Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

İtaliyanın daha dörd bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib

İtaliyanın Neapol şəhərinin San Paolo Bel Sito bələdiyyəsi, Kataniya əyalətinin Kastel Di İudika bələdiyyəsi, Molise əyalətinin Lonqano bələdiyyəsi və Kieti əyalətinin Kastel Frentano bələdiyyəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə, xüsusilə də Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş və yaralanmış Gəncə, Bərdə, digər rayonların sakinlərinin ailə üzvləri ilə həmrəylik nümayiş etdirən, habelə Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirilməsinə çağırış edən sənədlər qəbul ediblər.

Bu barədə  Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir. Habelə hərbi işğal dövründə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi, lakin bu sənədlərin heç birinə Ermənistanın məhəl qoymadığı vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənədlərdə son aylarda Ermənistanın məqsədyönlü şəkildə silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdığı, yeni müharibəyə hazırlaşmaq üçün hava hücumu sistemini intensiv şəkildə genişləndirdiyi və nəticədə 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı yeni hərbi təcavüzə başladığı, qəsdən mülki obyektləri və mülki şəxsləri hədəfə aldığı diqqətə çatdırılaraq 94-dən çox mülki şəxsin qətlə yetirilməsi, 407-dən çox mülki şəxsin yaralanması ilə nəticələnən Gəncə, Bərdə və sair şəhərlərin bombalaması qəti şəkildə pislənilir. 

Sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Eyni zamanda, sənədlərdə 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoymaq məqsədi daşıdığı qeyd olunur, həmin bəyanatın imzalanmasından dərhal sonra istər İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, istərsə də müvafiq qətnamə ilə İtaliya Parlamentinin Deputatlar Palatası tərəfindən alqışlandığı bildirilir.

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad edirlər.

Habelə sənədlərdə strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnoloji və səhiyyə sahələrində geniş əməkdaşlığın mövcud olduğu, öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğu, Azərbaycanın həmin ərazilərin bərpası və yenidən qurulması üzrə başlatdığı önəmli strateji planın italyan şirkətləri üçün yeni imkanlar yarada biləcəyi, bütün bu səbəblərə görə və iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün İtaliya hökumətinə müvafiq addımları davam etdirməyə çağırış edilir.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Kataniya əyalətinin Gravina di Kataniya bələdiyyəsi, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Avellino əyalətinin Montoro bələdiyyəsi, İserniya əyalətinin Rokkasikura bələdiyyəsi, Milan şəhərinin Korbetta Bələdiyyəsi tərəfindən də qəbul edilib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …