Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejimi xeyli yumşalma ilə mayın 31-dək uzadılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, ölkənin sərhədləri həmin müddətə qədər bağlı olacaq.
Xarici ölkələrdən gətirilən vətəndaşlar isə, əvvəlki kimi, 14-21 günlük karantində saxlandıqdan sonra evlərinə buraxılırlar. Əldə etdiyimiz məlumata görə, nəinki xarici ölkələrdən gətirilən vətəndaşlar, eləcə də Naxçıvan Muxtar Respublikasından Bakıya gələn ölkə vətəndaşları da karantində saxlanır. Ancaq Bakıdan Naxçıvana gedənlər üçün karantin tələbi qoyulmayıb. Qeyd edək ki, Naxçıvan koronavirusun yayılma statistikasına görə çox aşağı göstəriciyə malik bölgəmizdir. Yəni Azərbaycanın bəzi bölgələrilə müqayisədə orada yoluxma halları çox aşağıdır, o halda həmin bölgədən gələn Azərbaycan vətəndaşlarının karantinə salınması nə dərəcədə doğrudur?
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva mediaya açıqlamasında Naxçıvandan Bakıya gələnlər üçün azı 14 günlük xüsusi karantin müddətinin təyin olunduğunu təsdiqləyib:”Bildiyiniz kimi, hazırda ölkədə qüvvədə olan xüsusi karantin rejiminin tələblərinə əsasən rayonlardan Bakıya gediş-gəliş ancaq xüsusi icazə ilə mümkündür. Naxçıvandan gələnlər üçün isə, bəli, karantin müddəti nəzərdə tutulub”.
Əslən Naxçıvandan olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun özünə də bu barədə məlumatlar verilib: “Bilirsiniz ki, tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, aprelin 4-ə qədər olan müddətdə Azərbaycanın digər rayonlarından Bakı-Abşeron-Sumqayıta gəliş-gedişə ciddi məhdudiyyət vardı. Həmin vaxt ərzində Naxçıvan istiqamətində uçan təyyarə reysləri də təxirə salındı. Məndə olan məlumata görə, həmin müddət ərzində yalnız xüsusi icazə ilə həftə ərzində cəmi bir reysin uçuşuna icazə verilirdi. Mayın 4-dən başlayaraq bu rejim yumşaldıldı. Ola bilər ki, Naxçıvanla bağlı reyslərdə də bu müşahidə edilsin. İstənilən halda, Naxçıvandan Bakıya gələn vətəndaşlarımızın paytaxtda karantinə salınması doğru deyil. Bu qayda ancaq xaricdən ölkəmizə gələn vətəndaşlarımıza tətbiq oluna bilər. Naxçıvan iki xarici ölkə ilə gediş-gəlişə malikdir. Məlumdur ki, hazırda İran və Türkiyə ilə sərhədlərimiz bağlıdır. Bu da xaricdən Naxçıvan vasitəsilə kiminsə Bakıya gəlməsini də mükünsüz edir. Eyni məntiqlə yanaşsaq, onda digər rayonlardan Bakıya gələnlər üçün də karantin tətbiq olunmalıdır. Bu edilmirsə, onda bütün bölgələrlə bağlı eyni qərar olmalıdır. Nəzərə alsaq ki, Naxçıvanda koronavirusa yoluxma statistikası çox aşağıdır, bu qərarın mətiqi əsası yoxdur. Belə vəziyyətdə Naxçıvandan Bakıya ancaq vacib işləri olanlar gəlir. Onların da 14 günlük karantinə salınması əlavə çətinlik və sıxıntılara gətirib çıxarır. Qeyd edim ki, eyni addım Bakıdan Naxçıvana gedən vətəndaşlara tətbiq olunmur. Yəni onlar karantinə salınmırlar. İstərdik ki, Operativ Qərargah bu məsələni xüsusi nəzarətə götürüsün”.