Hər dəfə İranın Azərbaycana ideoloji hücumu, hərbi hədəsi artdıqca, milli qüvvələrin fəaliyyətinə şərait yaradılması haqda təklif səsləndirilir. Son terror olayından sonra bu təklif yenə səsləndirilir. Deyilir ki, milli ideologiya daşıyıcıları olan şəxslərin fəaliyyəti stimullaşdırılmalıdır, onların hətta Milli Məclisdə təmsilçiliyinə şərait yaradılmalıdır. İranın və başqa ölkələrin Azərbaycandakı yad ünsürlərinin ölkəmizdə fəaliyyətini yalnız bu yolla zəiflətmək olar.
Sabir Rüstəmxanlı: “Dünyanı gəzib, millətin sözünü demək çətin məsələdir”
“Hesab edirəm ki, Milli Məclisdə oturan hər bir deputat, əslində, milli fəal olmalıdır. Bunun başqa yolu yoxdur”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bəzi qurumlara, məsələn, sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinə, fəaliyyət göstərə bilmələri üçün Diaspor Komitəsi və ya hansısa xətlə müəyyən yardım olmalıdır:
“Dünyanı gəzib, millətin sözünü demək çətin məsələdir və heç bir millət vəkili və ya söz adamı bunun öhdəsindən gələ bilməz. Amma bu oldu-olmadı, təşkilatlar öz işlərini görürlər”.
S.Rüstəmxanlı qeyd edib ki, hazırda yeni bir dövr başlayıb:
“Ən böyük dəstək Azərbaycan Prezidentinin Güneylə və İranla bağlı çıxışı oldu. Bundan sonra bütün ölkə fəallaşıb. Biz əvvəllər bu barədə danışanda dodaq büzənlər indi “Güney”, “Bütöv Azərbaycan”, “Turan” deyirlər. Lap yaxşı, qoy desinlər, adam buna sevinir. Yəni yüksəliş var. Bunu daha da nəticəli bir prosesə çevirmək üçün əlbəttə, təşkilatlanma işi getməlidir və bu işə də dövlət dəstək verməlidir”.
Hikmət Babaoğlu: “Şəhriyarın Azərbaycan şeirini fəaliyyət istiqaməti kimi görməliyik”
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə isə, sosial psixologiya izah edir ki, hər bir insanda iki vacib emosional hiss var: milli və dini hiss. Bu emosional hissləri idarə etməklə nəinki insanları, bütövlükdə xalqı istənilən hədəfə yönləndirmək olar:
“Şübhəsiz ki, əgər cəmiyyətdə milli hiss dominatdırsa, digər bütün hisslər onun arxasınca gəlir və cəmiyyətin kütləvi davranışına o qədər təsir göstərə bilmir. Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində milli təfəkkür dini təfəkkürdən üstündür. Ancaq çox mühüm bir problem var. Müqayisəli təhlil nəticəsində ortaya çıxır ki, 90-cı illərin əvvəlində əgər milli hiss və milli kimlik daha çox dominant idisə, bütün bu illər ərzində cəmiyyətimizdə dini hisslər də xeyli kütləviləşməyə və aradakı fərq dini emosional hisslərin lehinə dəyişməyə başlayıb. Əgər burada söhbət həqiqi dindən və imandan gedirsə, onun heç bir problemi olmur. Çünki islam dininə görə vətəni sevmək imandandır. Ancaq məsələ ondadır ki, İran və digər ölkələr Azərbaycana din adı altında radikal məzhəb ixrac edirlər, vətəndaşların milli dövlətimizlə bağlılığına zərbə vuran təbliğat aparırlar. Nəticədə vətəndaş hesab edir ki, o, mömindir. Amma bu dırnaqarası möminliyin islamla heç bir əlaqəsi yoxdur, bu, başqa bir ölkənin yad ideologiyasına qulluq etməkdən ibarətdir. Məsələn, İran məzhəb adı altında fars şovinizmini ixrac edir. İş o yerə çatıb ki, Azərbaycan vətəndaşları maliyyə və fiziki vasitələrlə də İrana bağlıdır. Son dövrlər bəlli olur ki, “xüms” adı altında Azərbaycan xalqının bəzi nümayəndələrinin dini hissləri istismar olunaraq İrana pul göndərilir. Bu, dövlət içində dövlət qurub, bizim vətəndaşlarımızı başqa dövlətə vergiyə məcbur etməkdir. Bu, cinayətdir. Bu yaxınlarda gəmi kapitanlarının İran radikal dini mərkəzlərindən irəli gələn əmrləri icra etməsi bunun sübutudur. Bu gün 40-a yaxın şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək həbs ediliblər”.
H.Babaoğlu İran ərazisində qalan tarix və coğrafiyamızın, xalqımız və onun adət-ənənəsinin gənc nəslə öyrədilməsinin vacibliyini vurğulayıb:
“90-cı illərin əvvəllərində və bu gün də milli ideologiya üzərində din adı altında müxtəlif radikal təzyiqlər, eləcə də xaricdən gələn demokratiya adı altında milli düşüncə və təfəkkür üzərində təzyiqlər var.
44 günlük müharibədə hər nə qədər Azərbaycan müasir texnologiyalardan, hərbi vasitələrdən istifadə etdisə, bir o qədər və bəlkə ondan daha çox qələbəmizdə milli təfəkkür və milli özünüdərk hadisəsi rol oynadı. Düşmənləri qorxudan da məhz budur. Hazırda biz işimizi iki istiqamətdə qurmalıyıq: ümumi kütləvi vasitələrlə vətənpərvərliyi, milli hissləri gücləndirən təbliğat vasitələrini həyata keçirməliyik. İkincisi, həqiqi dini cəmiyyətdə daha aydın təbliğ etməklə vətəndaşlarımızın dini hisslərinin istismarına yol verməməliyik. Və milli duyğuları təmsil edənlər ictimai və siyasi proseslərdə mənəvi baxımdan mükafatlandırılmalıdırlar. Onlar öndə olacaqlarsa, cəmiyyətə nümunə olacaqlar. Beləliklə, Azərbaycan Prezidentinin dediyi kimi, harada yaşamaqlarından asılı olmayaraq, azərbaycanlıların hüquq və azadlıqlarının və milli identifikasiyasının təmin olunması üçün münbit şərait formalaşacaq. Buna görə də Azərbaycan Prezidentinin bu tezisi, bu çağırışı XXI əsr hər bir azərbaycanlı və Azərbaycan vətəndaşının daxili konstitusiyasına, milli məqsəd proqramına çevrilməlidir. Bu gün İranda və dünyada yaşayan hər bir azərbaycanlı Şəhriyarın Azərbaycan şeirini özünün XXI əsr fəaliyyətinin istiqaməti kimi görməlidir. Çünki “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan” nidası ilə başlayan bu şeir elə xüsusən İranda yaşayan azərbaycanlıların dünəni, bu günü və gələcəyi ilə bağlı yol xəritəsidir”.
Gülnar Səlimova