Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İrandan Azərbaycana qarşı növbəti düşmənçilik : erməni səfirlə görüşən Müctəba Zönnuri həyasızcasına “Qarabağda terrorçular var” yalanını təkrarlayır

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional iqtisadi əməkdaşlığın bərpasına sanksiyalar altında əzilən İranı cəlb etməyə çalışsa da, rəsmi Tehran Ermənistana dəstək siyasətindən əl çəkmək istəmir.

Daha doğrusu, bu siyasət iki ölkə arasında bərabərhüququlu əməkdaşlıq deyil, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik məqsədi daşıyır. Bu münasibəti Azərbaycanın öz ərazisini işğaldan azad etməsindən sonra İran rəsmilərinin dilindən az qala hər gün verilən müxtəlif böhtan xarakterli bəyanatlarda görmək olar.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin rəhbəri Müctəba Zönnuri indi də Dağlıq Qarabağda İŞİD terrorçuları axtarmağa başlayıb.

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla görüşən M.Zönnuri bildirib ki, onun ölkəsi təfrikçilərin terror aktlarının alət kimi istifadəsindən və Suriyadan İŞİD terrorçularının Dağlıq Qarabağa gətirilməsindən narahatdır.

“Son münaqişələrdə Suriyadan göndərilən İŞİD terrorçularının istifadəsinə dair açıqlanan xəbərlər narahatlığa səbəb olur”, – Zönnuri erməni diplomata belə deyib.

“Fars News” xəbər verir ki, bölgədəki terrorçuların varlığının nə Azərbaycana, nə Ermənistana, nə də bölgənin digər dövlətlərinə heç bir faydası olmadığını qeyd edən iranlı deputat əlavə edib:

“Bölgə dövlətləri özləri bölgənin maraqlarını və təhlükəsizliyini qorumağa qadirdirlər”.

Zönnuri, bölgədə və Ermənistanda sabitliyin qorunub saxlanılmasının və beynəlxalq sərhədlərə hörmət edilməsinin vacibliyini vurğuladı və bölgədəki iğtişaşların dərhal dayandırılacağına ümidvar olduğunu bildirib.

Tumanyan da öz növbəsində İranı Ermənistanın vacib və köhnə qonşusu kimi xarakterizə edərək deyib:

“İran İslam Respublikasının regional hadisələrdə daha böyük rol oynamasını alqışlayırıq”.

Qeyd edək ki, ötən həftə İran Məsləhət Şurasının katibi Möhsün Rzayi ölkəsinin Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzində təmsil olunmasını təklif edib. Bununla da Rzayi dolayısı ilə İran qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsi istəyini dilə gətirib.

“İran Qarabağa girməli, Laçın dəhlizinə nəzarəti ələ almalı, kənar qüvvələri oradan qovmalıdır” – deyən Rzayinin bu iddiası Azərbaycan ərazilərinin işğalına çağırış kimi qiymətləndirilə bilər.

Onun bu özbaşınalığı azmış kimi, indi də Müctəba Zönnuri Dağlıq Qarabağda hansısa İŞİD terrorçularının olmasına dair sərsəm fikirlər söyləməklə İranın bölgəyə müdaxiləsi üçün siyasi və hüquqi əsas yaratmağa çalışır. İranın bu şər kampaniyası aparmasının başlıca səbəbi isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən fars rejiminin narahatlıq keçirməsidir. Prezident İlham Əliyevin xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İranın ali lideri “Mehr news” agentliyinin müxbirinin də guya Qarabağda hansısa terrorçu qüvvələrin döyüşməsi barədə heç bir fakta söykənməyən təxribatçı sual verməsi də həmin çirkin təbliğatın tərkib hissəsidir.

İran rəsmilərini narahat edən digər məqam isə Türkiyənin Cənubi Qafqazda nüfuzunun artmasıdır. Bölgədə yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın formalaşmasında Türkiyənin mühüm rol oynaması, eləcə də Avropa və Asiyanı birləşdirən nəqliyyat, kommunikasiya qovşağına Ankaranın fəal iştirak etməsi İran rəsmilərini qıcıqlandırır. Tehran hakimiyyəti Türkiyə hərbi kontingentinin Dağlıq Qarabağda atəşkəsə nəzarət etməsini qəbul edə bilmir.

Ona görə də guya Suriyadan “İŞİD terrorçularının, təfrikçilərin Dağlıq Qarabağa gətirlməsi”nə dair M.Zönnurinin dedikləri 44 günlük müharibə zamanı Ermənistanın, Fransanın, eləcə də İranın bəzi dairlərinin Türkiyənin döyüşlərdə iştirak etmək üçün bölgəyə terrorçuları cəlb etməsi barədə ortaya atdığı dezinformasiyaları yenidən qabartmaq cəhdidir. Bununla da fars rejimi Türkiyəni qaralamaq, guya Azərbaycan ərazisindən İranın suverenliyi üçün təhlikə yarandığı barədə rəy yaratmağa çalışır.

Yəni İran öz qoşunlarını Dağlıq Qarabağa yerləşdirmək planlarını reallaşdırmaq üçün müxtəlif bəhanələr uydurur. Ancaq bulanıq suda balıq tutmaq cəhdi İranın öz əleyhinə işləyə bilər.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …