman, islam yox, şiə qardaşımızsınız, digər tərəfdən terrorist, işğalçı Ermənistana qarşı heç bir təzyiq vasitəsindən istifadə etmir. Biz 30 il bunun şahidi olmuşuq.

İranın 30 il ərzində Ermənistana etdiyi köməkliklər, qarşımızda çəkdiyi “qırmızı xətt”lər hamısı hədər getdi. Azərbaycan bütün bunların üzərindən təmkinlə ötdü və öz ərazilərini azad etdi. Azərbaycan öz torpaqlarını təmizləyəndən sonra İranın bəzi rəsmiləri Azərbaycanı haqlı sayaraq, təbriklər göndərdilər. Hər halda İran bacarsaydı, Ermənistanı Qarabağ müharibəsində də müdafiə edə bilərdi. 

İran Azərbaycana qarşı öz riyakarlığından əl çəkmir. Orada bir çox dövlət rəsmiləri azərbaycanlı olsalar da, fars-millətçi siyasətinə əsir düşüblər.

İranın Azərbaycanla bağlı siyasəti bir qədər də ənənəvidir. Üzdə hansısa dövlətlərlə guya düşmənçilik edir, amma gizlincə onlarla əməkdaşlıqlar qurur. Bu, İsrailə, ABŞ-a qarşı münasibətdə belədir. Guya xristian dövlətlərinə qarşı danışır, qeyri-region dövlətlərinin bölgəyə gəlməsini istəmir, hətta o ölkələrdə terror aktlarının törədilməsində barmağı olur, amma gəlib Ermənistanın, yaxud Zəngəzur torpaqlarında sərhəddə dirəniblər. Silahlar gətirir, hərbi təlimlər keçirilir. İran başa düşür ki, bir gün bu silahlar ona qarşı işlənə bilər, amma susur. Əslində, Ermənistana gətirilən silahlar İrana qarşı savaşa hazırlıqdır. İran bunu görə-görə Ermənistana dəstək verir, onun silahlandırılmasına yardım edir. Bu, İranın ikibaşlı siyasətinin göstəricisidir.  O, Qərbin, Avropanın bəzi güclərinin İslamı parçalamaq  arzusunun, siyasətinin ovuna çevrilir.

– Zəngəzur dəhlizini özünün “qırmızı xətti” adlandıran Tehran bu susqunluğunun fonunda Bakını hansı formada təhdid edə bilər?

– Tehran bu fonda Bakını heç nə ilə təhdid edə bilməz. Ermənistanla-Azərbaycan sabah müəyyən razılaşmaya gəlib sərhədlərini müəyyənləşdirsələr, nəqliyyat dəhlizləri açılsa, Zəngəzur dəhlizi açılsa, İran heç nə edə bilməyəcək.  Dünya gücləri bu yolun açılmasında maraqlıdır. Ermənistan dünyanın böyük maraqları qarşısında dirənə bilməz.

İran Azərbaycana qarşı düşmənçiliyindən əl çəkən deyil.  Üstəlik, bu gün onun mətbuatında təbliğat aparır ki, guya, Azərbaycanda azsaylı xalqların hüquqları pozulur. Bunu  bütün millətlərin həbsxanası olan İranın deməsi absurddur.  Azərbaycanlıların İranda öz dillərində məktəbləri deyil, uşağına öz ana dilində ad verə bilmir və digər problemlər var. Din pərdəsi adı altında yeni bölücülük, separatçılıq, anti-Azərbaycan təbliğatı aparırlar. Ölkəmiz bu məsələdə ayıq-sayıqdır. Azərbaycanda bütün xalqlar öz Ana dilində qəzet, jurnal, kitab çıxara bilir. Kim istəsə, öz dilində məktəb də aça bilər. Azərbaycanda başqa xalqların radio verilişləri var və İran bizə qaşı belə bir ittiham irəli sürə bilməz.

– Türk dövlətlərinin inteqrasiya prosesi hansı səviyyədədir?

– Türk dövlətlərinin inteqrasiyası arzuladığımızdan ləng gedir.  Mən hələ 1992-ci ildən bu prosesin başlanma mərhələsində iştirak etmişəm. O vaxt Kıprısda türk dövlətlərinin hər bir parlamentindən iki nəfər deputat yığışıb, ilk dəfə olaraq Türk Dövlətləri Parlament  Assambleyasının yaranmasını müzakirə etmişdik.  Həmin parlament bundan 15 il sonra yarandı. Gec oldu, ancaq yarandı.

 Türk dövlətlərinin inteqrasiyasında xeyli işlər görülür, müəyyən addımlar atılır.  Bu prosesin qarşısı alına bilməz. Dövlət başçıları müəyyən zirvə görüşləri keçirir, müəyyən razılaşmalar əldə olunub. Bu razılaşmalar o vaxt effekt verəcək ki, bütün qurumlar – Milli Məclisdə qanunvericilik, dövlət, hökumət orqanları paralel olaraq prosesə qoşulacaq. Mən Türk Birliyinin inteqrasiya prosesinə nikbin baxıram.

– Bizə yönələn təsirlərə qarşı Qərbin, Avropanın şəhərlərində yaşayan azərbaycanlılar hansı istiqamətlərdə öz reaksiyalarını verə bilir?

– Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi uzun müddət bu işlərlə məşğul olmuşam. Əvvəla, qeyd edim ki, heç bir dövlət təşkilatının, imkanlı qurumların yardımı olmadan, öz  imkanlarımızla dünya ölkələrində yaşayan soydaşlarımızla görüşür, onların təşkilatlanmasına dəstək olmağa çalışırdıq. Eyni zamanda, həmin ölkələrdə bir sıra rəsmi dairələrdə görüşlər keçirib azərbaycanlıların problemlərini önə çəkirdik. Gündəliyimizdə duran əsas məsələlər azərbaycanlıların parçalanmış bir xalq olaraq bütövləşməsi, İranda insan hüquqlarının pozulması, Qarabağın ermənilərin tərəfindən işğalı, “24 aprel erməni soyqırımı” iddiasının yalan olduğunu bəyan etmək, əslində, ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi və bunabənzər məsələlərlə bağlı idi.

Bizim diasporalar, bir sıra xalqlar var ki, onların diasporalarından çox-çox sonralar yaranıb və müqayisədə kifayət qədər gücə malik deyil. Digər tərəfdən, bizim diaspora təşkilatlarına dəstək verənlər azdır. Bizim imkanlı, zəngin adamlarımız bir araya gələ bilmir, diaspora işinə qatılmırlar. Diaspora təşkilatlarına, adətən, az imkanlı adamlar qoşulur. Vətənin dərdi ilə ancaq kasıblar məşğul olmalıdır.

 Azərbaycanda diaspora işi ildən-ilə genişlənir və bu mütləq şəkildə inkişaf etdirilməlidir. Diaspora işini arzuladığımız səviyyəyə qaldırmaq üçün hələ çox işlər görülməlidir.

Eləcə də təbii ki, Qərbin bizə qarşı təzyiqinə cavab vermək üçün orada yaşayan azərbaycanlılar mətbuatda,  müxtəlif qurumlarda daha fəal çalışmalıdırlar. Azərbaycandan deyilən sözün bir təsiri, oradan deyilən sözün tamam ayrı təsiri var. Ona görə də bu istiqamətdə işlərimizi genişləndirməliyik.

Check Also

Əlillərin Cəmiyyətdə tam iştirakı: QHT sədri Cəmilə Abdulova ilə MÜSAHİBƏ

Əlillərin hüquqları və cəmiyyətdə tam iştirakı ilə bağlı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin …