Şənbə , 27 Aprel 2024
Drone Cameras

İstanbulda Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib

Türkiyənin İstanbul şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə Baş konsul Nərminə Mustafayeva, şəhərdə müalicəsi davam edən Vətən müharibəsi qaziləri, İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının bu ölkədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən hərbçilərimiz və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul N.Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu deyib.

Qeyd edilib ki, bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa dövrü əhatə etməsinə baxmayaraq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin Milli Ordusu, Milli Məclisi və bir sıra digər dövlət qurumları yaradıldı, şanlı Azərbaycan bayrağı və dövlət himni təsdiq edildi. Bu tarixin bizə qoyduğu ən böyük miras isə dili, dini, irqindən asılı olmayaraq hər bir vətəndaşa dəyər verməyimizdir.

Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Baş konsul, bunun heç də asan olmadığını deyib: “Ümummilli lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Hazırda onun başlatdığı bu yolu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır. İndi biz uğurlu, güclü Azərbaycanın vətəndaşları olmağın qürurunu yaşayırıq. Keçdiyimiz bütün bu yollarda isə qardaş Türkiyə daima yanımızda oldu”.

Digər çıxış edənlər də Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıb, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan Zəfərin bütün türk dünyasının qələbəsi olduğunu qeyd ediblər.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycanın milli musiqiləri və rəqsləri səsləndirilib, qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.

Check Also

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər. Boyukmillet.com xəbər verir …