Elməddin Behbud,
jurnalist,
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri
Azərbaycan Xankəndi və ətraf ərazilərimizdə yaşayan ermənilərə qanunsuz olaraq yük daşıyan iki iranlı sürücünü bir neçə gün öncə ölkələrinə təhvil verdi. Bu, İranın son iki ayda ölkəmizə qarşı apardığı böhtan və təhdid kampaniyası fonunda önəmli güzəştdir. Ancaq bu addım qarşılıqsız olmadı. İİR-in Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti Təşkilatının baş direktoru Məhəmməd Hidayəti 9 oktyabr 2021-ci il tarixli XİN direktivinə istinad edərək, beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubunda rəsmi sərhədlər xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı daxilolmanın ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirildiyini bildirib.
İran bununla rəsmi olaraq qanunsuz rejimlə ticarət müqavilələrinin imzalanmasını və nəqliyyat şirkətlərinə bu bölgəyə yük daşımağı qadağan etmiş oldu. Əslində münasibətlərdə üst-üstə düşməyən detalların antoqonis ziddiyyət səviyyəsinə çatdırılmasına heç bir əsas və zərurət yox idi. Bildiyimiz kimi, 1813-cü ilə qədər hər iki ölkə (İrəvan və Naxçıvan 1828-ci ilədək) vahid dövlət olub. Hazırda da rəsmi Tehranın destruktiv mövqeyi olmasa ortaq qədim tarix və zəngin mədəniyyətə sahib Azərbaycan və İranın həmsərhəd ölkələr kimi təmas nöqtələri mübahisəli məqamlardan daha çoxdur.
İki ölkə arasında gərginlik Azərbaycanın İrana xəbərdarlığından sonra başladı. Azərbaycanın öncə qeyri-rəsmi, daha sonra isə rəsmi olaraq İrana çatdırdığı tələb əslində çox sadə və anlaşılan idi:
– Beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyümüzə hörmət göstərilməsi;
– Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki erməni terror qruplarına yardımdan imtina edilməsi;
– Mehriban qonşuluq münasibətlərinin pozulmasına yol verilməməsi.
İran isə Azərbaycanın tamami ilə təbii və haqlı tələblərinə öncə cığal uşaq, daha sonra isə düşmən dövlət kimi reaksiya verərək permanent xarakterli çox yanlış addımlar atdı:
– Heç bir əsas olmadan İranla həmsərhəd ərazimizdə İsrail hərbi bazalarının yaradıldığını iddia etdi;
– Azərbaycan dövlətini rəsmi şəkildə hədələməyə başladı;
– Ərazimizə hərbi zərbələr endirə biləcəyini bəyan etdi;
– Azərbaycanda özünə bağlı olan dini birlikləri dövlətimizin əlehinə ayağa qaldıra biləcəyini söylədi;
– Ölkəmizin ərazisində terrorçuların yerləşdirildiyini və bunun regionun təhlükəsizliyinə təhdid yaratdığını dedi;
– Ölkəmizlə sərhəd ərazilərinə böyük sayda qoşun yığdı, həmçinin, hiyləgər mahiyyətli ad altında hərbi təlimlərə başladı;
– Hava sahəsini Naxçıvan Muxtar Respublikasına hərbi təyinatlı uçuşlara bağladı;
– Azərbaycanın şərq hissəsinin Naxçıvanla və beləliklə strateji müttəfiqi olan Türkiyəylə birbaşa quru yol vasitəsi ilə əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün hərbi eskalasiyaya hazır olduğunu bildirdi və bu məqsədlə XİN səviyyəsində Rusiyaya səfər edərək Azərbaycan əlehinə birləşməyi təklif etdi;
-Vətən müharibəsi dövründə İranın Ermənistana yardım göstərməsinə haqlı olaraq etiraz edən azərbaycanlıları məhkəmə qarşısına çıxararaq cəzalar verdi;
-Azərbaycandan yan keçməsi üçün mövcud Gorus-Qafan yolunun bir hissəsinə alternativ yolun çəkilməsi üçün Ermənistana hərtərəfli yardımlar etməyə başladığını açıqladı.
İranın haqqında danışdığımız məsələ ilə bağlı Azərbaycana qarşı olan təsir mexanizmləri heç bir effekt vermədi. Azərbaycan yalnız İranın ərazilərimizə qanunsuz yükdaşımalara qadağa qoyması ilə bağlı müvafiq rəsmi qərarından sonra iranlı sürücüləri həbsdən azad etdi.
Doğrudur, ötən 30 ildə İranın Azərbaycana münasibəti heç zaman birmənalı olmayıb. Azərbaycan daxilində sabitliyin pozulmasını təmin edəcək müxtəlif qrupların (İranın İraq, Livan və Suriyada qurduğu təşkilatların daha mötədil formaları) formalaşdırılması, rəsmi Tehrana bağlı xüsusi xidmət orqanlarının davamlı olaraq Azərbaycan vətəndaşlarının inanc hisslərindən sui-istifadə edərək onları dövlətimiz əlehinə əməkdaşlığa cəlb etməsi cəhdləri, Xəzərin Azərbaycan sektorunda geoloji kəşfiyyat işləri aparan gəmilərimizə hücum edərək onların ərazidən kənarlaşdırılması və s. İranın Azərbaycana qarşı yumşaq desək qeyri-dost münasibətinin, aqressiv siyasət izləməsinin səbəbləri barədə çoxlu misallar çəkmək olar.
Hazırda Miçiqan Universitetində çalışan, 1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan prezidentinin siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutan Jirayr Liparityanın İranla bağlı söylədiyi bu fakt da İranın Azərbaycana münasibətini real boyalarla əks etdirir. Jirayr Lipartiyan açıqlamalarının birində bildirir ki, nə zaman Türkiyəyə səfərə gedib gəlirdimsə iki ölkənin – Rusiyanın və İranın səfiri mənimlə görüşə gəlirdilər. Görüşdə Türkiyə səfərim zamanı qarşı tərəflə müzakirə mövzuları, mənim ifadə etdiyim mövqe, dövlətimizin izləyəcəyi siyasət və s. barədə çoxlu suallar verirdilər. Bir dəfə İran səfirinə dedim ki, biz Türkiyə ilə münasibətləri normallaşdırmaq barədə düşünürük: “O mənə qayıtdı ki, siz nə danışırsınız, bəs “soyqırım” məsələsi necə olacaq? Bunu unutmağınız mümkündürmü?!”
Ən yaxşı halda Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın da ifadə etdiyi kimi, İran Azərbaycanla münasibətləri Ermənistanla bərabər səviyyədə tutmağa, heç bir qonşusuna üstünlük verməməyə çalışır. Amma cari ilin iyul ayından başlayaraq rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərinə müxtəlif təyinatlı yükdaşımalarla bağlı ölkəmizin etirazına verdikləri reaksiya iki ölkənin münasibətlərinə ciddi zərbə vurdu. Xarici ekspertlərin də etiraf etdiyi kimi İranın bu prosesdən qazanclı çıxması mümkünsüzdür. Müstəqilliyini bərpa etdiyi ötən 30 il ərzində İranla bağlı beynəlxalq sanksiyalara qoşulmayan, əksinə, ona iqtisadi imkanlarını artırmağa yardım edən, müştərək infrastruktur layihələrinə önəmli miqdarda vəsait ayıran, heç zaman bu ölkənin daxili işlərinə qarışmayan, hər zaman mehriban qonşuluq, tarixi və mədəni birlik ənənəsinə sadiq olan Azərbaycana qarşı demonstrativ şəkildə hörmətsizlik edən İranın “Bakı hökuməti”, “Bakı Cümhuriyyəti”, “İlham Əliyev dövləti” kimi ikrah doğuran xitablardan istifadə etməsi rəsmi Tehranın ölkəmizin əlehinə apardığı siyasətin üzərindəki nazik örtüyü də aradan qaldırdı. Bu da öz növbəsində Azərbaycanda işğalçılıq və terrorizm siyasəti həyata keçirən Ermənistana hərtərəfli yardım etmısi səbəbindən İrana neqativ münasibət bəsləyən kütlənin sayını daha da artırmış oldu.
Əslində isə İranın mənafeyi 10 noyabr Bəyannaməsindən sonra regionda yaranan yeni siyasi vəziyyətin memarı və qalib ölkə olan Azərbaycanla daha uzlaşdırıcı münasibət qurmağı və 3+3 yeni regional formatında iştirak edərək zəifləmiş (Azərbaycanın qalib ölkə olması İrandan asılığı demək olar ki, aradan qaldırmış oldu) mövqelərini qorumağı tələb edirdi. 10 noyabr Bəyannaməsinin birinci ildönümündə Paşinyan hakimiyyətinin Azərbaycanın Vətən savaşındakı zəfərindən sonra yaranmış yeni siyasi vəziyyətə uyğun olaraq Ermənistanı depressiya və qeyri-müəyyən vəziyyətdən xilas etmək üçün Azərbaycanla sərhədləri delimitasiya və demarkasiya etməyə, ölkəmizin ərazi bütövlüyünü tanımağa, Zəngəzur dəhlizini açmağa, nəhayət, yekun sülh sazişi imzalamağa hazır göründüyü vaxt İranın müqaviməti tamami ilə mənasız görünür. Biz isə ötən iki ayda ənənəvi hiyləgər və peşəkar İran diplomatiyasının əksinə olaraq Rəisi hökumətində Xarici İşlər naziri vəzifəsini tutan H. Ə. Abdullahian səviyyəsində Azərbaycana münasibətdə kobud paniranist və qarşı tərəfin təhdidlər fonunda geri çəkilməsinə hesablanan diletant siyasətin şahidi olduq.
İran beynəlxalq platformalarda da ictimai rəyi Azərbaycan əlehinə yönəltməyə çalışır. Oktyabrın 22-də İranın Rusiyadakı keçmiş səfiri Mehdi Sənai Putinə sual verərək Valday Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycanı bir daha terror şəbəkəsinin həlqəsi kimi təqdim etməyə çalışdı. Rusiya prezidenti V.Putinin təxribatçı suala verdiyi cavab isə İranda “soyuq duş” effekti yaratdı.
İran özünü hərbi, demoqrafik, iqtisadi resurslar etibari ilə Azərbaycandan çox güclü saymaqla yanaşı daxilindəki 30 milyondan artıq azərbaycanlını da unutmadı. Ona görə də hərbi təlimlərə “Xeybər fatehləri” adı verərək diqqəti əsas məsələdən yayındırmağa, azərbaycanlı vətəndaşlarının haqlı narazılığının qarşısını almaq üçün onları aldatmağa çalışdı. “Ettelat” nümayəndələri, həmçinin, güneyli milli fəalların bir çoxuna telefon açaraq güclərini Azərbaycan Respublikasına deyil, xəyali “İsrail bazalarına” qarşı səfərbər etdiyi mesajını verdilər. Amma bunların heç biri rəsmi Bakını İranı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa və erməni terrorçularına yardım etməkdən imtina etməyə çağırmaqda israr etməkdən çəkindirə bilmədi.
Ölkəmizdən asılı olmayan səbəblərdən İranla Azərbaycan arasında yaranan son gərginlik artıq azalmağa doğru getsə də rəsmi Tehranın qeyri-adekvat davranışlarının nəticəsində “qazandıqlarını” da diqqətdən kənarda qoymaq olmaz:
– Azərbaycan Prezidentinin işğaldan azad olunan Arazboyu ərazilərimizə səfəri zamanı İranla bağlı verdiyi “dostluq və qardaşlıq sərhəddi” mesajı rəsmi Tehranın antiazərbaycan siyasətinin təzahürü olan hərbi təlimləri ilə əlaqədar “dünya azərbaycanlıları sual edir” çağırışı ilə əvəzləndi. Dünyada ən çox azərbaycanlının yaşadığı ölkənin məhz İran olduğunu nəzərə alsaq bu sualın siyasi əhəmiyyəti daha aydın olar;
– İranın Azərbaycanın dövlət başçısı səviyyəsində Ermənistanın 30 il müddətində işğalda saxladığı ərazilərimiz vasitəsi ilə qurduğu beynəlxalq narkoticarət şəbəkəsinə “tamhüquqlu” şəriklik etməsi ifşa olundu;
– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İsraillə münasibətlərinə görə İranın təzyiq və təhdidlərinin yolverilməzliyini bildirdi və rəsmi Tehrana onmilyonlarla azərbaycanlı vətəndaşının onun “axilles dabanı” olduğunu xatırlatdı;
– Azərbaycanda İranın 5-ci kalonuna qarşı dözüm limiti başa çatdı və bu şəbəkənin təşkilati və media resursları ilə bağlı konkret addımlar atıldı;
– Səfirlik istisna olmaqla İranın Azərbaycanda təmsilçilik imkanları məhdudlaşdırıldı;
– İlk dəfə olaraq Azərbaycan Respublikasının vətəndaşı olan insan haqları müdafiəçiləri Vətən savaşı dövründə rəsmi Tehranın Ermənistana yardım etməsinə etiraz edən İran azərbaycanlılarının hüquq-mühafizə orqanları vasitəsi ilə cəzalandırılmasını pisləyərək beynəlxalq insan hüquqları təşkilatlarına müraciət etdi.
Qonşu, eyni zamanda onunla ikitərəfli və çoxtərəfli formatda normal münasibətlərə malik ölkənin ərazi bütövlüyünə açıq hörmətsizlik edən İran dünyanın bir çox media qurumlarının və ekspertlərinin diqqətini milli hüquqlardan məhrum etdiyi 40 milyonluq türk əhalisi üzərinə foksladı.
Postmüharibə dövründə baş verənlər onu göstərir ki, Azərbaycanın torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etməsi ermənilər qədər “İran milləti” və “ümmətçilik” qılıfında gizlənməyə çalışaraq Tehranda hakimiyyət sükanının arxasında əyləşən panfarsistləri də əndişələndirir. Yüksək rütbəli İran hərbiçilərinin və dövlət rəsmilərinin isterik açıqlamaları da bu səbəbdən qaynaqlanır. Ancaq qorxunun əcələ faydası yoxdur. Azərbaycan artıq müstəqilliyini yenicə bərpa etmiş, zəif, xarici təsirlərə qarşı müqavimət gücü olmayan dövlət deyil. “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində DTX-nin rəisi, general-polkovnik Əli Nağıyevin vurğuladığı kimi ölkəmizdə mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti bundan sonra da qətiyyətli tədbirlər görəcək. Azərbaycan artıq regionda diktəedici gücə malik dövlət, yeni siyasi arxitekturanın əsas aktorlarından biri kimi qəbul edilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin birbaşa Füzuli Beynəlxalq Hava Limanına eniş etməsi, İranın hərbi təlim adı altında Azərbaycana güc nümayiş etdirdiyi ərazidən bir neçə km aralıda – Zəngilanda görülən işlərlə tanış olması, İlham Əliyevlə birlikdə Zəngəzur dəhlizinin (Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu) təməlini qoyması gözünü hələ də Qarabağ kartından çəkməyən regional və qlobal güclərə “Şuşa Bəyannaməsi” ilə ən yüksək səviyyəyə çatdırılan Azərbaycan-Türkiyə ittifaqının hazırkı və gələcək hədəflərinin eyni olduğunun nümayişi oldu. Qarabağ və Şərqi Zəngəzurda başlanan işlər yaxın illərdə Qərbi Zəngəzurda tamamlanacaq. Azərbaycan və Türkiyə prezidentlərinin əlindəki açarlar isə rəmzi xarakter daşısa da həm də böyük siyasi mesaj idi: Qarabağın açarı Azərbaycanda, regionun açarı isə Türkiyə-Azərbaycan ittifaqındadır!