Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İran səhiyyəsinin ümidinə qalan vətəndaşlarımızın başına gətirilən DƏHŞƏT

Fars-Molla rejiminin Azərbaycanın Güneyindəki yer adlarını dəyişdirdiyi, farslaşdırdığı, eybəcərləşdirdiyi bilinən faktdır; bugünlərdə eşitdim təzə bir “gül vurub”lar: Xəzər üçün “Dəryayi-Mazandaran” adının qəbul edilmədiyini görüb, “Xəzər dənizi”ni də türkcə olduğu üçün özləri qəbul etmədiyi üçün, rəsmi literaturda “Dəryayi-Kaspian” adlandırıblar. Deyirəm, sizi dəniz dovşanı yesin görüm. İndi öz ağıllarınca, gediş ediblər amma “Kas”, “Qaz”, “Xəz” köklərinin eyni anlamlı olduğunu qanmayıblar qaliba. “An” sonluğuna gəldikdə isə, yenə hay qardaşları ilə eyni alqoritmdə düşünüb hərəkət etdikləri üzə çıxmış olur: bu “Kaspian” deyir, o biri də “Göyçə”yə “Sevan” deyir… Keçicidir – su murdarlıq götürmür, axır, çalxanır, buxarlanır, buz tutur… – neynir-neynəmir illa durulur…

vİran yalnız suda deyil, quruda, havada da hoqqalardan çıxır, amma yenə bir yerdə ilişir, bir yerdə abırsız duruma düşür… quru sınırları ilə, dəmir yolu, torpaq yolu – bir sözlə, tıxanmış yollarla bağlı hay qardaşlarının üzərinə imzalı götürdüyü “Zəngəzur öhdəliyi”nə qarşı dirənməyə çalışır, “qırmızı cizgi”dən-filandan bəhs edir. O yandan da, hava mübarizəsində üstünlük məqsədi ilə hazırladığı PUA-lar Kiyevdə tappa-tarap vurulur, sıradan çıxarılır. Fars-Molla rejimi hara, uğur hara?..
Bir də səhiyyə mövzusu var işin içində.

Hansı işinmi? Deyim: vİran uzun illər öz səhiyyə sistemininin “yüksək səviyyə”si haqqında ən müxtəlif üsul-vasitələrlə reklam təşkil edib. Etiraf edək, reklamda xeyli dərəcədə başarılı olmağı da bacarıb. Azərbaycan Respublikası vətəndaşlarında Arazın o tayında “keyfiyyətli, ucuz səhiyyə var” təsəvvürünü sabitləşdirməyə çalışıb. Çox təəssüflər, belə reklamlara uyaraq, sağlamlığına qovuşmaqçün o tərəfə gedən bir çox vətəndaşımız bununla özünü və əzizlərini təhlükəyə atdığının fərqində olmayıb..

İndi diqqət edək: Sadə bir məntiqlə yanaşsaq, danılmaz şəkildə üzə çıxar ki, Fars-Molla rejimi yaxşı sağlıq sisteminə malik ola bilməz! – 44 il öncə “İran İslam İnqilabı” ilə hakimiyyətə gələn Fars-Molla rejiminin bekara siyasəti onu inkişaf aləmindən təcrid olunmuş duruma salıb. Radikal siyasəti sonucunda rəsmi Tehrana qarşı ABŞ, ümumən Batı tərəfindən tətbiq edilən uzunmüddətli sanksiyalar çoxfunksiyalı xarakter daşıyır. Sonucda vİran texnoloji yeniliklər sarıdan axsaya-axsaya qalıb. Çağdaş dönəmdə texnoloji yeniliklərdən qıraqda güclü səhiyyə sisteminin mövcudluğu sadəcə mümkünsüzdür.

Yəni tətbiq edilən sanksiyalar ölkəyə çağdaş tibb cihazlarının, avadanlıqların gətirilməsini məhdudlaşdırır. Ölkənin səhiyyə sistemində ötən yüzilliyin 90-cı illərinin aşınmış cihazları, avadanlıqları istifadə olunur…

Bəli, sanksiyalar sonucunda vİrana tibbə aid və kimyəvi maddələrin idxalına qadağa qoyulub. Bu isə vİranda istehsal edilən dərman preparatlarının keyfiyyətinin kəskin azalması ilə sonuclanıb. Bunu başa düşməkçün başda əmmamə olub-olmamasının heç bir fərqi yoxdur…

Ayrıca, uzun illər boyu davam edən sanksiyalara görə ən peşəkar həkimlər vİranı ya tərk edib, ya tərk etməkdədir.
Bax belə bir durumda səhiyyə sistemindən pul qazana bilməyən maraqlı şəxslər meydana çıxıb, işbazlığa əl ataraq, “İranda yüksək və ucuz tibbi xidmət” adı ilə Azərbaycan vətəndaşlarını qandırmaqla o taya sövq edib. Bir sözlə, “keyfiyyətli tibb”, “əlçatan səhiyyə” pərdələnməsi altında qazanc məqsədi ilə aldatmacalar üzərində qurulmuş oyunlar həyata keçirilib…

Bəs vİranın sözügedən “sistem”i həncəri işləyir?

Sadədil vətəndaşlarımız hava limanında (vaxtilə quru sınırlarımızın qarşı səmtində…) qarşılanır, “həkimlə görüş üçün növbə”, “xəstəxanaya depozit” adı ilə öncədən pul-para alınır və bir an öncə sağlamlığına qovuşmaqçün tələsən şəxslər işbazlarla anlaşma içində olan hotelə yerləşdirilir (Əgər vasitəçi bir gün sonra yoxa çıxmayıbsa, bu, hələ şükürlüdür)…

Ardınca, xəstələrin xəstəxanalarda daha çox qalması və daha çox pul xərcləməsi üçün bilərəkdən yanlış diaqnozlar qoyulur, saxta analiz sonucları təqdim edilir və hətta (!) olsun ki, bədənə müəyyən viruslar yeridilərək (iraq olsun) daha yeni xəstəliklərə zəmin yaradılır. Belə qeyri-insani yanaşmalar insanlarda şikəstliyə gətirib çıxara bilir. Bu isə Fars-Molla rejiminin bizim genefondumuza zərbə vurmaq cəhdindən başqa necə xarakterizə oluna bilər?.. Belə olunca, həncəri deməyəsən: Hippokrat Andı, İbn-Sinadan öyrəndikləriniz sizə haram olsun!

Qəsdən yanlış müalicə qalsın bir yana, belə “yanlışlıq”la yaşamına son verilən insanların cənazəsinin öz doğmalarına verilməsi həftələrlə uzadılır. Niyə? – burada növbəti fars şovinizmi dövriyyəyə girir: cənazə yalnız yüklü miqdarda vəsait ödəndikdən sonra doğmalarına verilir…

Hələ durun, bu da son deyil!

Bəzən, uydurma xəstəliklər, saxta analizlərlə xəstənin doğmalarını qorxudan işbazlar bahalı müalicə kursu yazdırır. Daha çox uşaqlarla bağlı rast gəlinən belə hallara görə müflis olan vətəndaşımız borcu ödəyə bilməyincə, faktiki olaraq girov kimi saxlanılır. Bundan sonra rejimin xüsusi xidmət orqanları üzə çıxır, yaxına gəlir, “xilaskar” olur və ehtiyac içindəki sadədil insan “müqəddəs əməkdaşlığ”a sövq edilir…

Heç şübhəsiz, Azərbaycan dövləti Fars-Molla rejiminin “səhiyyə hoqqaları”na ciddi diqqət yetirməli, vİranda Azərbaycan Respublikası vətəndaşlarına qarşı törədilən “səhiyyə cinayətləri”ni köklü şəkildə araşdırmalı, gərəkən tədbirlər görməlidir. Belə tədbirlərin bir qanadı da, öz ölkəmizdəki səhiyyə müəssisələrində vətəndaşların ən çox şikayətçi olduğu halların mümkün qədər daha tez aradan qaldırılması ilə bağlıdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …